Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair ehtimal etdiyi 4 variant tamamilə xəyal məhsuludur. Bunlar reallıqdan uzaq fikirlərdir. Burada ən optimal variant Azərbaycanın sakitcə Xankəndinə daxil olması məsələsidir. Bu, ağılabatan versiyadır. Amma bunun birdən-birə baş verəcəyini söyləmək o qədər də asan deyil. Bunun üçün müəyyən proseslər getməlidir. İlk növbədə bu istiqamətdə proseslər Brüsseldə cərəyan edəcək desək yanılmarıq. Çünki Brüsseldə Azərbaycan və erməni tərəfi ciddi razılaşmalara gələ bilər. Ermənistanın baş naziri öhdəlik götürə bilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, Qarabağla bağlı məsələni bir daha gündəmə gətirməyəcək və ölkəmizin daxili işlərinə qarışmayacaq. Eyni zamanda Qarabağda hələ də qalmaqda olan Ermənistana aid silahlı birləşmələrin çıxarılmasını həyata keçirəcək. Paralel olaraq da bundan sonra Qarabağa ölkəsinin maliyyə yardımlarını dayandıracaq.
Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.
O hesab edir ki, Azərbaycan məhz bundan sonra mərhələ-mərhələ Qarabağdakı erməni icması ilə təmaslar yaradacaq:
“Paralel olaraq Qarabağda yaşayan ermənilərə vətəndaşlıq verilməsi prosesinə başlanılacaq. Bununla yanaşı Qarabağdakı bəzi mühüm sahələrin maliyyələşdirilməsi prosesi rəsmi Bakı tərəfindən həyata keçiriləcək. Tədricən etimad mühiti formalaşacaq. Azərbaycan ordusu burada həyati əhəmiyyətli bütün ərazilərə nəzarət etməklə Qarabağın dağlıq hissəsində hakimiyyətini bərpa edəcək. Bu proseslərin gedişində kimlərinsə “muxtariyyət” məsələsini müzakirəyə çıxarması da gündəmə gələ bilər”.
Politoloqun fikrincə, bütün bunların fonunda sülh sazişinin imzalanması üçün münbit şərait yaranması ehtimalları güclüdür:
“Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması məsələsi həll edilməklə qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Bütün məsələlər Rusiyanın nəzarətindən çıxdıqdan, bu ölkənin bölgə ilə bağlı maraqları eyni zamanda rus sülhməramlıları ərazidən kənarlaşdıqdan sonra tərəflər arasında sağlam etimad yarada biləcək proseslərin baş verməsi mümkündür”.
Qabil Hüseynli prosesin gedişində ən pis variantlarla bağlı ehtimalları da dəyərləndirib:
“Əslində bu ehtimallar çox zəifdir. Çünki yeni bir isti müharibənin yaranması, tərəflərin yenidən döyüş müstəvisinə keçməsi hər iki tərəfdən arzulanan hal deyil. Xüsusilə bu, Ermənistana sərf edən variant deyil. Çünki qarşı tərəfin buna hərbi potensialı çatmır. Ona görə də sülhyaratma prosesi münasibətlərdə aparıcı xətt təşkil edəcək. Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə edilməsi dedikdə məhz bu amil nəzərdə tutulur”.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, sonuncu üçtərəfli Soçi görüşü Rusiyanın Qərbin vasitəçiliyinə qarşı yeni bir gedişi idi:
“Rusiya əslində buna tam nail ola bilmədi. Çünki prosesin gedişində hər hansı bir irəliləyişlə bağlı razılaşma olmadı. Ümumilikdə isə burada əsas məsələ sülhün hansı formada imzalanmasıdır. Qərbin vasitəçiliyi ilə ilin sonuna kimi sülhün əldə edilməsi ehtimalları güclənir. Amma Rusiyanın prosesə qoşulması göstərir ki, hələ də qarşıdurma mövcuddur”.
Onun fikrincə burada ən pis ssenari sülh müqaviləsinin imzalanmasının qeyri-müəyyən vaxta qədər uzanmasıdır:
“Hazırda bölgədə iki tərəf var. Qərb çalışır ki, məsələ həll edilsin. Rusiyanın isə son addımları göstərir ki, proses Moskvanın istədiyi kimi olmasa, buna imkan verməyəcək. Çünki Rusiya tərəfindən açıqlanan “Vaşinqton sənədi"ndə Qarabağ üzərində Azərbaycanın tam hakimiyyətinin tanınması məsələsi gündəmə gətirilir. Bu göstərir ki, Rusiya maksimum dərəcədə özünün prosesdə iştirakını təmin etməyə çalışacaq. Ona görə də bu ilin sonuna kimi sülhün əldə edilməsi ehtimalları ilə bağlı tərəddüdlər var”.
Asif Nərimanlıya görə, hazırda Azərbaycan-Ermənistan arasında da ciddi fikir ayrılıqları mövcuddur:
“Bu, sərhəd və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərdə daha açıq görünür. Sözsüz ki, bu, mümkün sülh prosesini əngəlləyən amillərdir. Hətta Ermənistan Qarabağ məsələsində geri çəkilsə belə, kommunikasiyaların açılmasında olan mövqeyini dəyişmək istəmir. Məhz bunun fonunda prosesdə ən pis ssenarinin formalaşmasına zəmin yaranar və beləliklə də məsələ uzana bilər. Azərbaycanın isə məqsədi odur ki, sülh müqaviləsi imzalansın və Qarabağ məsələsindən Ermənistan tamamilə uzaqlaşdırılsın. Ermənistanı bu prosesdən uzaqlaşdırandan sonra Azərbaycan Qarabağa öz daxili məsələsi kimi yanaşaraq, burada zəruri işləri ardıcıllıqla icra edə biləcək”.