2 Noyabr 2022 15:14
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Soçidə liderlərin görüşü və açıqlanan bəyanat gözlənilən bütün ehtimallara nə dərəcədə adekvat oldu? Halbuki Ermənistan tərəfi və Rusiyanın davranışları fonunda burada fərqli bir situasiyanın izlənilməsi gözlənilirdi...

- Biz yaddan çıxarmamalıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh prosesini tənzimləmək üçün ABŞ və Avropa İttifaqının, eyni zamanda Rusiyanın təklif etdiyi format var. Birinci formatda məsələnin birdəfəlik həlli nəzərdə tutulur. Bu mənada Moskva formatından başqa keçirilən görüşlərdə sülh müqaviləsinə yaxınlaşmaq olar. Buna alternativ Brüssel formatı da mövcuddur. Eyni zamanda burada Moskva “mən də varam, nəsə edirəm” görüntüsü yaratmaq üçün tərəfləri müəyyən yaxınlaşmaya apara bilər. Amma Rusiya heç vaxt sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək.

- “Vaşinqton sənədi” və ya “Rusiya versiyası” gündəmdədir. Bakı üçün hansı format üzərində sülh daha məqbul görünür?

- Hər halda Azərbaycanın maraqlarınını təmin edildiyi “Amerika sənədi”nin daha məqbul olduğu düşüncəsi var. Çünki burada prioritetlər əsasdır. Əlbəttə, “Amerika sənədi” və yaxud “Rusiya versiyası”nın prioritetinin nədən ibarət olması daha çox önəmlidir. ABŞ-ın prioriteti məsələni birdəfəlik həll etməkdir. Rusiya versiyasında isə sülh belə məqsəd daşımır.

- Soçi görüşündən sonra Ermənistanda revanşistlərin Nikol Paşinyana qarşı arqumentləri daha da güclənib. Bu təzyiqlərin danışıqların sonrakı mərhələsinə təsiri mümkündürmü?

- Soçi bəyanatı əslində tərəflərin mövqeyini o qədər də yüksək tutmur. Tərəflər bundan sonra da istədikləri kimi müəyyən razılıqlar əldə edə bilər. Əslində Paşinyan üçün də burada təhlükəli bir məsələ yox idi. Burada tərəflərin gücdən istifadə etməyəcəyi ilə bağlı xüsusi bir qeyd də yer alıb. Sadəcə olaraq burada Qarabağın adı hallanmır. Ümumilikdə isə bu sənədin Paşinyan üçün də bir fiasko olduğunu desək yalan olar. Burada Azərbaycanın da maraqları təmin edilib. Konkret desək, son Soçi bəyanatına daha ciddi bir formada istinad etmək olmur.

- Rusiyanın vasitəçiliyi ilə baş tutan Soçi görüşünü özünün Cənubi Qafqazdakı maraqlarını xilas etmək baxımından, sonuncu siyasi-diplomatik cəhdi kimi dəyərləndirilir. Bu, nə dərəcədə məntiqli yanaşmadır?

- Bu əslində Rusiyanın proseslərin gedişində vasitəçiliyi ələ almaq üçün etdiyi bir gediş idi. Rusiyanın Cənubi Qafqazdakı maraqları bu cür gedişlərlə güclənməyəcək. Belə bir ehtimallar var. Rusiya Ukrayna müharibəsindən balansı öz xeyrinə çevirib çıxa bilsə, Cənubi Qafqazda müəyyən şanslar əldə edə bilər. Amma hələlik Rusiyanın Ukrayna müharibəsindən hansı şəkildə çıxacağı məlum deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər