21 Sentyabr 2022 16:22
3 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Göyçə-Zəngəzur Respublikası” avantürasına mövqeyim çox kəskindir. Hesab edirəm ki, bu, açıq bir təxribatdır. Bunu ortaya atan adamlar ya olduqca savadsız, məlumatsız adamlardır, ya da ki, hansısa qrupun təxribatlarına xidmət edirlər. Ola bilsin ki, hansısa öllkənin xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etmək niyyəti də var.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O hesab edir ki, Azərbaycan dövlətinin belə bir siyasi məqsədi yoxdur:

“Dövlətimizin qarşıya qoyduğu məqsədlər içərisində əsas hədəf 2020-ci ilin 10 noyabrında imzalanan Bəyanatın bəndlərinin icrasıdır. Bu razılaşmanın müəyyən hissələri icra edilib. Amma razılaşmanın müəyyən bəndləri Ermənistanın təxribatçı, pozucu fəaliyyəti nəticəsində hələ də reallaşmayıb. Daha doğrusu, erməni tərəfi bu razılaşma ilə üzərinə düşən öhdəlikləri icra etməyib. Bu da Azərbaycan ərazisində hələ də qalmaqda olan erməni silahallılarını buradan çıxarılılması ilə bağlıdır. Ona görə də bütün tərəflər razılaşma ilə təsbit edilmiş öhdəlikləri mütləq yerinə yetirməlidir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi də daxil olmaqla digər kommunikasiya xətlərinin açılması kimi məsələlər həll edilməlidir”.

Komitə sədri Azərbaycanla Ermənistan arasında 10 noyabr 2020-ci ildən sonra Moskva, Brüssel formatında keçirilən görüşlərin nəticəsində əldə edilən razılaşmaların da əhəmiyyətinə toxunub:

“Azərbaycanın əsas hədəfi odur ki, Ermənistanla sərhəd məsələləri qısa zamanda öz həllini tapsın, qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımız öz yurd-yuvasına qayıtsın. Məhz bundan sonra isə bölgədə daimi sülhün təminatı üçün hüquqi baza formalaşsın”.

Musa Quliyev indiki həssas dönəmdə “Göyçə-Zəngəzur Respublikası” kimi absurd məsələlərin ortaya atılmasının təxribat məqsədi daşıdığını söyləyib:

“Bu icmadır, ya yox, dövlət qeydiyyatından keçib-keçməyib, bu da bilinmir. Eyni zamanda bu təşkilatın arxasında Qərbi Azərbaycandan olan nə qədər adam dayanır? Bu da bəlli deyil. Amma bilinən odur ki, bu, təxribatçı bir addımdır. Belə bir addımların irəli atılması, şüarların səslənməsi, təkliflərin sosial şəbəkələr üzərində paylaşılması Azərbaycanın Ermənistanla sülh prosesinə ciddi ziyan vura bilər. Bu eyni zamanda erməniləri yenidən həvəsləndirə, onları yenidən “status”, “respublika” kimi yanlış fikirlərə sövq edə bilər. İran və başqa dövlətlərin bu cür məsələlərdə əllərinə dəstəvüz vermiş olarıq. Onlar deyə bilər ki, Azərbaycan Ermənistan ərazisinin bir hissəsində "dövlət" yaratmaq istəyir. Ona görə də, bütün bunlar təxribatçı addımlardır. Belə addımlara qarşı hamımız etiraz etməliyik. Mən özüm də Qərbi Azərbaycandan olduğuma görə, təklifim odur ki, bu bölgə ilə bağlı bütün məsələlər, təəssübkeşlik ideyaları “Qərbi Azərbaycan” icmasının nəzdində müzakirə olunsun. O əraziyə qayıtmaq, orada yaşamaq arzusunda olan insanlarımız da bu icmanın ətrafında birləşsin”.

Millət vəkilinə görə, böyük sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ərazisində erməni əsilli şəxslərin yaşamasına razılıq olduğu halda, Ermənistan ərazisində də eyni statusda və hüquqda, buradan vaxtilə deportasiya olunmuş etnik azərbaycanlıların yaşamasına erməni tərəfi təminat verməlidir:

“Hesab edirəm ki, məsələ məhz bu cür qoyulmalıdır. Bunu da hökumətimiz etməlidir. Rizvan Talıbov kimi adamlar təxribatla məşğul olmamalıdır. Mən ümumiyyətlə bu adamı tanımıram. Onun yalnız sosial şəbəkələrdəki yazılarını görümüşəm və bu şəxslə heç bir kontaktım olmayıb. Bilmirəm də kimdir-nəçidir? Amma sonradan maraqlandırm ki, o dələduzluğa görə həbsdə yatmış adamdır. Onun yaratdığı təşkilatın da məqsədi çox guman ki, bu cür təxribat xarakterli fikirləri ortaya ataraq aranı qarışdırmağa xidmət edir. Burada ayrı bir şey görünmür”.


Müəllif: Tapdıq Qurbanlı