Qarabağ erməniləri Azərbaycanın dialoq təşəbbüslərinə sona kimi müsbət yanaşmayacaqsa, bu prosesin pozulmasına görə məsuliyyət onların üzərində qalacaq. Azərbaycan dövləti öz vətəndaşlarına Konstitusiya və qanunlara uyğun münasibət saxlayır. Amma vətəndaşların da dövlətə tabe olmaması tamam başqa məqsədlərdən xəbər verir. Bu daha ağır cəzalar üçün də zəmin yarada bilər.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib
O qeyd edib ki, Qarabağda yaşayan Azərbaycana qarşı qiyam qaldırmış erməni icması ilə başqa bir davranış sərgilənə bilər:
“Amma ümumilikdə Qarabağ və orada yaşayan erməni icması ilə bağlı Azərbaycan hər hansı tərəflə danışmayacaq. Bu məsələ ilə bağlı danışmaq Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bundan öncəki təcrübə də bunu göstərdi. Qarabağa kənar qüvvələr müdaxilə etdikcə burada məsələlərin həll olunmaq perspektivi aşağı düşür. Ona görə də, Azərbaycan burada üçüncü tərəflərin mövqeyinə imkan vermir”.
Sərdar Cəlaloğlu hesab edir ki, rus sülhməramlılarının da davranışı birmənalı qarşılanmır:
“Görünən odur ki, Rusiya Cənubi Qafqazı təsir dairəsində saxlamaq üçün bütün imkanlardan istifadə edir. Amma onun Ukrayna cəbhəsində zəifləməsi əvvəlki sərt imperialist maraqlarından imtina etməyə məcbur edəcək. Belə olan halda Azərbaycan da əlverişli bir məqamda rus sülhməramlılarını ərazidən çıxarmağa nail olacaq”.