Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Notada xüsusi vurğulanmışdır ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Səfirlik Nazirliyin diqqətinə çatdırmışdır ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.
Sənəddə qeyd olunmuşdur ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Həmçinin təəssüflə vurğulanmışdır ki, sözügedən tok-şounun aparıcısı və bu “tamaşa”nın birbaşa iştirakçılarından biri “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.
Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.
Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdir.