Özünü müsəlman ölkəsi adlandıran İran nədənsə din qardaşlığını unudaraq Ermənistanın himayəçisi rolunda çıxış edir. Görünən odur ki, İranın Ermənistan sevdası başqa mətləblərə xidmət edir. Çünki İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, bu gün Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti kimi qələmə verən İran Azərbaycan torpaqları 30 ilə yaxın işğalda saxlanıldığı dövrdə eyni münasibəti sərgiləyə bilmədi:
“Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olan dövrdə İran yalnız növbətçi bəyanatlarla kifayətlənib. İran rəsmiləri indi az qala Ermənistan rəhbərliyinin əvəzinə cavab verməyə can atır. Son zamanlar İranın Azərbaycana qarşı səsləndirdiyi hədələr, bəyənatlar da bundan qaynaqlanır”.
Millət vəkili hesab edir ki, İran hakimiyyəti nədənsə, müstəqil və güclü Azərbaycanı özünə qarşı təhlükə qismində görür:
“Çünki İran heç bir halda Azərbaycanın maraqlarının reallaşmasına imkan verməməyə, onun güclənməsinin qarşısını almağa cəhd edir. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı İranın tutduğu mövqe bütün məqamlara işıq salıb. Azərbaycan cəmiyyətinə bəllidir ki, İran bütün dövrlərdə Ermənistanın yanında olub”.