Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların dondurulmasını qeyri-məhsuldar hesab edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ardıcıl töhfə verib. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. Nazirlik Laçın yolu ətrafında yaranmış vəziyyətin aradan qaldırılması üçün ciddi səylər göstərir. Ötən il dekabrın 12-dən, vəziyyət nə qədər gərgin olsa da, xeyriyyə təşkilatları ilə birgə rayona 2 ton yarımdan artıq humanitar yük daşınıb. Bölgədə danışıqlar proseslərinin bu bəhanə ilə dondurulmasını qeyri-məhsuldar hesab edirik”.
Onun sözlərinə görə, Rusiya regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun və Ermənistan-Azərbaycan sərhədi üzrə komissiyanın növbəti görüşlərinin, eləcə də xarici işlər orqanlarının rəhbərləri səviyyəsində sülh müqaviləsinin hazırlanması üzrə danışıqların aparılmasının yeni raundlarının təşkilində bütün lazımi dəstəyi göstərəcək.
Qeyd edək ki, ötən ilin dekabrında erməni tərəfi Moskvada keçirilən üçtərəfli görüşün növbəti raundunu pozmuşdu.