2 Noyabr 2022 22:14
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı çox mühüm məsələlərə, önəmli məqamlara toxundu. Dövlətimizin başçısı Zirvə toplantısında regionda baş verən proseslər, Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri və digər önəmli məsələlər haqqında fikirlərini ifadə edib.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi iştirak edən Prezident İlham Əliyev çıxışında ölkəmizin təşkilat çərçivəsində gördüyü işlərdən də bəhs edib: “BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan QH-nin əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinə, insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq kimi vacib məsələlər qurumun əsas məqsədləri sırasında yer alır. 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycan təşkilatın işində daim fəal iştirak edir. Bu fəallığın nəticəsidir ki, Azərbaycan 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. Tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçib. Daha sonra sədrlik bir il uzadılıb. Azərbaycanın bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Qoşulmama Hərəkatı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında da vacib rol oynayıb”.

Millət vəkilinə görə, Ərəb Liqasının Zirvə toplantısında çıxışında dövlətimizin başçısı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünyanın heç zaman unutmayacağını vurğulayıb: “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Azərbaycanın Əlcəzair kimi işğaldan əziyyət çəkdiyi bildirilib. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. İşğal dövründə bütün yaşayış məntəqələri məhv edilib, işğal ərazisində qalan 67 məsciddən 65-i dağıdılıb, ermənilər azərbaycanlılara qarşı soyqırımı törədib. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib, amma bu qətnamələr təşkilat tərəfindən icra olunmayıb. Halbuki, təşkilatın elə qətnamələri var ki, dərhal icra olunub. Azərbaycana münasibətdə isə BMT TŞ ikili standartlarla çıxış edib. 2020-ci ildə AZərbaycan öz gücünə həmin qətnamələri icra edib. Bu kimi hallar BMT-də islahatların aparılmasını zəruri edir”.

Sevinc Fətəliyeva hesab edir ki, Prezident İlham Əliyevin Əlcəzairə səfəri və səfər çərçivəsində Zirvə toplantısında iştirak etməsi Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafına töhfə verəcək.


Müəllif: Tapdıq Qurbanlı