1918-ci il May ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti elan edilsə də dövlətin paytaxtı erməni-daşnak işğalı altında idi. Ona görə də, bir müddət yeni yaradılmış dövlətin paytaxtı Gəncə şəhəri oldu. Həmin dövr Bakıda ermən-daşnak dəstələri yerli əhaliyə divan tutur, özbaşınalıqlar edirdi. Ən qanlı qırğını isə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər qəzalarda etmişdilər. Həmin qırğınlarda dinc azərbaycanlı müsəlman əhaliyə amansız divan tutulub, soyqırımı siyasəti həyata keçirilib. Belə bir çətin şəraitdə I dünya müharibəsindən geri dönən Osmanlı ordu birləşmələri 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana, Bakıya gələrək şəhəri erməni-bolşevik işğalından azad etdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Onun sözlərinə görə, bununla Bakıda erməni-bolşevik işğalına son qoyuldu: "Bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Sözsüz ki, bu tarixi hadisə olmaqla yanaşı şərəfli bir missiyanın həyata keçirilməsi ilə baş tutan zəfər səlnaməsi idi".
Professor 1918-ci ildə erməni-bolşevik dəstələrinin müsəlman əhaliyə qarşı törətdiyi qətllər, soyqırımı və vandalizm aktlarından bəhs edib: “Böyüklərimiz, xüsusən də nənəm o dövrlərlə bağlı çox hadisələri danışardı. Deyirdi ki, Qafqaz İslam Ordusu gələnə qədər çox böyük çətinliklər yaşayıblar. 1918-ci ilin mart hadisələri zamanı Şaumyan daşnaklara deyib ki, “Maştağanı almasanız, Bakını işğal edilmiş saymayın”. Mart qırğınları zamanı Bakıda insanlara qarşı çox amansızlıqla divan tutulub. Hətta nənəm deyirdi ki, insanları divara mismarlayıb öldürüblər. Bakıya daşnakların hücumu zaman kişilər ailələrini məhz Maştağada saxlayıb bolşeviklərə-daşnaklara qarşı vuruşmağa qayıdıblar. Maştağa həndəvərində daşnakların hücumunu dəf edərkən babamın iki qardaşı şəhid olub. Türk ordusu gələnə qədər belə müsibətlər davam edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, Bakı və ətraf rayonlar erməni-bolşevik-daşnak dəstələrinin təcavüzünə məruz qalıb. Təbii ki, o dövrün mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyününün təmin edilməsi üçün özünün tarixi missiyasını həyata keçirdi. Beləliklə də Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycana qardaş köməyinə gəldi. 1918-ci ilin avqust-sentyabr aylarında Qafqaz İslam Ordusu Bakının işğaldan azad etmək üçün böyük əzm və şücaət nümayiş etdirdi. Nəticədə, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğalçılardan azad etməyə nail oldu”.
Millət vəkili həmin dövr Qafqaz İslam Ordusunun bir hissəsinin Nardaran, Bilgəh tərəfdən Bakıya daxil olduğunu bildirib: “Hətta türk paşası Maştağanın mərkəzinə gəlib çatanda deyib ki, “niyə gavurları qovmursuz”? Bolşevik-daşnaklara qarşı mübarizədə Qafqaz İslam Ordusuna Bakı, xüsusən Maştağada toplaşan qoçular, ayrı-ayrı adamlar böyük köməkliklər göstərib. Bizimkilər gecələr gedib düşmən toplarının lüləsinə qətran basarmışlar. Topların lüləsinə qətran basdıqda ondan atış etmək olmurmuş. Hətta bir daşnak zabitini un kisəsində əsir götürüb gətiriblər. Çünki Qafqaz İslam Ordusunun komandalığına bu əsirlərdən alınacaq məlumatlar vacib idi. Türklər ərazini tanımadıqlarına görə, bu işləri yerli insanlar həyata keçirirdilər. Buna baxmayaraq, düşmənlə mübarizədə itkilərimiz az olmayıb. Tanınmış Bakı qoçularından olan qoçu Əziz də orada şəhid olub”.
Deputat hesab edir ki, 15 sentyabr 1918-ci il Bakının azad edilməsi və Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarına köməyə gəlməsi tarixi zəfər günü və türk birliyinin açıq təzühürüdür: “Bu gün də bu birlik və qardaşlıq ən yüksək səviyyədə davam edir. Tarixi dəyərlər və missiya üzərində formalaşan bu birlik sonrakı dövrlərdə də daha böyük əzmlə davam etdirilib. Türk dünyasının tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci, bizim sevincimiz, kədəri kədirimizdir” deyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “bir milllət, iki dövlət” şüarını səsləndirib. Hər zaman qardaş Türkiyədən açıq dəstək görən Azərbaycan bütün məsələlərdə birlikdə addım atmağın bir nümunəsini bütün dünyaya nümayiş etdirib. Azərbaycan və Türkiyə qardaşlığı bu gün bütün dünya üçün bir örnəkdir. Dünyada bu iki dövlət qədər bir-birinə yaxın dövlət mövcud deyil. Bu qardaşlıq Azərbaycanın haqlı mübarizəsində də özünü nümayiş etdirdi. Azərbaycan Ermənistanın işğalı altında qalan ərazilərini azad etmək üçün 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyini hiss edib və qardaş ölkə sona ikimi bizim yanımızda olub. Müharibənin ilk saatlarından biz sona kimi qardaş ölkədən mənəvi-siyasi dəstək görmüşük”.
Eldar Quliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqlı mübarizəsinə verdiyi qiymət və dəstəyini xalqımız heç vaxt unutmayacağını söyləyib: “Qardaş ölkə prezidentinin çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycanın haqq savaşında qələbə qazanmasında mühüm rolu olub. Tarixi Şuşa Bəyannaməsi isə iki dost və qardaş ölkənin münasibətlərini daha yüksək səviyyəyə qaldırdı və münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə dəqər yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi bu gün Azərbaycan və Türkiyə bütün məsələlərə regional və qlobal proseslərdə vahid komanda şəklində hərəkət edir. Qardaş Türkiyə Vətən müharibəsindən sonra da bizim yanımızdadır. İşğaldan azad edilən ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində qardaş Türkiyə şirkətləri fəal yer alıb. Eyni zamanda hər iki ölkə bütün beynəlxalq platformalarda daima bir-birinin mövqeyini müdafə edir və bunu mənəvi bir borc hesab edir. Azərbaycan və Türkəyinin bu gün regional sülh və təhlkəsizlik üçün formalaşdırdığı mühit inkişafı, tərəqqini təmin etmək üçündür. Bu birlik regionun gələcəyi üçün mühüm əsas formalaşdırır”.