27 Sentyabr 2022 21:14
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Media haqqında” Qanunda nəzərdə tutulan əsas məqamlardan biri də məhz Media Reyestrinin yaradılmasıdır. Təsadüfi deyil ki, qanunun müzakirəsi zamanı ən çox üzərində durulan məsələ də Media Reyestri ilə bağlı idi. Bununla bağlı müxtəlif fikirlər səsləndirildi. Vurğulamaq lazımdır ki, beynəlxalq praktikada belə bir təcrübə var və bir çox ölkələrdə uğurla tətbiq olunub. Media Reyestrinin yaradılması, əslində, media mühitimizdə mövcud olan bir neçə problemin həllinə kömək edə bilər.

Bunu Teleqraf.com-a Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

Onun fikrincə, ilk növbədə, peşəkar media qurumları arasında sağlam rəqabət mühiti yaranacaq: “Belə bir rəqabət istər-istəməz media mühitinə canlanma gətirəcək. Digər tərəfdən, Media Reyestrinin fəaliyyəti Azərbaycan media subyektlərinin statistikasının aparılması ilə bağlı problemin həllinə kömək olacaq. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən peşəkar media qurumlarının və jurnalistlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu baxımdan, Media Reyestrinin yaradılması müəyyən dəqiqliyin əldə edilməsinə səbəb ola bilər. Media Reyestri Azərbaycan media mühitinə müəyyən sistemliliyin gətirilməsinə təkan verəcək. Bu gün media quruluşu adına iddialı olan subyektlər çoxdur. Lakin onlar nə dərəcədə real olaraq media subyekti hesab edilə bilərlər? Hər halda reyestr bu məsələyə də aydınlıq gətirəcək”.

Vüqar Zifəroğlu bildirib ki, Media Reyestrinə düşmək üçün müəyyən şərtlər və tələblər irəli sürülüb: “Bu tələblərdən biri media qurumları qarşısında orijinal kontentlə bağlı olan müəyyən həddin qoyulmasıdır. Bu tələb indiki məqamda bir çox peşəkar ciddi media qurumlarının haqlı olaraq narazılıq etdikləri plagiat və “copy-paste” probleminin aradan qaldırılmasına yol açacaq. Ən vacib məqam isə ondan ibarətdir ki, sözügedən tələb orijinal və rəngarəng kontentin isthesalına imkan yaradır. Beləliklə, media quruluşlarımızda daha çox orijinal xəbərlərə rast gəlinəcək, eksklüziv açıqlamalarla tanış olmaq, daha çox müəllif yazıları və mövzu müxtəlifliyi müşahidə etmək mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər