27 Sentyabr 2022 14:06
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “Dəmir yumruq” olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Bu möhtəşəm qələbə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, Vətən müharibəsi qəhrəmanlarına dərin hörmət əlaməti olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr Azərbaycan Şəhidlərinin Anıma Günü kimi qeyd edilir:

“Dövlətimizin bu addımı şəhidlərimizin, qəhrəmanlarımızın ruhuna, onların doğmalarına göstərdiyi dərin hörmət və ehtiramın ən bariz göstəricisidir. Hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qazanılmış bu qələbə nəticəsində dövlətçilik, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanıb. Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqq və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi. Ötən 200 illik tarixi dövrdə Azərbaycan xalqı müxtəlif vaxtlarda erməni təzavüzkarlarının, vandallarının etnik təmizləmə siyasətinə məruz qalıb. Tarix, Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin şahidi olub. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edib. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib".

Tamam Cəfərova Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesinin sovet dövründə də davam etdirildiyini vurğulayıb:

“1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmış, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurub. 30 ilə yaxın davam edən işğal dövrü ərzində Ermənistan işğalçı siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açıb, onların rahat yaşamasına imkan verməyib”.

Deputat hesab edir ki, Azərbaycan tərəfi 2016-cı il aprel döyüşlərində, 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Ermənistanın təxribatlarına cavab olaraq qarşı tərəf vurmuş olduğu sarsıdıcı zərbə işğal faktı ilə heç vaxt barışmadığını açıq şəkildə nümayiş etdirib:

“Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayıb, Azərbaycana qarşı təxribat-diversiya hərəkətlərini davam etdirib. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatı dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti nəticəsində ermənilərin və havadarlarının bölgədəki siyasəti iflası uğradı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu. Düşmən üzərində qazanılmış qələbə nəticəsində Azərbaycan xalqının ictimai şüuru yeni inkişaf mərhələsinə qədəm qoydu. Artıq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dərk edir ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Bizlər artıq bütöv Azərbayacanın vətəndaşlarıyıq. Bu gün yaşadığımız qürur və fəxarət hissini Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə, qəhrəman hərbiçilərimizə borcluyuq. Bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”.


Müəllif: Tapdıq Qurbanlı