30 Sentyabr 2022 18:05
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Ermənistan baş nazirinin Azərbaycanla sərhədə Qərbdən olan tərəfdaşların təhlükəsizlik qüvvələrinin yerləşdirilməsilə bağlı açıqlaması var. Rusiyanın bu məsələ ilə bağlı cavabı da çox gecikməyib. Necə düşünürsünüz xarici müşahidəçilərin bölgəyə gəlişi hansı halda mümkün ola bilər?

- Bu məsələdə Rusiyanın vermiş olduğu cavab qanunauyğundur. Çünki Ermənistan ərazisində Rusiyaya məxsus 4 hərbi baza var. Eyni zamanda Ermənistan daxilindəki bütün sənayə obyektləri Ermənistanın Rusiyadan aldığı hərbi borclara görə rus sahibkarlara satılıb. Bununla yanaşı Ermənistan sərhədlərini də Rusiya sərhəd xidməti mühafizə edir. Belə halda Rusiya özünün strateji maraq dairəsinə daxil olan bir əraziyə başqa bir qərb ölkəsinin daxil olmasına razılıq verməyəcək.

- Bəs Ermənistanın öz ərazisindən rus hərbi bazalarını çıxarılması ilə bağlı israrlı davranışı nəyə səbəb ola bilər?

- Belə olan halda Rusiya Ermənistandan böyük miqdarda təzminat tələb edə bilər. Bunu Ermənistanın verməyə təbii ki, gücü çatmayacaq. Son zamanlar Ukrayna müharibəsi fonunda dünyanın bütün nöqtələrində Rusiya ilə qərb ölkələri, ilk növbədə isə ABŞ-la ciddi rəqabət də yaranıb. Bu baxımdan rəqabət prosesində Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması ideyası var. Ermənistan da bunu müdafiə edir. Amma ümumilikdə bölgəyə ABŞ və yaxud Fransanın sülhməramlı qüvvələrinin gətirilməsi o qədər də asan baş tutan məsələ deyil.

- Azərbaycanın bu məsələyə yanaşması ilə bağlı hansı proqnozlar var?

- Azərbaycan da buna çətin ki, razı olsun. ABŞ və Fransa bu bölgəyə gəlməmiş birmənalı olaraq Ermənistanı müdafiə edirlər. Onlardan tərəfsiz mövqe görünmür. Ümumilikdə isə tərəflərdən birinin razı olmaması və bütövlükdə Ermənistanın Rusiyadan tam asılı vəziyyətdə olması səbəbindən ABŞ və Fransa sülhməramlılarının bu bölgəyə gətirilməsi mümkünsüz görünür.

- Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı əldə edəcəklərini açıqlayıb. Bunu Zəngəzur dəhlizinin açılması kimi başa düşmək olarmı?

- Azərbaycanla Ermənistan arasında açılması nəzərdə tutulan kommunikasiya xətləri çoxdur. Bu təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil. Qazaxdan-İcevana, Gümrüdən-Qarsa qədər açılması nəzərdə tutulan yollar var. İndi Azərbaycan-Türkiyə eləcə də, Ermənistan arasında əsas mübahisə mənbəyi Zəngəzur dəhlizidir. Bu dəhliz sovet dövründə də mövcud olub. Buradan dəmir və şosse yolu keçib. Moskva-Tehran qatarları da bu yoldan istifadə edib. Ona görə də Azərbaycan və Türkiyənin əsas tələbi köhnə Zəngəzur dəhlizinin açılmasıdır.

- Ermənistan tərəfinin sülh və əməkdaşlıqdan danışması fonunda bu ölkənin müharibəyə hazırlaşması, silah tədarük etməsi ilə bağlı da informasiyalar dolaşır. Yeni müharibə təhlükəsini necə qiymətləndirirsiniz?

- İndi ermənilər dəridən-qabıqdan çıxırlar ki, ordu quruculuğunu sürətlə aparsınlar. ABŞ-a, Fransaya bununla bağlı erməni tərəfinin müraciətləri var. Amma Ermənistan ordusu 44 gündə elə bir zərbə alıb ki, bunu yaxın 5-7 ildə ərzində bərpa etmək mümkün olmayacaq. Bu müddətdə təbii ki, Azərbaycan Ordusu daha da güclənəcək. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri standartalarına uyğunlaşması başa çatıb. Ordumuzun sayı və hərbi kontingenti genişlənir, yeni silahlarla təchizat həyata keçirilir. Bütün bunların fonunda Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə rəqabət aparmaq imkanları olduqca zəif görünür.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün olması planlaşdırılır. Ermənistanın təxribatları fonunda iki ölkə arasında diplomatik təmaslar da artıb. Bunu münasibətlərdə hansısa bir ümidverici hal kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- II Qarabağ müharibəsindən sonra Rusiya iki ölkə arasında sülhyaratma prosesində çox fəal idi. Moskva formatında baş tutan görüşlər fonunda iki ölkə arasında atəşkəs rejiminə ciddi əməl edilirdi. Bu, sülhün yaranmasına kömək edirdi. Bunun ardınca isə sərhədlərin dəqiqləşməsi, kommunikasiya xətlərinin açılması məsələləri müzakirə edilirdi. Rusiyanın bu məsələdə də vasitəçilik səyləri müəyyən ümidlər yaratmışdı. Amma Rusiya-Ukrayna müharibəsi fonunda prosesdə ləngimələr yarandı. Belə olan halda təşəbbüsü Avropa İttifaqı ələ almağa çalışdı. Məhz Aİ-nin Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan-Ermənistan liderləri arasında 4 görüş baş tutdu. İndiki şəraitdə isə vasitəçilik missiyasında daha çox ABŞ fəal görünür. Təsəvvür yaranır ki, ABŞ sülhyaratma prosesini ələ almağa çalışır. ABŞ Avropa İttifaqının sülhyaratma missiyasını alqışladığını bildirsə də, özü də təkbaşına Azərbaycanla Ermənistan arasında diplomatik aktivliyini gücləndirib. Çexiyada sülh problemlərinə həsr edilmiş beynəlxalq təhlükəsizlik konfransı keçiriləcək. Yayılan xəbərlər odur ki, Paşinyan orada yeni sülh təklifləri ilə çıxış etməyi planlaşdırır. Həmçinin burada Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşünün olması proqnozlaşdırılır. Sözsüz bölgədə sülh üçün qlobal güclər prosesə qoşulsalar da, onların regiona hakim olmaq uğrundakı yarışmaları çox zaman işə əngəllər yaradır. Bununla da prosesin irəliləməsi ləngiyir. Ona görə də bu məsələ ilə bağlı müxtəlif axtarışlar gedir. Hər halda qarşıdakı dönəmdə müsbət hadisələrin olacağını proqnozlaşdırmaq olar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər