Artıq neçə gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, könüllülər, ekoloqlarımız aksiya keçirir. Bu aksiyanın məqsədi Azərbaycanın ekoloji mühitinə zərbə vuran Ermənistanın hərəkətlərinə son qoymaqdan ibarətdir. Eyni zamanda hazırda rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində faydalı və mineral qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə bağlı faktlar var. Azərbaycan tərəfi də haqlı olaraq bu ərazilərdə mütəxəssislərin iştirakı ilə monitorinqin aparılmasını tələb edir. Amma çox təəssüf ki, rus sülhməramlıları buna imkan yaratmır.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri hesab edir ki, Ermənistanın 30 ilə yaxın əraziləri işğalda saxladığı dövrdə burada ekoloji terror həyata keçirilib: “Ermənistan burada azərbaycanlılara qarşı terror, soyqırımı aktları icra etməklə yanaşı ətraf mühitə də ciddi ziyan vurub. Erməni barbarları ərazidə ekoloji terror həyata keçirib. Hazırda bu hal davam edir. Azərbaycan tərəfi də haqlı olaraq öz ərazisində monitorinq aparılması məsələsini qaldırıb. Amma təəssüf ki, öz vəzifə səlahiyyətlərindən kənara çıxan rus “sülhməramlıları” və onların komandanı Andrey Volkov Azərbaycan tərəfinə ərazidə mütəxəssislərin iştirakı ilə monitorinq, təhqiqat aparılmasına imkan vermir”.
Millət vəkili söyləyib ki, Azərbaycanın suveren ərazisindən Ruben Vardanyan, Andrey Volkov kimilər faydalı qazıntı yataqlarımızı talan edə bilməzlər: “Buna imkan verilməyəcək. Məhz Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlərin keçirdiyi aksiyanın mahiyyəti də bundan ibarətdir”.
Deputat qeyd edib ki, Azərbaycan bu və ya digər məsələlərdə öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir: “Amma təəssüf ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan və Rusiya əməl etmir. Əslində ərazidə müvəqqəti yerləşdirilmiş sülhməramlıların məqsədi-məramı burada sülh yaratmaq olmalı idi. Azərbaycanlı mütəxəssislərə də məhz həmin mədənlərdə monitorinq aparmağa şərait yaradılmalıdır. Çünki sülhməramlıların başlıca vəzifəsi budur. Eyni zamanda erməni tərəfi iddia edir ki, guya azərbaycanlılar Xankəndiyə keçən yolu kəsib. Amma fakt odur ki, bu yolu rus sülhməramlılar bağlayıb”.
Ziyafət Əsgərov deyib ki, bir müddət öncə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Lakin sülhməramlılar buna imkan yaratmamışdılar. Ona görə də, aksiyanın tələbləri yerinə yetirilənə qədər davam edəcəyi qaçılmazdır”.