Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İran xarici işlər naziri azərbaycanlı həmkarına zəng etdikdən sonra gərginliyin azalacağı ehtimalı yaransa da, SEPAH yenidən ölkəmizi hədələdi. Bu da onu deməyə əsas verir ki, Tehran gərginliyin səngiməsində maraqlı deyil. Azərbaycanla gərginlik onların nəyinə gərəkdir?
- İran adlanan dövlətin Azərbaycana münasibətində gərginliyin azalacağı və ya aradan qalxacağını düşünmək sadəlövhlükdür. Bu gərginlik həmişə olub və bundan sonra da olmağa davam edəcək. Bunun da səbəbi çox sadədir. Birincisi, İran indi öz xarici siyasətində yenidənqurma işi ilə məşğuldur. Məqsəd Bəsrə körfəzi ölkələri ilə münasibətləri normallaşdırmaq və bu çərçivədə öz məqsədlərinə çatmaqdır. İran mediası və siyasiləri Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanıyla əldə edilmiş anlaşmanı “böyük uğur” kimi qələmə versələr də, bu, belə deyil. Çünki Səudiyyə Yəməndəki müharibəni dayandırmaq üçün İranla bu anlaşmaya gedib. Məsələ budur ki, Yəmən bir yox, bir neçə müharibənin getdiyi məkandır. Orada şimalla cənub – Husilərlə hakimiyyət və tayfalar arasında müharibə var. Yəni ora kim girsə, məğlub olub çıxacaq. Digər məsələ budur ki, Yəmən dünyanın ən böyük “qara silah bazarları”ndan biridir. Bu bazarda da hər kəs öz marağını güdür.
İran Bəsrə körfəzi ilə yanaşı, Cənubi Qafqazla bağlı problemlərini də həll etmək qərarına gəlib. SEPAH-ın hədələri, Azərbaycana ünvanlanmış bəyanatları, isteriyası və hay-küyü də bununla bağlıdır. İran gözəl başa düşür ki, Zəngəzur dəhlizi işə düşdükdən sonra Ermənistan vasitəsilə Qara dənizə çıxışını itirə bilər. İran başa düşür ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi həmin dəhliz Şimal-Cənub layihəsi üçün təhlükədir.
Üçüncü məsələ isə Azərbaycanın təhlükə və təhdid mənbəyi kimi qəbul edilməsidir. Molla rejimi yaxşı anlayır ki, güclü, qüdrətli, inkişaf edən Azərbaycan İranda yaşayan güneyli soydaşlarımız üçün cazibədardır. Təsadüfi deyil ki, oradakı bütün aksiyalarda Azərbaycan bayrağı qaldırılır və himni səsləndirilir, türkçü şüarlar dilə gətirilir, “Azərbaycan bir olsun” deyilir. İran da bunların nə olduğunu anlayır. Bu səbəbdən də İran “hərbi əməliyyatların mümkünlüyü” versiyasını ortaya ataraq, Azərbaycanı hədələyir. Amma bu hərbi əməliyyat İranın sonu olardı. İran başa düşür ki, heç vaxt heç bir bəhanə və iddia ilə Azərbaycana qarşı hərbi əməliyyatlara başlaya bilməz.
Digər yandan, İranın nüvə proqramı təkcə İsrail üçün yox, həm də Azərbaycan üçün təhlükədir. Uranı zənginləşdirmə əmsalını 83 faizə yaxınlaşdıran İranın nüvə silahı əldə etməsi üçün cəmi altı faizlik həddi qalıb. Bu həddi keçdikdən sonra nüvə silahı əldə edə bilər və buna qətiyyən yol vermək olmaz. Çünki İranın hədələdiyi ölkələr arasında İsrail birincisidirsə, ikinci yerdə bizik. SEPAH indi bizi raketlərlə hədələyirsə, nüvə silahı əldə etdikdən sonra atom bombası atmaqla təhdid edəcək. Ona görə də buna yol vermək olmaz.
Digər məsələ budur ki, İran daxilində çox ciddi qarşıdurma var. Ayətullah Xameneyinin oğlu Müctəba Xameneyi hakimiyyətə gəlmək istəyir və bunun üçün atasının varisi olmağa çalışır. Ona qarşı duran qüvvə isə SEPAH-dır. SEPAH zahirən Xameneyi xanədanını müdafiə etsə də, sabiq prezident Mahmud Əhmədinejadı, yaxud Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini hakimiyyətə gətirmək niyyətindir. Etnik ərəb olan Şamxaninin iqtidara gətirilməsi İranda hakimiyyət bölgüsündə etnik konyunkturanı dəyişə bilər.
- “Kərimə dövlət” sayıqlaması ətrafında xəritə təxribatına yol verildi. Quql axtarış sistemində “Kərimə dövləti” yazanda Bakıda bir ünvan göstərilir. Bunu necə şərh etmək olar?
