Video əlavə olundu:
***
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan iddia edir ki, Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasında irəliləyiş var. Bunu mümkün hesab edirsinizmi?
- İrəliləyişin olduğunu düşünürəm, çünki ümumi vəziyyət bunu diktə edir. Digər yandan, Qərb bu və digər formada münaqişə rejiminə son qoymaq istəyir. Çünki münaqişə gündəmi Rusiyanın regionda fəallaşmasına səbəb olur. Qərb hesab edir ki, öz şərtləri ilə münaqişəyə son qoyulsa və sülh müqaviləsi imzalansa, Rusiyanın bölgəyə müdaxiləsi azalacaq. Bu, bizi qane edir. Çünki Azərbaycanın tələbləri Qərbin təklifləri ilə uzlaşır.
Ərazi bütövlüyünün toxunulmazlığı və separatizmə qarşı addımlar həm də Qərbin prinsiplərinə uyğundur. Çünki Qərb Ukrayna ilə bağlı da eyni problemlərlə üzləşib, o səbəbdən də bu dəst-xətti dəstəkləyir.
Ermənistan rəhbərliyi qərbpərəst mövqe tutur, Rusiyadan asılılığı azaltmaq istəyir. Ona görə də Ermənistan oyun qaydalarını qəbul etməyə məcburdur. Yeri gəlmişkən, bu oyun qaydaları bizim iştirakımızla müəyyən olunur. Aparılan danışıqlarda Qarabağ erməniləri ilə bağlı məsələlər Ermənistan tərəfindən qaldırılır. Biz də Qərbin yanaşmasını irəli çəkərək, bu məsələnin qabardılmaması üçün öz işimizi görürük.
Biz Qərbə deyirik və göstəririk ki, siz özünüz ərazi bütövlüyü və separatizmin qəbuledilməzliyi ilə bağlı çoxsaylı qətnamələr qəbul etmisiniz, sənədlər imzalamısınız. Həmin sənədlər indi də qüvvədədir və bu məsələlərə fərqli yanaşma mümkün deyil.
Proses bu istiqamətdə gedir. Bu minvalla davam etsə, Ermənistan ümumi məntiqə uyğunlaşmaq məcburiyyətində qalaraq, sülh müqaviləsinə imza atacaq.
- Bəs Rusiya buna qarşı hansı həmləni edə bilər?
- Vardanyan projesi göstərdi ki, Rusiyada bəzi dairələr hələ də separatizm amilindən əl çəkməyiblər, xarici siyasətdə bundan istifadə edirlər. Ermənistandan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə silah-sursatın daşınması da, rus hərbçilərinin separatçılarla yaxın təmasları da bunu göstərir, təəssüf ki, keçmişdən qalma siyasət hələ də davam etdirilir.
Bu qanunsuz daşınma sülhməramlıların təmasları ilə həyata keçirilir və bu yolverilməzdir. Müharibədən sonra rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatlarının keçirilməsi də göstərdi ki, baş verənlərə seyirçi qalmayacağıq.
Xankəndi ətrafında baş verən son təxribat antiterror əməliyyatlarının davam edəcəyi ehtimalını yüksəldir. Bunun üçün lazımi məqam gözlənilir.
Məsələ budur ki, Azərbaycan bölgədə anti-Rusiya siyasəti aparmır. Anti-Rusiya siyasətini Ermənistan aparır. İndi Azərbaycanla da üz-üzə qalsa, onu da itirsə, regionda Rusiya üçün acınacaqlı durum yaranacaq. Biz bunu ruslara deyirik ki, Ermənistanı itirirsiniz, Azərbaycanı da itirə bilərsiniz. Hələ ki Rusiya ilə siyasi müstəvidə danışıqlar gedir, hərbi-siyasi addımlara üstünlük vermək istəmirik, hər halda bəzi məqamları gözləyirik. Düşünürəm ki, maraqlarımız nəzərə alınmasa, biz təhlükəsizliyimizlə bağlı birtərəfli qaydada lazımi tədbirləri görəcəyik. Rusiya da bunu çox gözəl başa düşür.
- Paşinyan onu da deyir ki, sərhəddə və Qarabağda eskalasiya ehtimalı yüksəkdir. Bundan əvvəl ABŞ kəşfiyyatı da belə bir iddia irəli sürmüşdü. Siz bu haqda necə düşünürsünüz?
- Bəli, yüksəlib. Ermənistandan Qarabağın dağlıq hissəsinə silah-sursatın, hərbçilərin daşınması, oradakı hərbi infrastrukturun möhkəmləndirilməsi nəyə hesablanıb? Əlbəttə, münaqişəni alovlandırmağa hesablanıb. Hərbi infrastukturu möhkəmlədirlər, yeni istehkamlar qurmağa çalışırlar, hərbi mühəndislik işləri görürlər. Əlbəttə, bunlara kənarda sakit baxa bilmərik. Vaxtilə bu kimi addımların atılması müharibəyə gətirib çıxarmışdı. Proses yenə də həmin istiqamətdə gedir.
Təəssüf ki, bu prosesdə Rusiya sülhməramlıları da iştirak edir. Vəziyyət kritik həddə çatsa, əlbəttə, hərbi toqquşma ola bilər. Söhbət ondan getmir ki, ABŞ və ya Paşinyan münaqişənin alovlanmasından narahatdırlar və bunun əlamətlərini dilə gətirirlər, söhbət ondan gedir ki, onlar münaqişənin gündəmə gəlməsinin qarşısını almaq üçün heç nə etmirlər.
Əksinə, Ermənistan öz hərəkətləri və fəaliyyətləri ilə buna rəvac verir. Digər tərəflər isə Ermənistana təsir və təzyiq etmirlər. İndi Avropa Parlamenti Azərbaycana qarşı bədnam addım atırsa, bəs niyə Ermənistanın təxribatlarına göz yumurlar?
Təəssüf ki, beynəlxalq ictimaiyyət yenə də baş verənlərə biganə qalır. Sonra da “təəccüb”lənirlər ki, müharibə haradan başladı, niyə oldu?
- Bəs mümkün hərbi toqquşmanın nəticələri necə ola bilər?
- Hər halda Ermənistan üçün acınacaqlı olacaq. Çünki hər qarşıdurmadan sonra Ermənistanın danışıqlar prosesindəki mövqeyi xeyli zəifləyir. Təcrübə də bunu göstərir. Əgər Ermənistan mövqelərinin tam zəifləməsini istəmirsə, onda qabaqlayıcı tədbirlər görməlidir. Yox, əgər düşünürlərsə ki, bu dəfə Fransa, ABŞ və ya Rusiya əlinə silah alıb onların əvəzindən döyüşəcək, yanılırlar.
Heç bir ölkə burada Azərbaycana qarşı çıxış edə bilməz – xüsusən də adını çəkdiyim ölkələr. Hər kəsin öz marağı var.
Məsələn, inanmıram ki, Rusiya Ermənistana görə Azərbaycanla üz-üzə qalmaq istəsin. Avropa Birliyi və ABŞ da həmçinin. Reallıq budur ki, Avropa Birliyi Azərbaycanın enerji resurslarından, Rusiya da ölkəmizdən keçən strateji kommunikasiyalardan imtina edə bilməz. Eyni zamanda, Rusiya Türkiyə ilə üz-üzə qalmaq niyyətində deyil. ABŞ-ın da burada öz maraqları var – xüsusən İranla bağlı. Həmin dövlətlər Ermənistana görə öz maraqlarını qurban vermək istəməzlər.
Ermənistan rəhbərliyi anlamalıdır ki, onun siyasi oyunları müəyyən qədər effektli ola bilər, amma bundan artığını gözləməyə dəyməz. ABŞ-dan, Rusiyadan və ya Avropadan boş və mənasız təəssübkeşlik ala bilərlər, amma bu ölkələr praktiki baxımdan heç bir ciddi addım atmayacaqlar.