2020-ci ildə Azərbaycan 44 gün ərzində özünün ərazi suverenliyini təmin etdi. Beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyi qətnamələri Azərbaycan qətiyyətlə icra etdi və öz hüquqlarının sahibi olduğunu dünyaya göstərdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Torpaqlarımızın bir qismi döyüşlə, bir qismi isə Ermənistana siyasi təzyiq nəticəsində işğaldan azad edildi. Məhz bu reallığın nəticəsində gözləmək olardı ki, Ermənistan özünün işğalçılıq siyasətinin acı sonluğundan nəticə çıxardacaq və Azərbaycanla normal münasibətlər qurmağa çalışacaq. Amma bu baş vermədi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O hesab edir ki, Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir: “Bu ölkə yenə də Azərbaycanın daxili işlərinə qarışır, beynəlxalq birlikdə ölkəmizə qarşı müxtəlif siyasi, diplomatik təxribatlar törətməkdə davam edir. Göründüyü kimi Azərbaycan yenə də müəyyən təzyiqlərlə üzləşir. Ancaq Ermənistan və onu müdafiə edən beynəlxalq aləmdəki dairələr anlamalıdırlar ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki vəziyyətdə deyil. Azərbaycan son 30 il ərzində müstəqil dövlət kimi güclənib. Ölkəmiz özünün bütün sahələr üzrə inkişafını təmin edib. Bütün bunların nəticəsində Azərbaycan öz hüquqlarını qoruya bilir. Ermənistan və onu himayə edən dairələr bunu nəzərə almalıdırlar. Çünki onlar bunu qəbul etməyə məcburdurlar”.
Millət vəkili son dövlərdə baş verənlərin Azərbaycanın suveren hüququ olduğunu söyləyib: “Ölkəmiz öz sərhədlərindən kənarda hər hansı bir əməliyyat etməyib. Bütün proseslər Azərbaycanın ərazisi daxilində baş verir. Azərbaycan dəfələrlə öz daxilində olan istənilən təxribata cavab verməyə hazır olduğunu bildirib. Qarabağ iqtisadi zonasında yaşayan erməni icmasının nümayəndələri ilə dialoq qurmaq üçün Azərbaycan tərəfindən dəfələrlə təkliflər verilib. Bir görüş artıq baş tutub. Onlara ökə konstitusiyası daxilində bütün vətəndaşlarımız kimi hüquqlarının qorunacağı elan edilib”.
Aydın Mirzəzadənin fikrincə, dünyanın demokratik, sağlam düşüncəli kəsimi Azərbaycanın bu təşəbbüslərini görür və qiymətləndərir: “Ermənistanın isə etdikləri əbəsdir. Bu əslində Ermənistanın öz resurslarını boş yerə xərcələməsi, Azərbaycanla münasibətlər qurmaq kimi unikal imkanı itirməsi deməkdir. Azərbaycan isə suveren hüquqlarını kimi nə deməsindən asılı olmayaraq öz ərazisi üzərində bundan sonra da möhkəmləndirməkdə davam edəcək”.