7 Oktyabr 2022 14:27
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu, Azərbaycanın növbəti siyasi, diplomatik qələbəsi hesab edilir. Çünki əldə edilən sənədin müddəaları və burada yer alan vacib məsələlər ölkəmizin maraqlarına uyğundur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, burada başlıca prinsip Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsi və beynəlxalq birlik qarşısında bunu bəyan etməsidir:

“Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Ölkəmizin suverenliyini tanımaqla Ermənistan faktiki olaraq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edib. Ümumiyyətlə isə Praqa görüşünün gərgin keçəcəyi gözlənilirdi. Çünki dördtərəfli danışıqların iştirakçısı olan Fransa hər zaman ermənipərəst siyasət həyata keçirib. Burada təəccüblü bir məqam mövcud deyil. Eyni zamanda Azərbaycan üçün müxtəlif hiylələrin hazırlandığını nəzərə alsaq, N.Paşinyan və E.Makronun iştirak etdiyi görüşdə bu gözlənilməz hal da deyildi. Çünki rəsmi Paris hər zaman Ermənistana maksimum səviyyədə dəstək olub”.

Millət vəkili Praqada sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi məsələsini də diqqətə çatdırıb:

“Bu da olduqca vacib məsələdir. II Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi delimitasiyası və demarkasiya məsələsini daimi olaraq gündəmdə saxlayıb. Azərbaycan Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də xüsusi yer alıb. Məhz indiki şəraitdə Ermənistanın Avropa İttifaqının himayəsi altında bu məsələ ilə bağlı razılaşması, yaxın zamanlarda əldə olunacaq irəliləyişə böyük ümidlər yaradır. Sözsüz ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə, dəstək göstərəcək”.

Eldar Quliyev bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması məsələsinə də aydınlıq gətirib:

“Bu onunla bağlıdır ki, Zəngəzur dəhlizi məsələsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Həmin sənəd qüvvədədir, Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Bütövlükdə isə Praqa görüşündə uğurlu və qətiyyətli siyasət bir daha özünü göstərdi. Prezident İlham Əliyev bir daha mahir diplomat kimi Azərbaycanın maraqlarını layiqincə təmin etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər