23 Sentyabr 2022 09:14
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın sərhəddə Azərbaycana qarşı son təxribatından sonra sülh prosesi dalana dirənmiş kimi görünür. Siz prosesin bundan sonrakı gedişatını necə proqnozlaşdırırsınız: bizi qarşıda nə gözləyir – sülh, yoxsa müharibə?

- Həqiqətən də Ermənistanın təxribatları davam etdirməsi, sülhdən yayınması və danışıqları gecikdirməsi prosesə kifayət qədər maneələr yaradıb. Amma ABŞ-ın vasitəçiliyi ilə Nyu-Yorkdakı görüşü, Avropa Birliyinin xüsusi nümayəndəsinin bölgəyə səfərini nəzərə alsaq, prosesin tam dayandığını demək doğru deyil.

Proses gedir, müəyyən nəticələrin əldə ediləcəyi ehtimalı hələ də qalır. Sadəcə Azərbaycandan fərqli olaraq, Ermənistanda maraq qrupları həddindən artıq çoxdur. Onlar bu prosesi ləngitmək və dalana dirəmək üçün Ermənistan rəhbərliyinə təsir göstərməyə çalışırlar. Bu qüvvələrin çox və xarici dairələrin təsiri altında olması, xüsusən də hakimiyyət daxilindəki və xaricindəki Rusiyaya bağlı bu qrupların prosesə müdaxilə etməsi maneələr yarada bilir.

Ermənistandan fərqli olaraq, demək olar ki, Azərbaycandakı siyasi qüvvələrin iqtidarlı-müxalifətli hamısının fikirləri eynidir. Azərbaycanda sülh prosesi və Ermənistana təqdim edilmiş 5 prinsiplə bağlı yekdil fikir var. Ermənistanda isə belə deyil, müxtəlif maraq qrupları prosesi ləngitmək üçün əllərindən gələni edirlər. Paşinyan və komandası prosesə tam nəzarət edə bilmir.

Rusiyanın başqa maraqları var. Moskva ABŞ və Avropa Birliyinin bu prosesdə önə çıxmasını, onun moderatorluğunun qarşısını kəsməsini istəmir. Rusiya bütün prosesin onun nəzarətində getməsində maraqlıdır. Bu da prosesin uzanmasına səbəb ola amillərdən biridir. Yəni top Ermənistan tərəfdədir.

Əgər Ermənistan sülh, dinc qonşuluq şəraitində yaşamaq və sərhədlərin toxunulmazlığını istəyirsə, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqlarını davam etdirməli, sərhədlər delimitasiya-demarkasiya olunmalıdır ki, bundan sonra yekun sülh sazişi imzalansın.

Bu, bölgədə dayanıqlı sülhün yeganə təminatçısıdır. İndiki məqamda bunu gecikdirən əsas amil Ermənistanın mövqeyi ilə bağlıdır.

- Rusiya və Avropa Birliyindən sonra ABŞ da fəallaşıb. Artıq dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nyu-Yorkda xarici işlər nazirləri arasında ilk görüş reallaşıb. Amma amerikalı spiker Nensi Pelosinin İrəvana səfərindən sonra Azərbaycanda ABŞ-ın obyektivliyinə olan inam xeyli azalıb. Belə olan halda Amerikanın səyləri necə nəticələnə bilər?

- Pelosinin səfərinin çox da şişirdilməsinin tərəfdarı deyiləm. Onsuz da bu insan noyabrda Konqresə seçkilərdən sonra Nümayəndələr Palatasının spikeri olmayacaq. Seçkilərdən sonra onun spiker olması ehtimalı sıfıra yaxındır. Respublikaçıların böyük fərqli qalib gəlməsi ehtimalı var. Amerikada keçirilən sorğuların nəticələri də bunu göstərir. Respublikaçılar ən azı 20 faiz Demokratlardan öndədir.

Aralıq seçkilərində Respublikaçılar Partiyasının Nümayəndələr Palatası, Senat və Konqresdə üstünlük qazanacağı ehtimalı çox yüksəkdir. Bu o deməkdir ki, spiker bu dəfə Respublikaçılardan olacaq.

Pelosinin bu səfəri də seçkilərə hesablanmışdı. Çünki Amerikada seçki təkcə səs yox, həm də pul yığmaq, ianələr toplamaqdır. Bu, gizli deyil. Seçki çox bahalı bir layihədir. Pelosinin səfəri də Amerikadakı ermənilərdən və erməni əsilli şəxslərdən pul toplanmağa hesablanmışdı.

Düzdür, Nümayəndələr Palatasının spikeri səviyyəsində olan bir şəxsin xoşagəlməz və obyektivliyə uyğun olmayan açıqlamaları olsa da, bunun Amerikanın mövqeyini əks etdirdiyini düşünmürəm. Dövlət Departamenti və prezident administrasiyasının mövqeyi daha önəmlidir. Buna görə də gördük ki, Pelosi İrəvanda səfərdə olarkən dövlət katibi Azərbaycan prezidentinə zəng vurdu, bundan sonra Nyu-Yorkda nazirlərin görüşü keçirildi. Hətta Britaniya kraliçasının dəfn mərasimində Prezident Baydenin yaxınlaşaraq hal-əhval tutduğu azsaylı nümayəndə heyətlərindən biri də Azərbaycan nümayəndə heyəti oldu. Mərasimdən sonra ABŞ prezidenti yaxınlaşaraq Azərbaycan parlamentinin spikeri ilə söhbət etdi.

- Ermənistanda anti-Rusiya atmosferinin qızışması da diqqətdən yayınmır. Ermənistan rəsmilər Rusiya və KTMT-dən gileylənirlər. Hətta Ermənistan hökumətinə yaxın media qurumları KTMT-dən çıxmaq məsələsini gündəmə gətirib. Bu kontekstdə Ermənistanı nə gözləyir?

- Əslində anti-Rusiya ab-havasının səbəbləri çox da dərində deyil. Bu gün də Ermənistan cəmiyyətinin böyük bir hissəsi 44 günlük müharibədəki məğlubiyyətin səbəblərini düzgün analiz və həzm edə bilmir. Hələ də düşünürlər ki, bu işdə Rusiyanın günahı var, onun Ermənistana dəstək və köməyi olmadı və s. Bu fikirdə olanların sayı çoxdur. Bu da Ermənistanda anti-Rusiya atmosferinin qızışmasına səbəb olan amillərdən biridir.

Qərb və ABŞ diplomatları da getdikcə Ermənistanı Rusiyadan aralamağa çalışırlar. Bunu açıq şəkildə bəyan da edirlər. Amma Ermənistanın bir reallığı da var. KTMT-dən çıxdıqdan sonra nə edəcək, onun təhlükəsizliyinə kim zəmanət verəcək? Bölgədə onun təhlükəsizliyinə zəmanət verə biləcək ölkələr Azərbaycan və Türkiyədir. Bunun üçün də KTMT-dən çıxmadan əvvəl Azərbaycan və Türkiyə ilə anlaşmalıdırlar.

Amma Rusiyanın Ermənistana o qədər təsir imkanları var ki, bu qurumdan çıxması real görünmür. Ən azı Rusiyanın bu ölkədə hərbi bazaları və sərhədlərini də rus qoşunları qoruyur. Ermənistan bu reallığı necə dəyişəcək?

Başqa bir məsələ də var. Lap Rusiyadan aralanmaq, Qərbə yaxınlaşmaq istəyirlər, axı bunun yolu Türkiyədən keçir. Siyasi, iqtisadi, sosial və logistik olaraq, Qərbə gedən yol Türkiyə üzərindədir. Türkiyə ilə və dolayısı ilə Azərbaycanla anlaşmadan bu yola çıxmaq mümkün deyil. Zənnimcə, Qərb də bunu anlayır. Buna görə də, ermənilərin inciklikləri daha çox publikaya hesablanıb. Yəni Rusiyaya təsir etməkdir ki, kömək etsin.

Bir sözlə, indiki şərtlər daxilində Ermənistanın Rusiyanın orbitindən çıxması mümkün deyil. Ola bilsin ki, gələcəkdə vəziyyət dəyişsin, Rusiya-Ukrayna müharibəsi ətrafındakı durum fərqli məcraya yönəlsin, o zaman bunun üçün zəmin yarana bilər. Amma indi mümkün deyil. Şərtlər dəyişsə belə, dediyim kimi, Ermənistanın Qərbə inteqrasiyası Azərbaycan və Türkiyə ilə anlaşmadan mümkün deyil.

- ABŞ-ın son dövrlərdəki addımları da diqqət çəkir. Çin və Tayvan arasında gərginlik yaradan ABŞ digər yanda Ukraynadakı müharibənin uzanacağında maraqlıymış kimi görünür. Eyni zamanda, Cənubi Qafqazda Ermənistanı Azərbaycana, Egey və Aralıq dənizlərində isə Türkiyəyə qarşı Yunanıstanı müdafiə edir. Amerika nə etməyə çalışır?

- Təbii ki, Amerikanın öz maraqları var. Burada onun üçün nə Ermənistan, nə də Azərbaycan önəmlidir, ABŞ öz maraqları çərçivəsində davranmağa çalışır. Bu maraqların realizə olunması isə təəccüb doğurur. ABŞ-ın Kissincer kimi müdrik və ağıllı insanları 50 ildən çoxdur deyirlər ki, Amerika elə etməlidir, Rusiya ilə Çin bir-birinə yaxınlaşmasın. Amma Qərb hər şeyi etdi ki, Rusiya və Çin bir-birinə daha da yaxınlaşsın. Bu mənada, bəzən atılan addımların məntiqini anlamaq çətindir.

Ola bilər ki, daha uzun müddətə hesablanmış addımlardır, amma indiki məqamda bunun Qərb və ABŞ-ın maraqlarına cavab verib-vermədiyi məlum deyil. İndi görünən budur ki, bu addımlar Rusiya və Çini yaxınlaşdırır, Türkiyə kimi önəmli müttəfiqini incik salır. Cənubi Qafqazda da Azərbaycan kimi strateji müttəfiqi, iqtisadiyyatı Avropaya inteqrasiyada olan bir dövləti incitməkdənsə, onunla sıx əlaqələrin qurulması daha məntiqlidir.

Ən azı son zamanlarda atılan addımlarda məntiqsizlik zənciri görünür. Ola bilər ki, noyabr seçkilərindən sonra ABŞ-ın Cənubi Qafqaz, Çin, Türkiyə, hətta Rusiya ilə bağlı siyasətində dəyişiklik olsun. Çünki Respublikaçıların bir çox məsələlərə baxışları daha fərqlidir.

- Yunanıstan və Türkiyə arasında gərginlik var. Münasibətlərin gərildiyi vaxtda ABŞ-ın Yunanıstanda baza qurması və buradakı hərbi qüvvələrini artırması diqqətdən yayınmır. Artıq Türkiyədən bu ölkəni qarşıdurmaya çəkmək istəyənlərin olduğu fikirləri səsləndirilir. İki ölkə arasında yeni müharibə ehtimalı nə qədərdir?

- Baş verənlər daha çox daxili siyasətlə bağlı atılmış addımlara oxşayır. Çünki Yunanıstanda da, Türkiyədə də seçki dönəmidir. Gələn il hər iki ölkədə seçkilər keçiriləcək. Yunan və türk cəmiyyətləri uzun illərdən bəri rəqabətə əsaslanan siyasətə daha çox səs verirlər. Məsələyə bu yöndən də baxmaq olar. Ona qalsa, ABŞ-ın Yunanıstandan qabaq İncirlikdə hərbi bazası var.

Yunanıstan və Türkiyə arasında birbaşa hərbi toqquşma mümkün deyil. Ən azı ona görə ki, hər ikisi NATO üzvüdür. Onların müdafiə sistemləri, təyyarələri və digər silahları bir-birini tanıma sisteminə malikdirlər. Yənə bir-birinə atəş açmırlar. Bu baxımdan, maksimum yüngül silahlarla bir-birinə atəş aça bilərlər, ikisini də NATO üzvü olduğunu nəzərə alsaq, ağır silahların istifadəsi çox çətindir.

Buna görə də açıq qarşıdurmanın olacağı ehtimalı sıfıra yaxındır. Eyni zamanda, Yunanıstanın Türkiyə ilə üz-üzə gəlməsi üçün gücü, qüdrəti də yoxdur. Afinada anlayırlar ki, Türkiyə qarşısında heç bir həftə davam edə gətirə bilməzlər. Bu baxımdan, baş verənlərin daxili auditoriyaya hesablandığı ehtimalı yüksəkdir.

Amerikanın Yunanıstandan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri də açıq görünür. Çünki Suriya, İraq, Liviya və bir sıra digər məsələlərdə ABŞ-ın mövqeyi Türkiyə ilə üst-üstə düşmür. İndi də Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün müxtəlif vasitələrdən təzyiq kimi istifadə etmək qərarına gəliblər. Bunlardan biri də Yunanıstandır. Amma Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bir sıra məsələlərdə ABŞ-la anlaşmaq üzrədirlər. F-16-ların alınması ilə bağlı məsələ, demək olar ki, həllini tapıb. Yəni baş verənlərə daha qlobal kontekstdə baxmaq lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər