Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Suriyada İran-İsrail gərginliyi yenidən artıb. İsrail son zamanlarda tez-tez İrana bağlı terrorçu hədəfləri vurur, hətta son zərbələrdə SEPAH-ın yüksək vəzifəli zabiti məhv edilib. İran isə öz dronları ilə İsrailin hava məkanını pozur. Sizcə, bu gəlişmə hansı nöqtəyə gedib çıxa bilər?
- Suriya ilə yanaşı, Livanda da baş verənlər göstərir ki, İsrail-İran gərginliyi yenidən yüksəlir. Mümkündür ki, son gəlişmələrdən sonra Suriya, Livan və Yaxın Şərqin digər bölgələrində müəyyən hərbi toqquşmalar yaşansın. Hazırda Suriya istiqamətində bunu müşahidə edirik. Bu yaxınlarda Qolan Təpələri istiqamətində də oxşar hadisələrin şahidi olduq. Həm Suriya, həm də Livanda İranın dəstəklədiyi qüvvələrə hava zərbələri endirildi. Qarşı tərəf isə İsrailin müəyyən nöqtələrinə zərbələr endirməyə cəhd göstərdi. Bütün bunlar prosesin kəskinləşməyə doğru getdiyini göstərir.
Yaxınlarda İsrail və İran arasında müəyyən təmaslar olmasa (bu da mümkün görünmür), gərginliyin daha da kəskinləşməsinin şahidi ola bilərik.
- ABŞ da, İsrail də tez-tez İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini deyir. ABŞ bunun qarşısının alınmasında diplomatik yolu, İsrail isə hərbi variantı dəstəkləyir. Sizcə, sonda seçim hansı olacaq?
- İran Vyana müqaviləsindən çıxdıqdan sonra ABŞ beynəlxalq koalisiya formalaşdıraraq dörd istiqamətdə Tehrana həmlələr etməyə başladı. Bunlardan biri İranın beynəlxalq təcridinə nail olmaqdır. Artıq ABŞ bu və digər formada həmin məqsədinə çatıb. Bu fonda Çinin vasitəçiliyi ilə İranla ərəb dövlətləri arasında danışıqların getdiyini də görürük. İran-Səudiyyə Ərəbistanı münasibətləri ilə bağlı proses buna misal ola bilər. Amma bu danışıqların real nəticələr verəcəyi ehtimalı aşağıdır. Vasitəçinin kim olmasından asılı olmayaraq, bu iki ölkənin əlaqələrinin yaxşılaşacağını, aralarındakı problemlərin çözüləcəyini düşünmürəm.
İkinci istiqamət, sanksiyalarla İranı iqtisadi cəhətdən çökdürməklə əlaqəlidir. Hazırda İran iqtisadiyyatınn mövcud durumu olduqca pisdir. İran iqtisadiyyatı darmadağın edilmiş bir durumdadır. Rial dollar qarşısında sürətlə dəyərini itirir, iri fabrik və zavodlar fəaliyyətlərini dayandırıb. Hər həftə şirkətlərin, zavodların və digər müəssisələrin əməkdaşları əmək haqlarının verilməməsi ilə bağlı tətillər edirlər, etiraz aksiyaları keçirirlər və sair.
Üçüncü həmlə, İranın Yaxın Şərqdəki mövqelərindən sıxışdırılıb çıxarılması prosesidir. Bu çərçivədə Suriya, İraq, Livan və Yəməndə müəyyən proseslərin getdiyini gördük. Ötən ilin yayında İraqda Müqtəda əs-Sədrlə bağlı baş verənləri xatırlatmaq istərdim. Bu, yalnız Nəcəf ilə Qum arasında ənənəvi tarixi rəqabət toqquşması deyildi, eyni zamanda, İranın İraqa təsirlərinin neytrallaşdırılması cəhdləri idi. Əlavə olaraq, Suriyada Türkiyə faktoru getdikcə ön plana çıxır, Livana İsrailin təzyiqləri artır. Danışıqlar getsə də, Yəməndə hələ də İran-Ərəb (Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya) qarşıdurmasının yaşandığının şahidi oluruq.
Dördüncü istiqamət, İranın öz daxili ilə bağlı məsələlərdir. Bu aspektdə iqtisadi, sosial, insan hüquqları, milli və dini (məzhəb) problemlərin qabardılması ilə kütləvi narazılıqlara diqqət çəkməkdir. Faktiki olaraq, son aylarda İranda bunu müşahidə edirik.
Deməliyik ki, Qərbin bütün bu istiqamətlər üzrə uğur qazanmasının əsas səbəbkarı elə İranın özüdür. Düşünürəm ki, təkcə diplomatik yox, qeyd etdiyim bu istiqamətlər üzrə addımların atılması İrana ciddi zərbələr vurur.
- Ayətulla rejimi həm region dövlətləri, həm də Qərbin bütün “qırmızı xətlər”ini keçib və sakitləşəcək kimi görünmür. Bu fonda Pəhləvi ailəsinin yenidən siyasi meydana çəkildiyini görürük. Hesab etmək olarmı ki, İranda dəyişikliyi üçün düyməyə basılıb?
- Bəli, İranda rejim dəyişikliyi məsələsi Qərbin masasındadır. Bununla əlaqəli müxtəlif variantlar var.
Pəhləvi məsələsinə gəldikdə, bu variantın real olacağını düşünmürəm. Çünki bu gün İran cəmiyyəti indiki rejimdən nə qədər narazı olsa da, Pəhləvilərin də ölkədəki amansız əməllərini unutmayıb. Xüsusən də türk xalqlarını, Azərbaycan türklərini nəzərdə tuturam. Zənn etmirəm ki, bütün xalqlar, elə farsların özləri Pəhləvilərin hakimiyyətə gəlmək istəyinə müsbət baxır.
İranda yaşayan xalqların ən böyük arzusu demokratik, azad və dünyəvi bir dövlətin qurulmasıdır. Bu baxımdan, bir təhlükədən qurtulub, özünü bir başqa təhlükənin içinə atmaq İran xalqının marağında olmamalıdır. Əlbəttə, başqa versiyalar var. Bu, İranın federallaşmasından tutmuş, müəyyən qopmalaradək bir prosesi əhatə edə bilər. Bunlardan hansının reallaşacağını gələcək göstərəcək.
- İran-Azərbaycan gərginliyi də hər keçən gün bir az da yüksəlir. Bunda da məsuliyyəti molla rejimi daşıyır. Bəs bu gərginlik haqda proqnozunuz necədir?
- İran rejimi özünə yaxın media və sosial şəbəkə hesabları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Burada Azərbaycanın müstəqilliyi və suverenliyinə qəsddən tutmuş, ölkəmizin dövlət atributlarının təhqir edilməsinin və qeyri-etik davranışın şahidi oluruq. Bu, qonşu ölkəyə yaraşmayan mövqedir. Bu fonda Tehranın guya Azərbaycan mediasının İran əleyhinə kampaniya apardığını deməsi və bunun dayandırılmasını istəməsi anlaşılmazdır. Azərbaycan mediası İrana qarşı kampaniya aparmır. Azərbaycan mediası sadəcə baş verənlərin obyektiv təhlilini ortaya qoyur, ictimaiyyəti məlumatlandırır və bilgiləndirir.
Azərbaycan mediası heç bir halda məsələlərə peşə etikası və dəyərlərinə xələl gətirə biləcək şəkildə münasibət bildirmir. Biz bunun əksini İran mediasında görürük. Təhqirlər, hədələr ünvanlanır, Azərbaycanın adı təhrif olunur. Bütün bunlar yolverilməzdir. Səfirliyimizə hücum, millət vəkilimizə qarşı terror – bütün bunlar İranın münasibətlərin normallaşmadan daha çox gərginləşməsində maraqlı olduğunu göstərir. Ümid edirik ki, İran gec olmadan daha adekvat və reallığa uyğun mövqe sərgiləyəcək. Bu, ilk növbədə, İranın öz maraqlarına cavab verən məsələdir.
- İran parlamenti İsraildə səfirlik açması ilə əlaqədar Azərbaycana qarşı bədnam bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Azərbaycanın bu addımının “mənfi siyasi nəticələr”i olacaq. Mollalar bunu deməklə nəyi nəzərdə tuta bilərlər?
- İranın parlamentinin nə deməsi bizim üçün maraqlı deyil. Mən xatırlamıram ki, Azərbaycan öz ərazisinin 20 faizi işğalda olduğu illərdə bir dəfə də olsun nə parlament, nə də digər səviyyələrdə İranın Ermənistanda konsulluq və səfirlik açmasına qarşı bu cür bəyanat versin. Onu da xatırlamıram ki, 1991-ci ildən bəri Azərbaycan tərəfindən rəsmi qaydada İran-Ermənistan strateji əməkdaşlığına yönəlik bir əks fikir söylənilsin. Hər bir ölkənin müstəqil və suveren hüquqları var. Hər bir ölkə özünə dost və tərəfdaş seçməkdə sərbəstdir – İran da, Azərbaycan da.
Ermənistan öz seçimini 1991-ci ildə edib. İranın Cənubi Qafqaz siyasətində Ermənistan ciddi önəmə malikdir. İran öz seçimində sərbəst davranır, bizim də seçimimizə hörmətlə yanaşmalıdır, ən azı buna borcludur. Yenə deyirəm: qonşuluğunda olan, eyni dini daşıyan bir ölkənin 20 faiz ərazisi işğal edilibsə və həmin ərazilərdəki məscidlərdə donuz saxlanılırsa və bütün bunları edən işğalçı ölkə ilə ilk gündən diplomatik və yaxın strateji müttəfiqlik əlaqələri qurmusansa, Birinci və İkinci Qarabağ müharibələrində gizli və açıq formada işğalçı tərəfə dəstək vermisənsə, indi nəyə etiraz edirsən? İran bu suallara cavab verməlidir.
Açığını deyim ki, İran parlamentinin nə deməsi, hansı qərarı verməsi bizim üçün maraqlı olmamalıdır.