Azərbaycan Ordusunun baş verən proseslərə yaganə cavabı rus sülhməramlılarının yerləşdiyi ərazilərdə döyüş əməliyyatlarının həyata keçirməsindən ibarətdir. Bu, antiterror, cəzalandırma, tükəndirmə hərəkatı ola bilər. Bunun adı elə də fərq etmir. Amma bütün hallarda bu əməliyyatlar mütləq həyata keçirilməlidir.
Bunu Teleqraf.com-a Ermənistan tərəfinin son təxribatlarını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
O hesab edir ki, bundan başqa yolla Azərbaycan əsgərinin həyat və sağlamlığına yaranan təhdidləri aradan qaldıra bilmərik:
“Əslində 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına görə, rus sülhməramlıları buradakı qanunsuz erməni silahlılarının çıxarılmasını təmin etməli idi. Eyni zamanda bu ərazilərdə yaşayan insanların adabtasiyasının həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Amma hələ ki, bu proseslərin heç bir baş verməyib”.
Hərbi ekspertə görə, bütün bunları nəzərə alaraq ərazidə hələ də qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoymaq üçün Azərbaycanın antiterror əməliyyatları keçirməsi üçün tam hüququ mövcuddur:
“Bunun üçün kifayət qədər ciddi və arqumentli əsaslar da var. Sadəcə olaraq Azərbaycan tərəfi bu məsələdə bir qədər təmkinli davranmağa çalışır. Bu da sırf insan faktoruna, itkilərin olmamasına görə edilən səbrdir. Amma görünən odur ki, Azərbaycanın bu cür humanist yanaşması qarşı tərəfdən doğru-dürüst qəbul edilmir. Son baş verənlər göstərir ki, bu hal onları bir qədər də cəsarətləndirir".
Ədalət Verdiyevin fikrincə, bir müddət öncə Azərbaycan Ordusunun antiterror əməliyyatları üçün Qisas əməliyyatlarının başlanıldığını elan edib:
“Bunun başa çatdığı elan edilməyib. Burada ya Qisas əməliyyatının davamı, ya da yeni bir hərbi əməliyyatlar başladıla bilər”.