- Məsələyə ilahiyyat nöqteyi-nəzərindən yanaşdıqda “Kərimə dövlət” söhbətini ortaya atan insanlar cahil, bisavad, müşrik və münafiq insanlardır. Onlar İslama zidd olan adamlardır. “Kərimə dövlət” ifadəsini işlətmək həm də böyük günahdır. Əvvəla, Kərim Allahın adlarından biridir. “Kərimə dövlət”i yalnız Qurana və səhih hədislərə görə, yalnız qeyd imam Sahib əz-Zaman qura bilər. Bəndənin “Kərimə dövlət” qurması Sahib əz-Zamanın funksiyalarını və səlahiyyətlərini öz üzərinə götürməsidir.
İkincisi, “Kərimə dövlət” qurmaq istəyən şəxslər sayıqlayırlar ki, “Azərbaycanda sionistlər, müşriklər var və onlara qarşı mübarizə olmalıdır” və sair. Bu yöndə də “müqavimət hərəkatı” qurublar. Amma məscidlərində azanın səsləndiyi, əhalisinin əksəriyyətinin şiə, müsəlman olduğu bir ölkəyə qarşı mübarizə aparmaq Quranın özünə ziddir.
Quran buyurur ki, dünya iki yerə bölünür: biri Darüssalamdır, digəri Dürülhərbdir. Darüssalam müsəlmanların yaşadığı ölkədir. Darülhərb isə insan haqlarının pozulduğu, insanların əzildiyi, zülmün baş alıb getdiyi bir yerdir, yəni hərb vasitəsilə idarə olunur. Darüssalam sülh, Darülhərb isə hərb məkanıdır. Ona görə də bir qrup idiotdan ibarət “Hüseyniyyun”un söylədiyi “Kərimə dövlət” Quranla yanaşı, İranın özünün vilayəti-fəqh anlayışına ziddir. Çünki əgər vilayəti-fəqh rəhbərin hakimiyyətinin toxunulmazlığını, mütəqliyini özündə ehtiva edirsə, “Kərimə dövlət” isə bunun tam ziddidir.
Bir sözlə, bu idiotların özlərini nə dediklərini və nə istədiklərini bilmirlər.
- Bəs “Hüseyniyyun” nədir?
- “Hüseyniyyun” SEPAH-ın “Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin ideyası idi. “Hüseyniyyun” ilk dəfə Livanda yaradılıb. Məqsəd Livanda “Hizbullah”ın hakimiyyətini gücləndirmək, HƏMAS-ı zəiflətmək idi. “Hüseyniyyun”la eyni vaxtda “Əl-Sabirin” də yaradıldı. İran bunun güclənməsi üçün təxminən 200 milyon dollar xərclədi, amma heç nə alınmadı. Hazırda Suriya, İraq və Yəməndə “Hüseyniyyun” dəstələri var.
“Qüds”ün strategiyasında birinci yeri “Hizbullah” tutur. Azərbaycanda da “Hizbullah”ın bölməsinin yaradılması nəzərdə tutulub. “Hüseyniyyun” isə bunun yanında bir skal düşərgəsi və ya dəstəsi olmalıdır. Tehranın əxlaq və mənəviyyatdan çox uzaq olan rejiminin strategiyasında görə, Azərbaycanda birinci “Hüseyniyyun” yaradılmalı, genişlənməli və şaxələnməli, ardınca bu “Hüseyniyyun” mənsubları “Hizbullah”ı yaratmağa başlamalıdırlar. Yəni əsas məqsəd “Hizbullah” yaratmaqdır. “Hüseyniyyun”, “Zeynəbiyyun”, “Fatimiyyun” və digər dəstələrin hamısı “Hizbullah”ın güclənməsinə xidmət edən məsələlərdir.
İndi İranda mövcud olan “Hüseyniyyun” Azərbaycandan ora qaçmış vətən xainlərindən, digər ünsür və eksterimistlərdən ibarət balaca bir qruplaşmadır. Onlar hər il İslam adı altında pərdələnərək İranın İraqda təşkil etdiyi “Ərbəin” adlı yürüşdə iştirak edərək, bu dinə və müsəlmanlığa zidd, şirk və münafiqlik olan ideyalarını yaymaqla məşğuldurlar.
- Sizcə, gərginlik nə vaxta qədər davam edəcək?
- Gərginlik səngiməyəcək. Tehran rejiminin ən böyük arzusu və xülyası Azərbaycanın tamamilə məhv olmasıdır. Ona görə də biz ayıq-sayıq olmalıyıq. İran rəsmilərinin dediklərinin birinə də inanmamalıyıq, çünki onların hər bir bəyanatı qeyri-səmimimidir, nəfəsləri də yalanla gedib-gəlir. Amma bu o demək deyil ki, biz tam düşmən olmalıyıq. İranla normal münasibətlərimiz, gediş-gəlişimiz, ticarət əlaqələrimiz olmalıdır. Amma biz sayıqlığımızı bir an belə itirməməliyik. Çünki onların xisləti əqrəb xislətidir, imkan tapan kimi çalacaqlar.