Prezident İlham Əliyevin Macarıstana səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Macarıstan arasında münasibətlər yüksək səviyədədir. Sözsüz ki, iki dost və tərəfdaş ölkə arasındakı ikitərəfli əlaqələr bundan sonra daha da dərinləşəcək. Bundan sonra da hər iki ölkə təmsil olunduğu təşkilatlarda bir-birinin maraqları və mövqelərini müdafiə edəcək. Bu münasibətlərin xarakteri isə səmimi dostluğa və qarşılıqlı hömət və ehtirama əsaslanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin mövqeyinə xidmət etməklə yanaşı Avrasiya qitəsi üçün çox böyük önəm kəsb edir: “İki ölkə arasında imzalanmış olan strateji tərəfdaşlığa dair sənədlər münasibətlərin bariz nümunəsi hesab edilir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasi xətt etibarlı tərəfdaşlığa və qarşılıqlı maraqlar müstəvisində əlaqələrin formalaşmasında başlıca amil kimi qiymətləndirilir. Məhz həyata keçirilən uğurlu siyasi strategiya enerji sahəsində əməkdaşlıq üçün də başlıca zəmin formalaşdırıb”.
Deputat hesab edir ki, Azərbaycan özünün enerji resursları ilə bu gün Avropa məkanında əsas mövqeyə sahibdir: “Avropanın hazırkı həssas dönəmində enerji təhlükəsizliyində Azərbaycanın başlıca rolu yüksək qiymətləndirilir. İki il öncə icra edilən və bu gün Avropa istehlakçılarının təchizatında mühüm rol oynayan Cənub Qaz Dəhlizi bu mənada xüsusi ilə qeyd edilməlidir. Artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırmaqla bu regionda da başlıca təchizatçı və etibarlı tərəfdaş kimi qəbul edilir. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Bunun üçün vacib olan resurslar və siyasi iradə mövcuddur. Atılan bu addımlarla tarixə qovuşmuş NABUKKO layihəsinin də canlanması müşahidə edilir. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazını Macarıstana daha sonra isə digər Avropa ölkələrinə çatdırmaq mümkün olacaq. Bu mənada Macarıstan həm də artıq istehlakçı ölkə olmaqla yanaşı tranzit kimi çıxış edəcək”.
Eldar Quliyev deyib ki, Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonrakı inkişafı Prezidentin son səfərində iki ölkə arasında imzalanan strateji yol xəritəsinə əsaslanacaq: “İki dövlət arasında imzalanan və müxtəlif sahələri əhatə edən sənədlər əlaqələrin bundan sonrakı xarakterindxə özünü daha qabarıq göstərəcək. II Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə və digər məsələlərdə Macarıstanın təcrübəsindən geniş şəkildə istifadə olunacaq. Bütün bunların fonunda Azərbaycanın Şərqi Avropa ölkələri ilə tərəfdaşlıqda artan nüfuzu və mövqeyi önəmli yer tutur. Bu xüsusda Macarıstanın baş naziri Viktor Orbanən Prezident İlham Əliyev haqqında səsləndirmiş olduğu yüksək firkilər Onun artıq dünya miqyasında qəbul edilən bir Siyasi Lider kimi tanındığının bariz nümunəsi hesab edilir. Bundan öncə Serbiya prezidenti Aleksandr Vuçiç də Prezident İlham Əliyev barəsində ən yüksək fikirlər bildirmişdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan bu gün dünyada qalib ölkə olmaqla yanaşı öz Liderinin yüksək xüsusiyyətləri ilə də tanınır, qəbul edilir”.