II Qarabağ müharibəsindən sonra İranın Azərbaycan qarşı aqressiv siyasəti geniş vüsət almağa başlayıb. Bu ölkə 30 il Azərbaycan torpaqları işğalda qaldığı dövrdə də prosesə səssiz qalıb. İran daha çox işğal altında olan Azərbaycan əraziləri vasitəsi ilə qanunsuz və qadağan olunmuş məhsulların trafikini həyata keçirib. Özünü İslam dəyərlərinin hamisi kimi qələ verən İran 20 faiz Azərbaycan torpaqların işğalda olan dövrdə burada Ermənistan tərəfindən müsəlman dəyərlərinin talanmasına, məhv edilməsinə, təhqiq olunmasına reaksiya verməyib. Bu dövrdə İran İlsam dəyərlərini təhqir edən, barbarlıq törədən Ermənistanla daha sıx əlaqələr, münasibət qurub. Bu isə sözsüzki, bir İslam ölkəsinin siyasi, mənəvi davranışları ilə uyğunluq təşkil etmir. Əkisnə fundamental İslam dəyərləri ilə ziddiyyət təşkil edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır: “Çünki bu ölkə 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. İran həmçinin Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir. Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Eyni zamanda İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir”.
Deputat hesab edir ki, İranın Azərbaycan sərhədinə qoşun yığıb burada hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlməsi tamamilə absurd bir yanaşmadır: “Görünür riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatları davam edərək, İran eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Amma real əməldə bunun əksini müşahidə etmək elə də çətin deyil. Bu mənada İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan isə bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir”.
Sevinc Hüseynovaya görə, Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb: “Ölkəmiz İranla sıx əməkdaşlığa önəm verib. Bu da təsadüfi deyil. Çünki əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Amma bütün bunlara baxmayaraq İran digər məsələlər yanaşı din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir. Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Bu xüsusda İran İslam həmrəyliyinə zidd olan siyasət yürüdür. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Amma bunların heç bir nəticəsi yoxdur. Çünki güclü və İslam dəyərlərinə sadiq olan Azərbaycan özünün dünyəvi dövlət siyasəti ilə hər zaman dostluğa, qonşuluğa sadiq olub”.