17 Dekabr 2022 16:03
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqazlarda geosiyasət sürətlə dəyişir. Bu, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin nəticəsidir. Lakin Azərbaycan prosesə müşahidəçi, passiv rakursda dayanaraq öz taleyinə hansısa qüvvələrin həll etdiyi bir səviyyədə baxmır. Biz indi regional və beynəlxalq siyasətin aktiv iştirakçısıyıq. Bəlkə də 90-cı illər qırılma nöqtəsi idi. Çünki o dövrdə elə proseslər cərəyan etmişdi ki, bir daha burada dönüş etməyə kiminsə inamı yox idi. Amma bu baş verdi. Prezident İlham Əliyevin strateji ağlı, səriştəsi, təfəkkürü, iradəsi qalib gəldi.

Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, belə şəraitdə son dövrlə bir yandan İran daxilində xalqın ayaqlanması, oyanış hərəkatı, etirazlar və bu fonda onların sürətli bir şəkildə Azərbaycan əleyhinə prosesdə hərbi elementi inkişaf etdirmələri diqqət mərkəzindədir: "Bu mənada İranın son günlər Ermənistana verdiyi raketlərlə bağlı məlumatlar fonunda Xankəndiyə uzanan diversiya və təxribatçı qrupun orada dayaq tapması məsələsi var".

“Türkiyənin regional rolu, hərbi imkanları inkarolunmaz faktdır”

Zahid Oruc qeyd edib ki, Qarabağ savaşında Ermənistan Azərbaycanı onları millət, etnik toplular kimi məhv etmək, soyqırımılar, İrəvana hücum və bölgənin tamamilə varlığını təhdid edən siyasət və sair kimi amillərdə ittiham edə bilmədi: “Amma ən çox danışdıqları məsələlər Yaxın Şərqdən gələn muzdluların bu savaşda hansısa bir formada yer alması ilə bağlı idi. Hərçənd ki, bu gün dünyada Çeveka, Vaqner, Ukraynadakı muzdlu dəstələrin hər iki tərəfdə vuruşması və artıq dünyada savaşlar üçün bir normaya çevrilməsi heç kimə sirr deyil. Ancaq bununla bərabər Azərbaycan dövlətinin öz xalqı və ordusuna söykənərək bu müharibəni apardığı faktdır. Bunu müəyyən sayda ermənilər etiraf etdilər. Onlar söyləyirdilər ki, “gəlin, bu dəfə də vəziyyətin üstünü bağlamaqla keçməyək. Siz etiraf etmək istəmirsiniz ki, döyüş meydanında azərbaycanlılara uduzmusunuz. Çünki 30 illik təbliğatın qurbanına çevrilmisiniz”. Ona görə də, ilk növbədə Xankəndiyə hansısa terror birləşmələri, qrupları gələrsə, bu, uzun illər ikinci dövlət ideologiyası ilə buradakı prosesləri Azərbaycanla müqayisədə özlərinə üstünlük qazandırmağa çalışan demokratik idarəetmə, təhlükəsizlik və sair məsələlərlə öyünən qüvvələrin özünə böyük zərbə olar. Çünki orada Azərbaycana qarşı sistemli savaş aparacaq bir ovuc terrorçudan fayda gəlməz. Bu, hətta orada yaşamaq istəyən ermənilərin həyatını təhdid edər. Bu, əslində Qafqazın Suriyalaşması ssenarisinin məhz ora keçirilməsidir. Digər tərəfdən Ermənistan bu gün separatçıların rəhbərini Fransaya göndərir. Əslində bu, onların öz siyasətlərini artıq Xankəndiyə köçürməsi deməkdir. Həmçinin digər bir xəttdə Rusiyanın Gümrüdəki bazasına, həm də sülhməramlı qüvvələrə qarşı açıq demarşdır. Əslində onlara inamsızlığın kulminasiya nöqtəsidir. Sözsüz ki, bu cür manevrlərin də bir acısı mütləq ki, olacaq. Rusiya prosesləri onlara bağışlamaq niyyətində deyil. Əslində Emmanuel Makronla Vladimir Putin arasında bölgəni bölüşdürmək kimi bir cəfəng ideyaları bura sırımağa çalışanlar da yanılırlar. Rusiya Yermolovları bura zamanında elə-belə göndərməmişdi. Bu da o demək deyil ki, kimsə gəlib burada nəyisə bölə bilsin. Çünki burada Türkiyənin regional rolu çəkisi, hərbi imkanları, təhlükəsizliyin təminatında yeri də qat-qat artıb. Bu, inkarolunmaz faktdır və geridönməz bir prosesdir”.

“İrandakı daxili hadisələri biz törətməmişik, əksinə geopolitika tələb edir ki...”

Deputatın fikrincə, İran Ermənistanın “təhlükəsizliyinin” bu şəkildə gücləndirilməsinə iştirak edəcəksə, bu, İrəvanın Qərb dövlətləri ilə münasibətlərinə açıq zərbə olacaq: “Çünki İran bir-birinin ardınca sanksiyalar almaqda davam edir. Belə şəraitdə vahid bir “paytaxt”dan Ermənistan və İranın çıxış etməsi ABŞ və Brüsselin qəzəbinə səbəb olacaq. Məhz bu fakt göstərir ki,çoxprofilli bir neçə stolda oturmağın mənfi nəticələri qaçılmazdır. Eyni zamanda Fransanın bu gün bölgəyə yerləşmək və silah gətirmək qərarı fonunda bu, İran, Türkiyə və Rusiya ilə toqquşmalar yaradacaq. Bu şəraitdə böyük ölçülü məsələləri və silahları Qafqaza sığdırmaq mümkün deyil. Çünki Qafqaz HIMARS-ın diapazonuna sığmır. Bu, daha böyük ərazilər üçün aparılacaq savaşlara lazım olan silahdır. Ona görə də, Ermənistanın can atdğı hərbi ideallar özlərini ciddi şəkildə zərbə altında qoyur. Sözsüz ki, bu məsələdə Azərbaycan və Türkiyənin birlikdə “Qardaş Yumruğu” hərbi təlimi daha adekvatdır. Vətən müharibəsində zəfər yürüşümüzün proqramı olan bu “Yumruq” bir çox təhlükələrin bizdən kənarda inkişafını təmin edib. Çünki bu gün İrandakı daxili hadisələri biz törətməmişik. Əksinə geopolitika tələb edir ki, regiona və ən yaxın periferiyada sabitlik arzulamaq şərtdir. Amma bir çox faktorlardan qaynaqlanaraq bu prosesin arealı getdikcə genişlənir və intensivlik, şiddət dərəcəsi artır. Bu, öz-özlüyündə bölgədəki proseslərə təsir edəcək”.

“Sərkisyan şikayət edirdi ki, onlar Azərbaycanla 80-ci illərin metallomları ilə vuruşurlar”

Mərkəz sədrinə görə, Azərbaycan və Türkiyənin hərbi ittifaqı bir faktdır: “Onlar nə qədər təxribatları artıracaqlarsa, Türkiyənin bölgəyə gəlişi daha da güclənəcək. Çünki gəlib Azərbaycanla təmasda Qafanda konsulluq açmaq kimə lazımdır? İndi 90-cı illərdə yaşamırıq. Bir görüntü olaraq bunu etməyin heç bir faydası yoxdur. Bundan sadəcə olaraq bölgədən kütləvi məlumat yaymaq üçün fayda güdülür. Çox maraqlıdır ki, Qafandakı İran konsulluğundan indiyə kimi kim bir sənəd alıb? Sözsüz ki bununla bağlı mötəbər məlumatlar var. Bunun fonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən bəhs edərkən bunun ilk növbədə çağırış, mesaj, xüsusi olaraq hamını bir masaya gətirmək niyyəti güdüldüyü ortadadır. Ona görə də, moderatorların regionda möhkəmlənmək və sülh savaşında irəliyə çıxmaq davası gedir. Bu xəttlə sülh müqaviləsi imzalamaq görünür ki, çətin olacaq. Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan açıqlamışdı ki, ilin sonuna kimi sülh ola bilər. Amma faktlar və hərəkətlər bunun əksinədir. Prezident İlham Əliyevin bütövlükdə Qafqazın lideri kimi onun təhlükəsizliyində, bütün qüvvələrin lideri kimi davrandığını görməkdəyik. Çünki hər kəs bundan qazanmalı, faydalanmalıdır. Əks halda bu gün Azərbaycanla sərhəd bölgələrində yaşayan ermənilərin yaşayışı çox acınacaqlıdır. Onlar indi 1980-ci ildən də geriyə düşüblər. Aprel döyüşlərindən sonra xarici səfərdə olan Ermənistanın sabiq prezidenti Serj Sərkisyan şikayət edirdi ki, onlar Azərbaycanla 80-ci illərin metallomları ilə vuruşurlar. Amma həmin dövrə qədər Sərkisyan ağız dolusu danışırdı ki, “Qafqazın bir nömrəli ordusu onlardadır”.

