44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə şanlı zəfər səlnaməmiz kimi daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalında qalan ərazilərimizi azad etdi. Tarixi ədalət bərpa edildi. Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan, qəbul edilən süverenliyinin təmin olunmasına nail oldu. Bu tarixi qələbəmiz şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına əldə edildi. Eyni zamanda biz II Qarabağ müharibəsinin gedişində növbəti dəfə erməni terroru ilə üz-üzə qaldıq. Döyüş meydanında Ordumuzun qarşısında aciz duruma düşən mənfur düşmən mülki insanları, şəhərlərimizi, kənd və qəsəbələrimizi hədəf alırdı. Gəncənin, Bərdənin, Mingəçevirin və digər şəhərlərimizin erməni terrorunun hədəfi olması nəticəsində mülki insanlar, qadın və qocalar, azyaşlılar, uşaqlar şəhid oldu, yaralandı. Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının ildönümünü qeyd etməklə yanaşı, düşmənin törətdiyi terror zamanı canını qurban verən əsgər və zabitlərimizlə yanaşı mülki şəhidlərimizi də böyük hörmət və ehtiramla yad edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O hesab edir ki, müharibənin gedişində mənfur düşmənin Gəncə, Bərdə, Naftalan, Mingəçevir və digər şəhərlərimizi hədəf alması heç də təsadüfi deyildi:
“Düşmən Azərbaycan xalqının mübarizə əzmini qıra biləcəyini, ruh düşkünlüyü yarada biləcəyini düşünürdü. Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində dediyi kimi: "Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq”. Belə də oldu, vandal, faşist Ermənistan Azərbaycan xalqını və dövlətini tanıdı. Xalqın birliyi, dövlətin siyasi iradəsi, ordunun gücü sayəsində düşmənin bütün qüvvələri darmadağın edildi. Düşmən kapitulyasiya aktını imzalamalı oldu. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək Ordumuzun gücü ilə torpaqlarımızın erməni işğalından azad edilməsi kimi tarixi bir missiyanı zəfərlə başa çatdırdı. Böyük qələblər böyük mübarizə nəticəsində qazanılır. Torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı mülki şəhidlərimiz də oldu. Əlbəttə, bu, Ermənistanın insanlıq əleyhinə törətdiyi növbəti hərbi cinayət idi. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ümumilikdə Ermənistan ərazisindən təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib”.
Millət vəkili bildirib ki, Ermənistanın Gəncədə mülki yaşayış binalarını bombalaması insanlıq əlehinə, bəşəriyyətə qarşı olan qatı cinayət idi və Cenevrə Konvensiyasına görə qəbul olunmazdır:
“Cenevrə Konvensiyası müharibə dövründə, hətta müharibə zonasında yerləşən mülki obyektlərə və mükli vətəndaşlara hər hansı bir ziyanın vurulmasını qadağan edir. Beynəlxalq Konvensiya uzaq mənzilli raketlərdən istifadə edilməsini də qəbul etmir və bunu insanlıq əleyhinə cinayətlər siyahısına daxil edib. Lakin Gəncə müharibə zonasından çox uzaqda olsa da, bu şəhərdən hər hansı bir formada müharibə ərazisinə hər hansı bir silahdan istifadə edilməsə də, Ermənistan tərəfindən raket hədəfinə alındı”.
Tamam Cəfərova bu raket hücumları insanlıq əleyhinə cinayət, terror kimi BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılsa da dünyanın digər güc mərkəzləri və aparıcı dövlətləri tərəfindən sərgilənən biganə yanaşmadan da bəhs edib:
“Halbuki, bu bəşəriyyətə qarşı edilmiş cinayətdir və XXI əsrdə açıq-aşkar bilərəkdən, qəsdən kütləvi ziyan vurmaq, kütləvi qətllər törətmək üçün keçirilən bir əməliyyat idi. Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında layiq olduğu cavabı aldı”.