90-cı illərin əvvəllərində Azərbaycanda idarəetmədə, siyasi hakimiyyətdə vəziyyət olduqca acınacaqlı idi. Həmin vaxt Azərbaycan ordusunun Xankəndiyə hücum etməsi mümkün deyildi. Çünki ordu belə doğru-düzgün təşkil edilməmişdi. Qarabağ ətrafında olan yaşayış məntəqələrinin, kəndlərin müdafiəsi üçün zəruri tədbirlər görülməmişdi.
Bunu Teleqraf.com-a 1992-ci ilin 10-12 fevral tarixlərində Malıbəyli və Quşçular kəndlərində ermənilərin törətdiyi qanlı qırğının mahiyyətini şərh edən Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Malıbəyli ilə Xankəndi arasında olan məsafə heç 1 km deyil: “Quşçular kəndi bir qədər uzaqda yerləşir. Amma bu kəndlər yerli əhalinin gücü hesabına müdafiə olunurdu. Orada yerli adamlardan təşkil edilmiş özünümüdafiə dəstələri ilə düşmənə qarşı sona qədər mübarizə aparıblar. Xankəndidə olan çoxsaylı erməni silahlı dəstələrinə qarşı Malıbəyli və Quşçular sakinləri özlərini müdafiə etməyə çalışıblar”.
Deputat bildirib ki, belə bir ağır vəziyyətdə qalan Malıbəyli və Quşçulara o vaxtki Azərbaycan hökuməti tərəfindən heç bir köməklik edilməyib: “Bu kəndlər 1988-ci ilin fevralından, yəni ermənilərin ortaya atdığı “Dağlıq Qarabağ” məsələsi ilə bağlı bütün təhdidlərə, hücumlara qəhrəmanlıqla sinə gərirdi. Amma bütün bunlara baxmayaraq 1992-ci ilin fevralın 11-i gecəsi erməni hərbi dəstələri və o dövr Xankəndidə dislokasiya olmuş 366-cı alayın köməkliyi ilə Malıbəyliyə, Quşçulara hücum etdi. Bir gecədə bu kəndlər işğal edildi, insanlara divan tutuldu”.
Elman Məmmədov deyib ki, həmin hücum vaxtı Malıbəyli, Quşçular camaatı dağ yolu ilə Abdalgülablı istiqamətində ərazidən çıxmağa çalışıb: “Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər bu cür qanlı terror, soyqırımı aktları ilə Azərbaycan xalqının gözünü qorxutamağa çalışırdı. Həmin vaxt orada olan yerli döyüşçülərlə, başda Azay Kərimov olmaqla insanların mümkün qədər müdafiəsini təşkil etmək mümkün olub. Məhz bu qəhrəmanların hesabına daha böyük qırğının qarşısı alınıb. Çünki bu kəndlər uzun müddət idi ki, blokada şəraitində yaşayırdı”.