İran tərəfi bir neçə gün bundan əvvəl Azərbaycana NOTA təqdim etdi. NOTA-da bir çox absurd məsələlər əksini tapıb. Burada Azərbaycan mediası ilə bağlı da bir sıra məqamlar da qeyd olunub. Sözügedən sənəddə İran tərəfi Azərbaycan mediasını İran əleyhinə təbliğat aparmaqda günahlandırır və Azərbaycan tərəfindən bu kimi cəhdlərin qarşısının alınmasını tələb edir. Reallıq isə ondan ibarətdir ki, 30 ildir İran mediası, xüsusilə “Səhər” kanalı Azərbaycan əleyhinə təbliğat aparır. Azərbaycanın dövlət atributları, Prezidenti və dövlət məmurları haqqında davamlı təxribat xarakterli məlumat və videolar yayır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, İran rejiminin sosial platformalarda yaratdığı telegram kanalları Azərbaycan əleyhinə gecə-gündüz təbliğat aparır, Azərbaycana qarşı hədyanlar səsləndirir:
“Həmkarımız Fazil Mustafa terror aktına məruz qaldığı gündən, İran mediası ciddi cəhdlə bu terrorun Azərbaycan tərəfindən törədilməsi ilə bağlı xəbərlər yayaraq ictimai rəyi çaşdırmağa çalışdı. Təəssüf ki, hər zaman düşmənin dəyirmana su tökməyə öyrəşmiş, ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirə bilməyən bir qrup “vətənşüvən” də bu kampaniyaya qoşuldu. Bu həm də onu göstərdi ki, Azərbaycanın düşmənlərinin hamısı eyni mənbədən qidalanır. Maraqlısı odur ki, İran aydındır. Bəs siz kimin yanındasınız? Çünki həmkarımıza yönəlmiş terror aktı bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə yönəlmiş sui-qəsd idi. Bu məsələdə hər kəs dövlətin yanında olmalı idi. Sizi isə hər zaman olduğu kimi yenə düşmənin yanında oldunuz”.
Deputatın fikrincə, əgər İran istəyirsə ki, Azərbaycan tərəfi qarşılıq verməsin, o zaman təxribatlara, Azərbaycan əleyhinə təbliğata, hədyanlara son qoymalıdır:
"Bir daha İranın apardığı zərərli və zəhərli təbliğatın qurbanlarına çağırış edirəm ki, Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərə son qoyun. Yoxsa sizi də eyni aqibət gözləyir. Bir gün mütləq hər biriniz qanun qarşısında cavab verəcəksiniz. Buna heç kimin şübhəsi olmasın”.
Ceyhun Məmmədov guya Azərbaycanda şiəliyə və şiələrə qarşı mübarizə aparılır təbliğatına heç kəsin aldanmamasını söyləyib:
“Azərbaycanda bu gün heç bir dinə və məzhəbə qarşı hansısa bir məhdudiyyət və qadağa yoxdur. Ancaq Azərbaycan din pərdəsi altında kiminsə ölkəmizin təhlükəsizliyinə təhdid yaratmasına imkan verməyəcək. Bunu hər kəs bilməlidir”.