3 Oktyabr 2022 18:20
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqilliyimizin ilk illərində ölkədə baş verən anarxiya, xaos Azərbaycanı yox olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çıxılmaz şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi inkişaf və tərəqqi yoluna çıxardı. 29 il əvvəl ulu öndər qatılmış olduğu seçkidə yekdilliklə xalqın dəstəyini qazandı. Bununla da Azərbaycan dövləti özünün müstəqilliyinə, inkişafına aparan yolda ilk addım atıldı. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq ulu öndər Heydər Əliyevin misilsiz xidməti sayəsində mümkün olub.

Bunu Teleqraf.com-a Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor 1991-1993-cü illərdə Azərbaycanda mövcud hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmədən bəhs edib:

“Ölkəmizin suveren mövcudluğuna təhlükə yaradan bütün hadisələr o zaman dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1993-cü ildə ulu öndərin qayıdışı və ölkə prezidenti seçilməsi nəticəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzülün qarşısı alındı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirir, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə balanslaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib”.

Millət vəkili hesab edir ki, ümummilli liderin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi: “O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Vaxtı ilə doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün qayğıları, problemləri onun gündəlik qayğısına çevrilmişdi. Onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olub. Bu sənəd Azərbaycanın yenidən səfərbər olması, ölkədə sabit inkişaf etməsi, güclü və peşəkar ordu qurması, iqtisadi imkanlarının artırması üçün mühüm məsələ idi. Ümummilli lider həm də tarixi varislik prinsipini həyata keçirirdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında qəbul edilən qərarları yenidən gündəmə gətirərək, ən mühüm Fərman və Sərəncamları həmin dövrün tarixi davam kimi təsdiqləyirdi. Eyni zamanda, xalqımıza qarşı törədilən erməni soyqırımı hadisələrinə siyasi-hüquqi qiymət verdi, “31 mart Azərbaycanlıların soyqırımı günü” elan olundu. 1995-cu ildə qəbul olunmuş müstəqil dövlətimizin ali sənədinin- Konstitusiyanın müəllifi Heydər Əliyev idi. Bütün bunlarla yanaşı ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublukamızda müvafiq qanunlar qəbul edilib. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına yenidən təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulub. Ölkədə qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Əmək, Ailə və Mülki Məcəllələrdə qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət sahəsində yeni hüquqları öz əksini tapdı. Onun 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir”.

Komitə sədrinə görə, ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi:

“Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatları, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğvi və digrə demokratik təşəbbüslər həyata keçirildi. O, müstəqil dövlətimizin əbədi yaşaması, ərazi bütövlüyümüzün bərpası üçün çox güclü bir təməl qoydu. Ulu öndər Heydər Əliyev strategiyasını böyük uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilir. Azərbaycan təkbaşına BMT TŞ-nın 4 Qətnaməsini yerinə yetirərək, suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa edib. Bu ümummilli liderin ən böyük arzusu və ata kimi vəsiyyəti idi. Artıq bu gün Böyük Qayıdış üçün Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-tikinti, quruculuq işləri aparılır. Biz artıq “məğlub xalq ”deyilik. Ölkəmiz nəinki region, artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin, layihələrin müəllifinə çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər