15 Dekabr 2022 16:05
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, hazırda Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar aksiya keçirir. Xankəndindəki ermənilər isə yollarının bağlandığını iddia edir. Sizcə, burada məsələlər necə həll olunmalı idi?

- Azərbaycan ərazisində sülhü təmin etmək üçün dəvət edilmiş struktur, yəni rus sülhməramlıları reinteqrasiya prosesinə yardım etməlidir. Onun funksiyası məhz bununla bağlıdır. Artıq birinci mərhələ başa çatıb, bu və ya digər şəkildə təhlükəsizlik təmin edilib. Ermənistanın işğalında olan ərazilər azad olunub, bu baxımdan da prosesdə ikinci mərhələdəki işlər gedir. Bu icra edilməlidir. Məhz bu, reinteqrasiya prosesi icra olunması ilə bağlıdır. Reinteqrasiya prosesi Xankəndi və digər bölgələrə gedən qazın, işığın, suyun, internetin Azərbaycanın şəbəkələrinə qoşulmasının təmin olunması ilə ardıcıl olaraq baş verməlidir. Eyni zamanda Xankəndidə qeyri-qanuni olaraq fəaliyyət göstərən qurumların fəaliyyətinə son qoyulmalıdır. Burada konkret olaraq Azərbaycana bağlı strurktur formalaşmalıdır. Bu işlərdə isə sülhməramlıların işi sadəcə olaraq təhlükəsizliyi təmin etməkdir. İndi bu proses getməlidir.

- Sülhməramlılar niyə bu prosesə maneə olur?

- Sülhməramlıların da davranış qaydaları dəyişməlidir. Azərbaycan buna nail olacaq.

- Şuşa-Xankəndi yolunun bağlanması özünü qondarma dövlət elan edənlər üçün nə dərəcədə təsirli mesajdır?

- Azərbaycan öz imkanlarından istifadə edir. Ermənistanın məhz azərbaycanlı mütəxəssislərin bölgəyə buraxılmamasına qarşı dövlətimizin mövqeyi olduqca sərtdir. Çünki onların belə bir səlahiyyəti yoxdur. Sülhməramlılar da Azərbaycanın dövlət qurumlarının ərazidə monitorinqinə şərait yaratmalı idi. Sadəcə olaraq onlar bunu etməyib. Sonra da açıqlama verdilər ki, bizim belə səlahiyyətimiz yoxdur.

- Növbəti belə bir halın olması mümkündürmü?

- Əslində Azərbaycana qarşı növbəti dəfə təxribat etməyə cəhd göstərsələr, mövqeyimiz daha kəskin olacaq. Azərbaycan hələki sivil, demokratik prinsiplərdən istifadə etməklə öz mövqeyini ortaya qoyur.

- İlin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağından bəhs edilirdi. Son baş verənlər fonunda sülhə inam qalırmı?

- Sülh prosesi Azərbaycanla Ermənistan arasında olmalıdır. Qarabağ prosesi fərqli bir məsələdir. Çünki Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq vaxtilə Ermənistan Azərbaycan qarşı hərbi təcavüz edib. Məhz bu təcavüzün nəticələri indi aradan qaldırılıb. Digər məsələlər də icra olunmaqdadır. İndi Azərbaycan açıq şəkildə tələb edir ki, üçtərəfli razılaşmada öz əksini tapmış erməni silahlılarının həmin ərazilərdən çıxarılması təmin olunsun. Bununla yanaşı artıq ermənilərin də elə bir səlahiyyətləri yoxdur ki, bu məsələdə iştirak etsin. Burada yaşayan erməni əsilli insanlar var. Azərbaycan dövləti də burada reinteqrasiya prosesini icra etmək niyyətindədir.

- Reinteqrasiya prosesi necə getməlidir?

- Azərbaycan indi məhz onu göstərir ki, ölkə qanunlarına tabe olunmalıdır. Ona görə də, bunlar fərqli proseslərdir. Çünki Ermənistanın ixtiyarı yoxdur ki, burada hanısa bir prosesə müdaxilə etsin. Elə bir cəhd olsa da Azərbaycan bunun qarşısını alacaq. Bölgədə yaşayan erməni əsilli insanlar da əsl reallığı görüb buna uyğun davranmalıdır. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyi aydındır.

- Aksiyanın davam etməsi fonunda təxribat ehtimallarını necə dəyərləndirmək olar?

- Sözsüz ki, burada da hansısa bir təxribatın olması istisna edilmir. Ermənilərin belə bir addım atması təəcüblü də deyil. Amma Azərbaycanın orada güc strukturları mövcuddur. Sülhməramlıların da orada olması bu məsələdə mümkün effektiv qabaqlayıcı addımlardır. Əslində bu aksiyalarınm qısa zamanda başa çatması erməni tərəfindən asılı idi. Onlar Azərbaycan tərəfindən üzr istəyərək bizə həmin ərazilərdə monitorinq aparmağa imkan yaratmalıdır. Bununla da proses sakitləşəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər