Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Münxen Təhlükəsizlik Konfransında sülh və sərhəd keçid məntəqələrinin yaradılması ilə bağlı vacib şi mesajlar verildi. Necə düşünürsünüz, qısa zamanda hər iki müstəvidə irəliləyişin olacağı mümkündürmü?
- Hələlik bu istiqamətdə konkret nəticələrin olacağını söyləmək çətin olar. Çünki burada razılaşdırılan tərəflərdən biri ABŞ olsa da prosesə təsir edəcək digər tərəflərin də mövqeləri önəmlidir. Çünki burada ilk növbədə Rusiyanın mövqeyi daha önə çıxır. Onun bu prosesin nə dərəcədə irəliləməsinə maraq göstərəcəyi məlum deyil. Digər tərəfdən isə Fransanın reallıqdan uzaq və özünü başqa dünyalarda hiss edən prezidenti Emannuel Makronun da bu məsələdə erməni kimi danışması, işğalçı zehniyyətə sahib olması proseslərin müəyyən dərəcədə çətinləşməsinə gətirib çıxara bilər. Amma Azərbaycan Prezidenti əslində burada optimal ola biləcək bütün real təklifləri irəli sürdü. Burada hətta burada müəyyən dərəcədə bərabərlik kimi ehtiva olunmasa da siyasi baxımdan yanaşma üçün bir təklif irəli sürüldü. Bu da nəzarət-buraxılış məntəqələrinin Qarabağ və Naxçıvanla bağlı nəzərdə tutulması bağlıdır. Çünki burada hüquqi cəhətdən bərabərlik yaratmaq doğru deyil. Ərazi Azərbaycana məxsusdur. Məhz bu konteksdə Laçın və Zəngəzur dəhlizi mahiyyət etibarı ilə eyni statusa malik deyil.
- Sizcə, Azərbaycanın nəzarət-keçid məntəqələri ilə bağlı təklifindən Ermənistanın imtina etməsi nə dərəcədə realdır?
- Bu əslində Azərbaycan ərazisində yaşayan erməni əhaliyə müəyyən bir dövr üçün kommunikasiya imkanları yaratmaq üçün humanitar bir addımdır. Belə bir vəziyyətdə siyasi cəhətdən bərabərlik anlayışı ilə yanaşacağımız bir layihənin təqdim edilməsi ilə bundan erməni tərəfinin imtina etməsinin çox ciddi fəsadları ola bilər. Bunun nəticələrinin erməni tərəfi üçün ağır olacağı da gündəmə gətirilib. Azərbaycan bununla bildirir ki, iki dövlət arasında sərhəd xəttləri bəlli olmalıdır. Bundan sonra hansısa mübahisəli məsələ üzərində dayanmaq olar. Əslində bununla sərhəd məsələsi ilə bağlı proseslər də həll oluna bilər.
- ABŞ-ın Rusiya ilə bölgə uğrunda rəqabəti fonunda belə bir təşəbbüsdə olması nə dərəcədə məntiqli görünür?
- Amerikanın bu məsələdə təşəbbüskar kimi çıxış etməsi vacibdir. Görünən odur ki, Fransa bu prosesə qoşulmaq istəyir. Münxendə panel müzakirədə Makron açıq-aşkar “dostum Paşinyanın yanında olacağam” dedi. Ola bilər ki, Paşinyan buna görə Makronun ayaqqabılarının tozunu alsın. Amma bunlar Azərbaycanı qətiyyən maraqlandırmır. Çünki Azərbaycan Makronu hansısa bir erməni məmuru kimi qiymətləndirir. Makronun bütün mövqeyi Fransanın iradəsi kimi anlaşıla bilməz. Fransa kimi bir dövlət özünü kiçik bir Ermənistan üçün sanki girova çevirib. Bu baxımdan Azərbaycanın təkliflərindən imtina məhz rəqib tərəf üçün problem yarada biləcək mahiyyətdədir.
- Ruben Vardanyanla bağlı Azərbaycanın mövqeyi bəllidir. Artıq onun Qarabağdan birdəfəlik uzaqlaşdırılmasına başlanıb. Qurgen Nersisyanın onu əvəzləyəcəyi bildirilir. Beləliklə bir ermənini digər erməni əvəz edir. Bunun prosesə nə təsiri olacaq?
- Sözsüz ki, burada ermənidən-erməniyə fərq var. Separatçı, yekə baş erməni ilə dinc, yanaşı yaşamaq, reallıqları qəbul edən erməni obrazları fərqlidir. Burada Paşinyanla quldur Robert Köçəryan obrazları fərqli olduğu qədər bir yanaşma var. Müəyyən dərəcədə Qarabağın Paşinyanını tapıb, onun Azərbaycan hüquqları çərçivəsində yaşam problemi ilə bağlı müzakirəyə cəlb olunmasını təmin etmək olar. Burada erməni icmasının azərbaycan icması ilə necə yaşayacağını müəyyənləşdirmək maraqlı hədəfdir. Çünki Vardanyan mahiyyətcə Köçəryan xəttinin davamçısı idi. Onlar hələ də ümid edirdilər ki, işğal və separatçılıqla bölgədə qalmaq mümkün olacaq. Digərləri isə bu mövzudan kənara çıxacaq fikirlər səsləndirə bilmir. Şübhəsiz ki, reallığı qəbul edən və erməni xalqının Qarabağda yaşamasını istəyən müəyyən qüvvələr də mövcuddur. Separatizmin sona qədər gedəcəyi mümkün deyil. Azərbaycan oradakı separatçılara ciddi bir qulaqburması verəcək. Ölkəmizin mövqeyi də məhz onu ehtiva edir ki, separatizm, terror və Azərbaycanda yaşamıram deyən erməni ilə işimiz yoxdur. Vardanyan da məhz bu cür düşünən ermənilərin obrazıdır.