18 Fevral 2023 09:06
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İrəvan növbəti dəfə Bakıdan sülh müqaviləsi ilə bağlı təklif aldığını, düzəliş edərək geri göndərdiyini açıqladı. İrəvandan tez-tez belə açıqlamalar verilir. Sizcə, proses bu formada nə vaxta qədər davam edəcək, nəhayət, istənilən sonluğa nə vaxt çatacağıq?

- Görünən budur ki, Ermənistan yenə də vaxt uzatmaqla məşğuldur. Ermənilərin göndərdikləri sülh müqaviləsinin mətni bizi qane edə bilməz, çünki orada Qarabağla bağlı müddəa var. Bu da bizim üçün qəbuledilməzdir. Təəssüflər ki, vasitəçilər də bu məsələyə biganə yanaşırlar. Belə anlaşılır ki, vaxtın uzadılması Ermənistan üçün də məqbuldur. Çünki Azərbaycanın şərtləri bəllidir və bu, onları qane etmir.

Azərbaycan deyir ki, Ermənistan bu sülh müqaviləsi ilə ona qarşı əsassız ərazi iddialarından əl çəkməlidir. Vasitəçilər isə müxtəlif yollarla “status” məsələsini gündəmdə saxlamaq istəyirlər. Bura həm Qərb, həm də Rusiya daxildir. Görünən budur ki, vaxtın uzanması onların da maraqlarına cavab verir. Onlar heç vaxt Ermənistana təzyiq göstərməyiblər, indi isə heç bu niyyətdə deyillər.

Belə bir mənzərə yaranır ki, Ermənistana mətni hazırlamaq üçün müəyyən vaxt verilib, onlar da mətn hazırlamaq xatirinə bu işlə məşğuldurlar, yəni zaman udmağa çalışır.

Bizə mətn lazım deyil, müqavilə lazımdır. Bunda Ermənistanla yanaşı, vasitəçilər də rol oynamalıdrlar.

- Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsi Rusiya tərəfindən hədə ilə qarşılandı. Bu, İrəvan-Moskva əlaqələrini xeyli gərginləşdirib. Qərb isə geri çəkilmək fikrində deyil. Sizcə, Ermənistanda qızışan Qərb-Rusiya mübarizəsi necə nəticələnə bilər?

- Təbii ki, Ermənistan bu qarşıdurmadan istifadə edir, öz məqsədlərinə yönəltməyə çalışır. Qismən də bu alınır. Almaniya polisi və Fransa jandarmalarının sərhədə göndərilməsi qərarından da Ermənistan siyasi alver məqsədilə istifadə etmək istəyir. Amma bu alverin şərtlərini müəyyən etmək çətindir. Ermənistan təxminən bunu etmək istəyir ki, kim Azərbaycanla qarşıdurmada onu qətiyyətlə dəstəkləsə, onun tərəfində olacaq.

Təəssüf ki, Qərb də bu prosesdə iştirak edir. Sanki Qərb öz maraqlarını təmin etmək əvəzinə Ermənistanın maraqlarına xidmət edir, onu daha da qızışdırır. Məsələn, 200 Fransa jandarması və ya Almaniya polisi bölgədə nəyi dəyişəcək? Heç nəyi. Amma bu, Ermənistanın əlində Azərbaycana qarşı alət, Rusiya ilə alver etmək üçün vasitədir. Məsələ budur.

- Separatçı Ruben Vardanyan Moskvadan qayıtdıqdan sonra o qədər də fəal görünmür. Hətta onun təbliği ilə məşğul olan Ermənistanın media resursları da bu haqda demək olar ki, yazmırlar. Baş verənləri necə şərh etmək olar?

- Vardanyan layihəsi ilkin mərhələdə özünü doğrultmadı. Amma bu, uzunmüddətli projedir, Rusiya bunu belə istifadə etmək niyyətindədir. İndi əvvəlcə özünü doğrultmayan bu layihəni yenilədilər, belə desək, format etdilər. Vardanyan regionda peyda olduqdan sonra yeni proseslər başladı. Bu proseslər heç də Rusiyanın xeyrinə deyil. Bu gün Vardanyanın fəallığı davam etsəydi, daha mürəkkəb durum yarana bilərdi. Buna görə də Vardanyanı çağırdılar ki, yeni təlimatlar versinlər və proseslər Rusiyanın arzuladığı istiqamətdə getsin.

Vardanyanın Moskvadan qayıtdıqdan sonra hansı hərəkətləri edəcəyi məlum deyil. Yenidən açıq-aşkar şəkildə təxribatçı fəaliyyətlərlə gündəmə gəlsə, növbəti dəfə gərginlik yaratsa və ya bunu artırsa, əlbəttə, biz buna sərt reaksiya verəcəyik. Bütün hallarda Vardanyanın Qarabağda olması bizim üçün qəbuledilməzdir, bunu da deyirik. İnnən belə də hansı təlimatı verirlər-versinlər, nə qədər istəyirlər yeniləsinlər, bu separatçı layihə baş tutan deyil.

- Türkiyə-Ermənistan əlaqələrində yeni gəlişmə var. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər etdi, bundan əvvəl isə sərhəd otuz ildən sonra humanitar məqsədlər üçün açıldı. Sizcə, Türkiyə-Ermənistan sərhədlərinin daimi açıq qalması hansı şərtlərə bağlıdır?

- Məncə, bu, sırf Ermənistan-Azərbaycan münasibətlərinin təmzimlənməsi ilə bağlıdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Ankaradakı görüşündə erməni həmkarı Ararat Mirzoyana bildirdi. Çavuşoğlu dedi ki, əgər Cənubi Qafqazda dayanıqlı sülh istəyiriksə, o zaman bütün problemlər həll edilməli və münasibətlər tənzimlənməlidir, o cümlədən Ermənistan-Azərbaycan istiqamətində olan məsələlər.

Bəllidir ki, Türkiyə bu məsələlər həll olunmadan sərhədlərini Ermənistana açmayacaq. Keçid məntəqəsinin açılması o demək deyil ki, bu, həmişə açıq qalacaq. Ermənistanın da, Mirzoyanın da istəyi budur ki, əgər bu keçid məntəqəsi açılıbsa, həmişə də elə qalsın. Ermənistan bu durumdan istifadə etməyə çalışır, amma baş tutan deyil. Ermənistan isə çalışır ki, Azərbaycanla problemlərini bu məsələdən kənar saxlasın. Bundan kənar proses isə Azərbaycan-Türkiyə əlaqələrində problemlər yarada bilər. Bunu Türkiyə də anlayır, ona görə də buna yol verilməyəcək və sinxron addımlarımız bundan sonra da davam edəcək.

Avropa Birliyinin nümayədəsi Toivo Klaar bunu “tarix səfər” adlandırdı və buna xüsusi don geyindirməyə çalışdı. Görünən budur ki, Avropa Birliyi Türkiyə-Ermənistan dialoqunun Ermənistan-Azərbaycan dialoqundan kənarda olmasını istəyir. Amma burada son sözü deyən tərəflər Türkiyə və Azərbaycandır. Hər iki ölkə anlayır ki, buna yol vermək olmaz. Ona görə də Ermənistan və Avropa Birliyinin bu yöndəki istək və səyləri heç nəyi dəyişməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər