24 Dekabr 2022 23:38
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Gürcüstanın eks prezidenti Mixail Saakaşvilinin başına gətirilənləri Moderator.az-a şərh edib:

Teleqraf.com Q.Həsənquliyevin müsahibəsini təqdim edir.

- Qüdrət bəy, Saakaşvilinin sağlıq durumunun olduqca ağır olduğu bildirilir. O qərbyönümlü siyasətçi olub. Bu gün Gürcüstan da qərbyönümlü siyasət yürütdüyünü bəyan edir. Belə olduğu halda, o niyə əfv olunmur və Qərb niyə onun azadlığı üçün Gürcüstana təzyiq etmir?

- Qərb liderləri öz xalqları qarşısında sifətlərini qorumaq üçün yumşaq formada onun azadlığını İvanişvilidən xahiş edirlər. İvanaşviliyə yox, Putinə müraciət etmək lazım olduğunu bilə-bilə yanlışlığa yol verirlər. Onlar yaxşı bilirlər ki, İvanişvili yalnız Putini eşidər.

Niyə təzyiq etmirlər, çünki özləri də onun ötkəmliyini xoşlamırlar. Qərbdə çoxları belə hesab edir ki, 2008-ci ildə o güc tətbiq etməklə Cənubi Osetiyanı azad etmək istəyib və bununla da Rusiya ilə Qərb arasında gərginlik yaradıb. Saakaşvili Qərb siyasətçilərini həbs olunmazdan öncə kəskin tənqid edirdi. Həm də Qərb Ukraynadakı müharibədən (yəni Rusiyadan) gözlədiyi siyasi nəticəni ala bilsə həmin an Ukraynanı danışıqlara və güzəştlərə məcbur edəcək. Saakaşvili azadlıqda olsa o zaman Zelenskiyə mənfi təsir edib prosesi çətinləşdirə bilər. Hazırda Saakaşvilinin ölümü çoxlarına sərf edir. O, artıq Qərbdə də çoxları üçün "baş ağrısı"na çevrilib.

- Bəs, Gürcü xalqı niyə onun azadlığı üçün iradə ortaya qoymur?

- Gürcüstanda xalq hüquqi dövlət qurmağa hazır olmadığı bir zamanda Saakaşvili yuxarıdan islahatlar yolu ilə azad, demokratik cəmiyyət qurmaq istədi. Bu məqsədə çatmaq üçün bəzən sərt, çox da populyar olmayan qərarlar da qəbul etdi. Gürcüstanda çoxları qanunları pozmaqla yaşamağa öyrənmişdi. Həmin mentaliteti dəyişmək üçün 10 il çox az zamandır. Gürcülərin bir çoxu Rusiya ilə əlaqələr hesabına həyatlarını təmin edir.

Qorxurlar ki, Saakaşvilinin hakimiyyətə qayıdışı yenidən Rusiya ilə əlaqələrin kəsilməsinə, yeni müharibəyə səbəb ola bilər. Gürcüstanın siyasi elitasında çoxlu rüşvətxor siyasətçi və məmur var idi. Bir çox ziyalısı isə ələbaxan zümrədən ibarət idi.

Onlar savadlı və zəngin olduqlarından sadə insanlara təsir edə, onları ələ ala bilirdilər. Çoxları onların öyrəşdiyi həyatı Saakaşvilinin yenidən hakimiyyətə gəlməklə pozacağı qorxusundan onun həbsdə ölməsini daha məqbul hesab edir. Əhalinin bir hissəsi isə hesab edir ki, baş verənlərin ona aidiyyatı yoxdur.

- Belə düşünürsünüz ki, çoxluq üçün yaşayış ənənələri və sosial şərait daha əhəmiyyətlidir?

- Siyasətlə məşğul olan hər kəs bilir ki, kütlə bir həddə qədər nəyinsə xatirinə müvəqqəti çətinliklərə dözə bilər. Ancaq az sonra onların öyrəşdiyi həyatı pozan, onu çətinləşdirən siyasətçidən imtina edirlər. Bu, bütün xalqlar üçün xarakterikdir. Saakaşvilinin cinayəti zamanı qabaqlamaq cəhdi idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər