19 Oktyabr 2022 19:45
7 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistan tərəfi 10 noyabr 2020-ci il - üçtərəfli Bəyanatın bəndlərini icra etməkdən boyun qaçırır. Prezident İlham Əliyev də bunun bağlı Astanada bir daha Azərbaycanın mövqeyini açıqladı. Sizcə, Ermənistanın öhdəlikləri icra etməməkdə məqsədi nədir?

- Ermənistanın baş naziri açıq şəkildə bəyan edib: “Biz Qarabağ siyasətini təzə şəraitdə davam etdirəcəyik”. Bunun müxtəlif üsulları tətbiq edilir. Misal olaraq hələ də Qarabağda qalmaqda olan erməni silahlılarını saxlamaq istəyi ortadadır. Eyni zamanda orada digər qanunsuz fəaliyyət də mövcuddur. Bu da birmənalı olaraq Azərbaycan Konstitusiyasına zidd olan məsələlərdir. Onların digər istəyi Rusiyanın himayəsi altında bu bölgəni münaqişəli ərazi kimi saxlamaqla bağlıdır. Ukraynadakı hadisələrədən sonra görünən odur ki, ruslar müharibədə zəifləsə, hərbçilərinin sayı azalsa və ərazilərdən çıxmalı olsalar, Fransa və Avropanı bura cəlb etmək mümkün olsun. Erməni tərəfinin başlıca məqsədi məhz budur. Bununla bağlı Azərbaycan tərəfinin də açıq mövqeyi var. Prezident tərəfindən səslənən bəyanat əslində açıq bir xəbərdarlıq idi. Çünki Azərbaycanın da imkanları ki, bu siyasətə cavab olaraq ciddi addımlar atsın.

- Azərbaycanın adekvat addımları dedikdə nəyi nəzərdə tutursunuz?

- Burada ilk növbədə Laçın yolunun istifadə qaydalarının dəyişməsi ilə bağlı məsələ gündəmə gələ bilər. Azərbaycanın tətbiq etdiyi yeni qaydaların da olması mümkündür. Əslində Ermənistanın anneksiya siyasətinə Azərbaycanın ən tutarlı cavabı bu olacaq. Digər tərəfdən Ermənistanın sərhədlərin delimitasiya prosesindən yayınmaq cəhdləri də Azərbaycana imkan yaradır ki, ölkəmiz bu prosesi öz bildiyi xəritələr əsasında həyata keçirsin. Bu baxımdan Azərbaycanın atacağı addımlar çoxdur. Eyni zamanda Prezidentin açıq xəbərdarlığı ona yönəlib ki, onlar bir daha fikirləşsinlər. Gözləyək, görək ki, onlara münaqişənin yenidən davamı, yoxsa Azərbaycan tərəfinin təklifi etdiyi sülh yolu lazımdır. Bu çağırışlar Türkiyədən də səslənir. Ona görə də erməni tərəfi artıq seçim etməlidir.

- Xankəndi və Naxçıvan Azərbaycan ərazisi olduğu üçün hər iki bölgəni birləşdirəcək dəhliz arasında paralellik aparmaq, birinin digərindən üstün olduğunu önə çəkmək nə dərəcədə doğru yanaşmadır?

- Bu cür yanaşmaları, tənqidi fikirləri mətbuatda və sosial şəbəkələrdə də görmək olur. Əslində məsələləri bu şəkildə təhlil edənlər bir vacib məqamı nəzərdən qaçırır. Bu ondan ibarətdir ki, 10 noyabr 2020-ci il Bəyanatına uyğun olaraq Azərbaycanın Laçın yoluna aid öhdəlikləri müddətlidir. Bu 5 illik bir dövr üçün nəzərdə tutulub. Amma Naxçıvanı birləşdirəcək dəhlizə aid müddət yoxdur. Ona görə də burada hansısa bir paralellik varsa, Azərbaycana aid hissəsində bu, 5 il üçündür. Ermənistanın isə Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı öhdəliyi əbədidir. Çünki burada heç bir vaxt öhdəliyi mövcud deyil. Laçın dəhlizinin rus sülhməramlılarının nəzarəti altında fəaliyyət göstərməsi məhz onun dəhliz olduğunu təmin edir. Burada missiyanın 5 il olması o deməkdir ki, bu şəraiti yaradan sülhməramlılardır. Onların müddəti bitdikdə dəhliz xüsusiyyəti də bitmiş olacaq.

- Zəngəzur dəhlizinin təhlükəsizliyi necə təmin ediləcək?

- Naxçıvana gedən yolun dəhliz xüsusiyyətini təmin edən Rusiya sərhədçiləridir. Rus sərhədçilərinin orada qalmaları və qaydaları təmin etməsi üçün konkret müddət yoxdur. Çünki bu, digər bir sənədlə nizamlanır. Rusiya və Ermənistan arasında olan sazişə uyğun olaraq bu ölkənin sərhədlərini rus sərhədçiləri qoruyur. Bu da müddətsiz bir sənəddir.

- Qarabağda qalmaqda olan separatçılara hazırda Ermənistan dövlət büdcəsindən bəlli miqdarda maliyyə yardımı ayrılır. Azərbaycan ərazisində hansısa bir regionun digər ölkə tərəfindən “maliyyələşdirilməsinə” nə vaxt son qoyulacaq?

- Təəssüflər olsun ki, hələ də Qarabağda yaşayan ermənilər Azərbaycanın reinteqrasiya prosesinə adekvat olmaq istəmir. Əslində bu bölgənin Azərbaycanın inzibati idarəçiliyinə qayıtması ilə maliyyə, seçki və digər proseslərə də qoşulması təmin edilməlidir. Erməni tərəfi də bunu hər cür imkanlardan istifadə edərək yubatmağa çalışır. Azərbaycanın haqlı ittihamları məhz bununla bağlıdır. Çünki Ermənistan tərəfi özünün işğalçı siyasətindən əl çəkmək istəmir. Təbii ki, bu gün Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlılar məhz Ermənistan dövlət büdcəsindən ayrılan pullar hesabına maliyyələşir. Terrorçu Araik Arutyunyana maaşı sözsüz Irəvan verir. Hər il Ermənistan büdcəsindən separatçı rejimin saxlanılmasına 340 milyona yaxın pul ayrılır. Bu, onların bundan öncəki müdafiə büdcələrinin yarısı hesab edilir. Fakt odur ki, Ermənistan Azərbaycan ərazisində ona qarşı çıxan ünsürləri maliyyələşdirir. Burada məsələ məhz bundan ibarətdir. Bu, əslində 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır.

- Avropa İttifaqının Ermənistan ərazisinə gələcək missiyası ilə bağlı da fərqli fikirlər var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında işləyəcək bu missiyadan gözləntilər nədən ibarətdir?

- Erməni tərəfinin bu missiyanı öz ərazisinə dəvət etməkdə məqsədi başqadır. Çünki qarşı tərəf bizə təklif edir ki, “Qarabağın statusunu” müzakirə edək. Buna cavab olaraq Azərbaycan Zəngəzurda, Göyçədə, İrəvanda vaxtilə yaşamış azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması və onlara veriləcək statusla bağlı danışıqlar aparmağı gündəmə gətirir. Əgər Ermənistan bizim daxili işlərimizə müdaxilə etmək istəyirsə, o zaman biz də bu ölkədə vaxtilə yaşamış azərbaycanlıların hüquqları barəsində danışmaq istəyirik. Bunun qarşısını almaq üçün onlar delimitasiya və demarkasiya məsələlərini gündəmə gətirir. Zəngəzurun, Göyçənin Azərbaycan tərəfindən Ermənistanın ərazisi kimi tanındıqdan sonra onlar Qarabağ məsələsini yenədən gündəmə gətirməyi düşünürlər. İndiki halda məhz Avropadan Ermənistana gələcək missiyanın əsas məqsədi buna xidmət edir. Onlar Zəngəzur mövzusunu gündəmdən çıxarmaq niyyətindədir. Bu gün erməni təxribatları da iki ölkə arasında şərti sərhəd xəttində baş verir. Bu sərhəddə müşahidəçilər yerləşdikdən sonra təxribatlar Qarabağ bölgəsinə keçə bilər. Digər məqsədləri isə odur ki, yaxın gələcək bu missiya rus sülhməramlılarını əvəzləsin ya da onlarla birlikdə olsun. Görünən də odur ki, bu, Qərb və Rusiya üçün hansısa bir problem təşkil etmir. Bütün bunlar Ermənistan tərəfinin strateji bir xəttidir. Buna qarşı da Azərbaycan tərəfi olaraq addımlar atacağıq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər