1 Dekabr 2022 14:54
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş absurd qətnamə heç bir məntiqə uyğun deyil. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, sülh və təhlükəsizliyə yönələn addımlara zərbə vurmaq məqsədi daşıyır. Əslində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu “qətnamə” Fransanın qərəzli, ermənipərəst, erməni lobbisinin əlində oyuncaq olduğunu göstərən daha bir acı gerçəklikdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O hesab edir ki, Fransa əslində bu cür absurd qərarları ilə bitərəf və ədalətli vasitəçi rolunda deyil, Ermənistana olan münasibətini nümayiş etdirib:

“Bu bədnam qərardan sonra Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq bu “qətnaməni” dəstəkləyib. Məhz bu fakt müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərinin ortaya çıxmasında Fransa hökumətinin təşəbbüskar olduğunu təsdiq edir. Bundan öncə də Fransa senatı yalan və iftira dolu qətnamə qəbul etmişdi. Bütün bunlar Fransanın Azərbaycana qarşı növbəti təxribatı və qərəzli mövqeyi kimi qiymətləndirilir”.

Deputat qeyd edib ki, bu cür absurd qərarlar Fransa senatının və Milli Assambleyasının siyasi avantürasından xəbər verir:

“Azərbaycan cəmiyyətində Fransa qanunverici orqanlarının hər iki absurd qərarına ciddi etiraz var. Bu qəti şəkildə rədd edilir. Ümumilikdə bu tip qərarların indiki şəraitdə ortaya atılması məkirli niyyətdən və erməni dəyirmanına su tökməkdən başqa bir amala xidmət etmir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı, xalqımıza qarşı soyqırımı və hərbi cinayətlər törətməsi, 30 ilə yaxın tarixi torpaqlarımızda dini, mədəni, tarixi abidələri, bütün yaşayış üçün olan infrastrukturunu barbarcasına məhv edən zaman Fransadan buna heç bir reaksiya verilməyib. Əksinə Fransa həmin dövrdə Ermənistana açıq şəkildə dəstək göstərib”.

Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana dəstək göstərməsi nəticəsində artıq tarix olan “Dağlıq Qarabağ” münaqişəsi dövründə - 30 ilə yaxın müddətdə də heç bir müsbət irəliləyişə nail olunmamışdı:

“Fransa tarixən müharibə və insanlıq əleyhinə hərbi cinayətlər törətmiş dövlətdir. Belə bir ölkənin Azərbaycana qarşı absurd iddialarla çıxış etməsi məntiqsizdir. Əlcəzairdə və digər ölkələrdə vaxtilə soyqırım və qanlı terror aktları icra etmiş Fransanın indiki halda hansısa məsələlərdən danışmağa mənəvi haqqı çatmır. Bu mənada Fransa qanunverici orqanlarının qəbul etmiş olduğu bədnam qətnamələr heç bir hüquqi və mənəvi əsasa malik deyil. Bu gün qalib Azərbaycan Qafqazda və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Fransa yaxşı olardı ki, öz daxilində olan problemlərə diqqət ayırsın. Bu ölkədə mövcud olan islamafob, antisemitizm hallarına son qoysun. Çünki Fransa kimi dövlətlər bu cür əsassız ittihamlarla Azərbaycanın tutduğu doğru yoldan çəkindirə bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər