7 Oktyabr 2022 19:51
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat var. Ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımaqla qarşıdakı dövr üçün sülhün əldə ediləcəyi ehtimalını necə dəyərləndirirsiniz?

- Hər belə görüşü müsbət qiymətləndiririk. Nəzərə alsaq ki, bu görüşdə 4 tərəf iştirak edib, bu baxımdan son hadisələrin ardınca bunu ən yüksək səviyyəli görüş kimi xarakterizə etmək olar. Ona görə bu görüşün əhəmiyyəti çox böyükdür. Eyni zamanda bilməliyik ki, vəziyyət o qədər də asan deyil. Erməni tərəfi bütün imkanlardan yararlanaraq sülh prosesini əngəlləməyə çalışır. Biz bunu əyani şəkildə görürük. Sentyabrın 12-14-də baş vermiş erməni təxribatı məhz bunun birbaşa sübutudur. Amma bütün bunların fonunda bir neçə gün öncə Prezident İlham Əliyevin humanist davranışı nəticəsində əsir düşmüş 17 erməni hərbçisi ölkəsinə qaytarıldı. Eyni zamanda dövlət başçısının Ağdamda təşkil edilən Milli Şəhər Forumundakı çıxışı, səsləndirdiyi tezislər xüsusilə diqqəti cəlb edir. Nəhayət Praqa görüşü və əldə edilən nəticələr ümidverici hesab edilir. Dövlət başçısı bundan öncəki çıxışlarında da vurğulamışdı ki, bu, çətin olacaq. Bu, delimitasiya və demarkasiya məsələləri ilə bağlı olan proseslərdir. Çünki bizə qarşı tək Ermənistan deyil, onun arxasında dayanan qüvvələr də masa arxasındadır. Bu baxımdan danışıqlar heç də asan keçmədi. Amma buna baxmayaraq ümidliyik. Çünki mövqeyimiz güclü, sözümüz keçərlidir. Əminik ki, müsbət nəticələr əldə olunacaq.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nikol Paşinyanla görüşü də diqqət çəkdi. Münasibətlərin normallaşmasında bu görüşün effektivliyi haqda proqnozunuz necədir?

- Biz öncəki söhbətlərimizdə Türkiyə və Ermənistan nümayəndlərinin görüşü ilə bağlı konkret fikirlər bildirmişdik. Çünki bu məsələ ilə bağlı Ermənistan tərəfindən təyin edilən Ruben Rubinyanı yaxşı tanıyıram. Ona görə də, inanmırdım ki, onun sayəsində Türkiyə ilə Ermənistan arasında hansısa bir məsələ müsbət mənada öz həllini tapsın. Amma sonradan da gördük ki, heç bir müsbət nəticə yoxdur və əksinə Ermənistan tərəfindən təxribatlar edilir. Ümumilikdə isə bir faktı unutmaq olmaz ki, bu gün Türkiyə regionda böyük gücə və nüfuza malikdir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nikol Paşinyanla görüşü bir neçə rakursdan şərh edilə bilər. Bu eyni zamanda görüşün Azərbaycan Prezidenti ilə birlikdə aparılan məsləhətləşmələr və fikir mübadiləsindən sonra baş verməsini də yaddan çıxarmaq lazım deyil. Türkiyə bu gün regionda sülhün qarantı rolundaddır. Rusiya-Ukrayna müharibəsində bir çox məsələlərin həllində qardaş Türkiyənin müstəsna rolu bu mənada xüsusi ilə qeyd edilməlidir. Burada həm qarşılıqlı olaraq əsirlərin qaytarılmasında, taxıl dəhlizinin yaradılmasında, eyni zamanda Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsində və s məsələlərdə Türkiyə başlıca vasitəçi kimi çıxış edir. Ona görə də, Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri arasında olan görüşün nəticəsi məhz ona dəlalət edir ki, sülh üçün ortada ciddi səylər mövcuddur. Bundan sonra Ermənistan növbəti dəfə pozucu, təxribatçı mövqe seçəcəksə dünya ictimaiyyətinə tam aydın olacaq ki, onlar sadəcə vaxt udaraq regionu qarışdırmaq istəyir.

- Sizcə, Ermənistan üçün Qərbin yoxsa Rusiyanın vasitəçilik missiyası daha təsirlidir?

- Təəsüf ki, Ermənistan və onun siyasətçiləri başqa güclərin əlində alətə çevrilib. Bu heç kim üçün sirr deyil. Bununla yanaşı Erməni siyasətçilərin gözə çarpan “xüsusiyyəti” odur ki, onlar “kim güclüdür” yanaşmasından başqa heç nəyi dərk etmək istəmirlər. Bu gün Rusiyanın mövqeyi bir az zəifləyən kimi ondan qaçmaq, faktiki olaraq onu satmaq, hətta bu ölkəyə qarşı böhtan atmağa belə çəkinmədilər. Burada daha çox qərbin qabağına qaçmaq cəhdləri özünü biruzə verir. Əslində burada təsadüfi heç nə yoxdur. Onlar həmişə belə edib. Ermənilərin vaxtilə Türkiyə və Azərbaycanla da bu cür davrandığı hamıya məlumdur. İndi isə növbə Rusiyaya çatıb. N.Paşinyan hökuməti isə həmişə qərbyönümlü siyasət aparıb. İndi isə onlar tam açıq oyun oynamağa başlayıb. Burada Nensi Pelosinin Ermənistana gəlməsi və s məsələlər heç də təsadüfdən yaranmayıb. Çünki bu günə qədər Azərbaycanla Ermənistan arasında danışıqlarla bağlı üç tərəfli və Avropa İttifaqı səviyyəsində bir format var idi. İndi isə ABŞ çox ciddi bir şəkildə məsələyə müdaxilə edir. Əslində bu Azərbaycan üçün heç bir problem yaratmır. Ölkəmizlə ABŞ arasında ələaqələr yüksək səviyyədə qurulub. Eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi münasibətlər mövcuddur. Amma görünən odur ki, Ermənistan Avropa İttifaqının təklif etdiyi formatı da qəbul etmək istəmir. Belə olan Ermənistanın Aİ-ı və Rusiyanın təklif etdiyi formatdan yayındığını görürük. Faktiki olaraq ABŞ və Fransa ilə məsələləri həll etməyə çalışırlar. Amma bu birtərəfli oyun Ermənistan heç nə verməyəcək Çünki regionun içərisində müxtəlif güclərin mövqeyi var. Ermənistan isə bir gücdən yapışmaqla bu balansı pozur və nəticəsiz proseslərə qoşulur. Azərbaycan isə ABŞ-la ayrı-ayrılıqda münasibətləri hər zaman yüksək səviyyədə saxlayır. Bununla yanaşı ölkəmizlə şimal qonşumuz Rusiya arasında çox ciddi yüksək səviyyəli münasibətlər mövcuddur.


Müəllif: Tapdıq Qurbanlı