Azərbaycan Xankəndiyə tank-topla deyil, ekoloqların, jurnalistlərin və vətəndaş təmsilçilərinin əli ilə getdi

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini bu gün elə cənub bölgəsində həyata keçirir: “Bir ordu olmaqla Təbrizə, İrəvana və yaxud üçüncü paytaxtlara hücum niyyətimiz yoxdur. Qəsdən bu gün onu hibrid müharibəsinin elementləri olan infomasiya vasitələrində qabardır, insanları ona qarşı kökləməsinlər. Çünki bu, yanlış bir xəttdir. Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan görüşü göstərdi ki, bir çox məsələlərə son qoymaq olar. Belə olan halda Azərbaycan Xankəndiyə tank-topla deyil, ekoloqların, jurnalistlərin və vətəndaş təmsilçilərinin əli ilə getdi. Xocalıda aparılan danışıqların özü fərqli bir formasiyadır. Bu, Azərbaycan tarixində demək olar ki, heç zaman olmayıb. Ölkəmizi orada yaşayan bir ovuc ermənini məhv etmək planında qınayanlar görürlər ki, onlar həmin əraziyə hərbi mundir olmadan gəliblər. Onlar sivil, mədəni insanlardır. Anladırlar ki, alternativ Laçın yoluna Azərbaycanın gömrük və digər dövlət orqanlarının postları qoyulacaq”.

Zahid Oruc deyib ki, Azərbaycan o kiçik lokal əraziyə düşmənçilik xətti ilə getmir: “Qəti şəkildə ora gedənlərin əlində kimsə silah gömədi. Bunu xarici məkana “bizi məhv edəcəklər” qorxusu ilə təqdim etmək mümkün deyil. Bu, bir qisas əməliyyatı sayılmır. Çünki bunlar mülki insanlardır. Bunun əsasında yaxşı əlaqələr qurula bilər. Sabah ekoloqları meşə təsərrüfatı işçiləri, digər gün yanğın təhlükəsizliyi əməkdaşları əvəzləyə bilər. Bunun ardınca başqa strukturlarımızın ora daxil olması ilə burada ölkəmizə qarşı çıxan bir ovuc separatçını ram edib konstitusiyaya tabe etdirmək olar. Beləliklə də onlar görər ki, Sərsəng su anbarında birgə aparılan danışıqlarda kimsə kimisə “Stinger” və başqa silahlarla öldürməyib. Bu insanlar ora hərbi qüvvələrin müşayiəti olmadan keçmişdilər. Elə bu baxımdan Türkiyə-Azərbaycan bölgədə Rusiya ilə Yaxın Şərq proseslərinin içində olduğunun fərqindədir. İranla arzulanan münasibətlər də o idi ki, dini-ideoloji basqı bizim üzərimizə gəlməsin. Təəssüf ki, bu basqı hər gün genişlənir, artır. “Bakı respublikası”, “ana vətən”, “nənə-baba” anlayışı və sair üzərindən bizə qarşı elə ittihamlar yağıdırırlar ki, sanki İranın bütün qlobal problemlərinin səbəbi yalnız Azərbaycanın müstəqilliyi və iki il öncə qazandığımız parlaq qələbədir. 2020-ci ilin 26 sentyabrına qədər onlar bunu bir formada gizlədə bilirdilər. İndi dini terminlə desək, bütün məsələlər həmin geyimdən, libasdan kənara çıxıb. Biz bunun fonunda öz təhlükəsizlik tədbirlərimizi həyata keçirərkən bir daha onu bəyan edirik ki, qələbəmiz ona bölgənin təhlükəsizliyi üçün yanaşanların hamısının zəfəridir. Bu, ilk növbədə dünya azərbaycanlılarının qələbəsidir. Görünən odur ki, başqaları məhz bundan narahatdırlar. Azərbaycanı cazibədar edən səbəbə görə, onlar əsəbi və qəzəblidirlər. Hamı da bilir ki, fərdlər kimi dövlətlər də əsəbi addımlar atdıqda onun zərbəsi özlərinə qayıdır. Çünki bircə güllə atmaq kifayətdir ki, hələ oyanmadığı, təhsillə, məktəblə təmin olunmamış insanların İrandakı hakimiyyət əleyhinə şiddətli mübarizəsinin dərəcəsi artsın. Ona görə də, hazırda Qafqazlar dünyanın ən dinamik, geosiyasi transformasiya dövrünü yaşayır. Azərbaycan burada özünün öncül mövqeyini, təşəbbüskarlığını əldə saxlayacaq”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər