Politoloq Elşən Manafov Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ Ermənistan-Azərbaycan məsələsi ilə əlaqədar indiyədək görülməmiş formada fəallaşıb. Az qala hər gün Amerikadan bununla bağlı açıqlama verilir, tez-tez İrəvandan Vaşinqtona səfərlər edilir. Dövlət Departamentindən verilən son açıqlamada ABŞ-ın hədəfinin Ermənistan və Azərbaycan arasında birbaşa təmasların qurulması olduğu bildirilib. ABŞ bu açıqlamasında nə qədər səmimidir və ya onun bölgə ilə bağlı hədəfi nədir?
- ABŞ-ın bölgə ilə bağlı maraqları bəllidir. Amerika Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə yaratdığı yeni geosiyasi reallıqları hədəfə alıb və bunu dəyişdirmək istəyir. Bu da təkcə Amerikanın bölgə ilə bağlı yox, həm də yeni dünya nizamı ilə bağlı iddialarından irəli gəlir. Əslində ABŞ və Rusiya arasında Ukraynada yaşanan qarşıdurmanın səbəbi tərəflərin yeni dünya nizamı ilə bağlı məlum layihələrə fərqli yanaşmalarıdır. ABŞ Cənubi Qafqazda da eyni mövqedən çıxış edir. Buna görə də ABŞ Bakının mövqeyinə baxmayaraq, onunla razılaşdırmadan dövlət katibi səviyyəsində ATƏT-in Minsk qrupunun timsalında həmsdərlik institutunu bərpa etməyə çalışır, Amerikanın üçüncü şəxsi İrəvana gəlir və orada açıq şəkildə bəyan edir ki, Paşinyan öz seçimini etməlidir: ABŞ, yaxud Rusiya. Eyni zamanda, bildirir ki, ABŞ Ermənistana hər cür yardımı göstərməyə hazırdır. Təbii ki, bunun da arxasında ABŞ-ın bölgə ilə bağlı geosiyasi maraqları dayanır.
ABŞ-ın Minsk qrupunu bərpa etmək səylərinə gəldikdə, burada əsas hədəflərdən biri yenidən Qarabağ məsələsini Ermənistanla Azərbaycan arasında müzakirə masasına qaytarmaqdır. Azərbaycanın mövqeyi bəllidir: artıq Qarabağ münaqişəsini həll etmişik və bu, bizim daxili işimizdir. Əgər ABŞ Azərbaycanın bununla bağlı mövqeyini nəzərə almayaraq, Minsk qrupunu bərpa etməyə çalışırsa, bu, birbaşa suverenliyimizə təhdid deməkdir. Halbuki həmin ABŞ Azərbaycanla Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edir, beynəlxalq terrorizmlə mübarizədə Bakının tutduğu mövqeyi dəstəkləyir və s. Amma ABŞ-ın bu məsələdə tutduğu mövqe Azərbaycanın maraqlarına cavab vermir.
ABŞ-ın uzun illərdən bəri Minsk qrupunun digər həmsədr dövlətləri ilə birlikdə xristian təəssübkeşliyindən çıxış edərək Ermənistanı dəstəkləməsi bir məsələ idisə, indi İrəvanı imzalanmış anlaşmalardan boyun qaçırmağa sövq etməsi tamam başqa məsələdir. ABŞ bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması ilə bağlı bir söz demir. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı da həmin mövqeyi sərgiləyir. Dediyim kimi, ABŞ-ın bu fəallığı bölgə ilə bağlı geosiyasi maraqlarından qaynaqlanır. Əsas hədəflərinə də Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Ermənistanda Paşinyan hakimiyyətinin mövqelərini gücləndirmək və Moskvanın perspektivdə onu devirmək planlarını önləmək və s. məsələlər daxildir.
- Ermənistan-Azərbaycan sərhədində monitorinq aparmaq üçün İrəvana gələn KTMT baş katibi Stanislav Zas bu ölkəni vaxtından əvvəl tərk edib. Məlum olub ki, Baş nazir Nikol Paşinyan onunla görüşməli olduğu halda gözlənilmədən Nyu-Yorka gedib, Zas da bundan sonra işini yarımçıq qoyaraq geri qayıdıb. Zasla görüşdən imtina edən Paşinyanın NATO baş katibi Yens Stoltenberqlə görüşü də diqqət çəkib. Ermənistan baş nazirinin bu addımı nə ilə nəticələnə bilər və ya o, niyə belə etdi?
- Yeri gəlmişkən, Paşinyan Səmərqəndə getməkdən də imtina etmişdi. Çünki Paşinyan bilirdi ki, ən azı sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanın istədiyi sənədi imzalamaq məcburiyyətində qalacaqdı. Paşinyan bundan və Prezident İlham Əliyevlə görüşməkdən yayınmaq üçün Səmərqəndə getmədi. Bu azmış kimi Paşinyanın özü Fransaya gedir və Təhlükəsizlik Şurasının katibini danışıqlar üçün ABŞ-a göndərir. Əslində Paşinyan aşkar formada Rusiyaya göstərir ki, birmənalı şəkildə Qərbin adamıdır. Bu isə Rusiya baxımından onun və Ermənistanın lehinə olmayan faktordur. İndi Paşinyan və bütün ermənilərin çağırışlarına baxmayaraq, Rusiya və KTMT ona kömək etmək istəmir.
Paşinyan növbəti dəfə Rusiyaya qarşı səhvlərini təkrarlayır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son müsahibəsində bildirdi ki, Paşinyan yaxın günlərdə Azərbaycan və Türkiyə ilə ən azı sərhəd məsələsinə aydınlıq gətirməsə və sülh müqaviləsinin imzalanmasına getməsə, bu, Ermənistanın özünün dövlətçiliyini sual altında qoyacaq. Petrosyan onu da deyir ki, bütün hallarda sülh müqaviləsinin imzalanması erməni xalqı tərəfindən “xəyanət” kimi qiymətləndiriləcək.
Bir sözlə, Paşinyan çox ağır seçim qarşısındadır. Paşinyana həm də ABŞ təzyiq edir. O, Amerikanın adamıdır, onun dəstəyi ilə hakimiyyətə gəlib. Amma bölgədəki reallıqları nəzərə alaraq, aşkar formada Amerikanın xeyrinə revanşlar edə bilmir. Burada həm də Rusiya faktorunu nəzərə alır.
Paşinyanı Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və Türkiyə ilə anlaşmadan boyun qaçırmağa vadar edən başqa bir amil də, Ermənistandakı radikal millətçi kəsimin onun üzərinə gələ biləcəyi ehtimalıdır. Bu kimi amillər Paşinyanı manevr etməyə sövq edir. Amma bu manevrlər perspektivdə ona və komandası üçün ağır nəticələr verəcək.
- Hazırkı situasiyada Ermənistan və Azərbaycan sülhdən çox uzaq görünür. Paşinyan BMT Baş Assambleyasındakı çıxışında sülh gündəliyini baltaladı. Belə olan halda, sizcə, bizi qarşıda nə gözləyir?
- Təbii ki, proseslərin bundan sonrakı gedişatının hansı istiqamətə dönəcəyi təkcə Paşinyan iqtidarının qəbul edə biləcəyi qərardan asılı deyil. Hərçənd Paşinyanın belə bir qərarı gedişata ciddi təsir göstərə bilər. Çünki indiki halda Ermənistanın adından və ABŞ-la danışıqlarda qərar verə biləcək şəxs Paşinyandır. Eyni zamanda, verdiyi qərarlara görə Rusiya-Ermənistan münasibətlərində yarana biləcək gərginlikdən məsuliyyət daşıyacaq şəxs yenə də özüdür.
Paşinyanın yeganə çıxış yolu Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsip ətrafında Azərbaycanla danışıqlara getməkdir. Danışıqların sonunda əldə ediləcək müsbət nəticə təkcə Ermənistan üçün ciddi önəm kəsb etməyəcək, həm də bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına öz töhfəsini verəcək. Bunda da bütün bölgə dövlətləri maraqlıdır. Paşinyan bilməmiş deyil ki, “Altılıq” formatının inkişaf etdirilməsi Azərbaycanla yanaşı, Türkiyə və Rusiyanın da maraqlarına uyğundur.
ABŞ regiondan xeyli uzaqdır. Bununla belə, ABŞ bölgədəki maraqlarını qorumaq və Mərkəzi Asiyada Rusiya ilə mümkün qarşıdurma kontekstində Ermənistandakı vəziyyəti də nəzarətində saxlamaq istəyir. Amma məsələ budur ki, Ermənistan Ukrayna deyil, coğrafi olaraq Avropadan xeyli uzaqdır. İkincisi, Ukraynadan fərqli olaraq, Rusiyanın Ermənistanda kifayət qədər siyasi, iqtisadi və hərbi təsir rıçaqları var. Üçüncüsü, Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur və ABŞ bunu nəzərə almamış deyil. Dördüncüsü, bütün bunların fonunda ABŞ-ın maliyyə fondları hələlik Paşinyana ciddi maddi dəstək vermirlər. Bəlkə də həmin maliyyə institutları Ermənistanın problemlərinin həlli üçün lazım olan kreditləri versəydilər, Paşinyan buna gedərdi.
Rusiyanın real təzyiq imkanları və Ermənistan daxilindəki radikal kəsimin çevriliş hədəsi Paşinyanın Vaşinqtonla münasibətlərini real müstəviyə gətirməyə imkan vermir. Bütün hallarda Ermənistan adından qərar verə biləcək yeganə şəxs Paşinyandır. Bu mənada, onun danışıqlar naminə danışıqlara getmək meyli və davamlı manevrləri hakimiyyəti üçün ciddi fəsadlar verə bilər. Təbii ki, Rusiya Paşinyanın Ermənistanı ondan uzaqlaşdırmaq səylərini cavabsız qoymayacaq.