26 Oktyabr 2022 21:53
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Çünki hazırda bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, Azərbaycanla Gürcüstan arasında tarixi ənənələrə söykənən əməkdaşlıq mövcuddur: “İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıb. Bu mənada dövlətlərarası əlaqələr də möhkəm təməl üzərində qurulub. Artıq Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda ikitərəfli formatda bir-birinə dəstək verir. Eyni zamanda regional əhəmiyyətə malik olan əməkdaşlıq təkcə ölkələrimiz üçün deyil, bölgə və bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Çünki regionda geniş əməkdaşlığa başlıca əngəl olan Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İndi dövlətimizin qarşısında duran əsas məsələlərdən biri məhz Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın niyyəti bundan ibarətdir. Bununla bağlı ölkəmizin beş əsas prinsipdən ibarət təklifləri Ermənistana təqdim edilib. Bu prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək, əməkdaşlıq üçün imkanlar yaranacaq. Erməni tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa bu da bölgədə dayanıqlı sülhə və sabitliyə mühüm töhfə olacaq”.

Deputat bildirib ki, Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin də həcmi artıb: “Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr əməkdaşlığı daha da gücləndirir. Bu baxımdan Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Hazırda Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr qaz ixracının olması proqnozlaşdırılır. Gələn il ixrac həcmi daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artırılması nəzərdə tutulur. Həyata keçiriləcək yeni layihə isə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Bu məsələdə də Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Eyni zamanda Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırmaq niyyəti var. Bu məqsədlə layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Çünki Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır”.

Eldar Quliyevin fikrincə, tranzit ölkə olmaq mütləq qonşularla yaxşı münasibətlərin olmasını şərtləndirir: “Bu baxımdan da Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır. Bunun üçün Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki birgə layihələrin eyni vaxtda tamamlanması vacibdir. Ona görə də, Azərbaycan Gürcüstan münasibətləri Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq hesab edilir. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə birgə hərəkət öz milli maraqlarını təmin edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər