28 Mart 2023 17:18
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son illərdə bütün sahələrdə müşahidə olunan dinamik, ardıcıl islahatlar və dayanıqlı inkişaf tendensiyası uğurla davam edir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma meyilləri gücənib. Prezident İlham Əliyevin rəhərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm iqtisadi, siyasi, həm də, hüquqi, demokratik dövlət quruculuğu baxımından ölkəmizin inkişafına ciddi töhfələr verir. Azərbaycanın Cənubi Qafqaz regionun aparıcı dövlətinə çevrilməsində həyata keçirilən məqsədyönlü islahatlar konsepsiyası önəmli rol oynayır. Son illərdə ölkəmizdə siyasi dialoqun, demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində mühüm addımlar atılıb. Siyasi dialoqun təşviq olunması istiqamətində dövlətin təşəbbüsləri konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə ciddi töhfə verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, siyasi sistemin daha da inkişaf etməsi və güclənməsi üçün siyasi münasibətlərdə sağlam müxalifətçiliyin formalaşması olduqca mühüm əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”. Sözsüz ki, dövlət maraqları, dövlətçilik və müstəqlliyimizlə bağlı məsələlərdə müxalifət iqtidar mövqeyi ola bilməz. Bu məsələlər Azərbaycan xalqının daxili birliyinin və həmrəyliyinin mayasını təşkil edən ən vacib məsələlərdir. Təbii ki, siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Artıq bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlar verib. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Belə hallar çoxpartiyalı sistemin möcud olduğu bütün ölkələrdə müşahidə olunan haldır”.

Millət vəkili hesab edir ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilir: “Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Bu gün ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf də məhz iqtidardır. Siyasi dialoqun təşviq olunması “Siyasi partiyalar haqqında” yeni Qanunun əhəmiyyətini önə çəkmiş olur. Bu Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Məhz “Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanan zaman ictimai fikrin öyrənilməsi təmin olunub. Bu məqsədlə Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilib) çıxarılmazdan əvvəl Qanun layihəsi sentyabr ayının 7-si Milli Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Yeni Qanunun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş). Həmçinin, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. “Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur” desək yerinə düşər. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır”.

Deputat hesab edir ki, artıq ölkəmizdə siyasi dialoq prosesi özünün təşəkkül dövrünü başa çatdırıb: “Artıq keyfiyyətcə yeni və daha effektiv nəticələrin əldə olunacağı mərhələyə keçib. Siyasi proseslərin inkişafı və siyasi dialoqun təşviq olunması ölkəmizdə milli maraqlara əsaslanan sağlam demokratik siyasi mühitin formalaşmasına təkan verir. Demokratiya və siyasi dialoqun təşviq olunması ölkənin daha da güclənməsində və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər