Prezident İlham Əliyev növbəti dəfə aktual məsələlərə münasibət bildirdi. Görünən o idi ki, baş verən bütün hadisələr dövlət başçısının diqqətindədir. Onların həllinə, gedişinə dair ölkə başçısının çox dəqiq yanaşması var. İlk növbədə Azərbaycanın ərazi bütövlüyü, hər bir vətəndaşımıza əziz olan simvollarımıza hörmət məsələsinə çox dəqiq cavab verdi. Ermənistanda baş verən hadisəni bu ölkə hökumətinin özünün işi adlandırdı. Tamamilə düzgündür ki, o hadisə özbaşına baş verə bilməzdi. Dövlət rəsmilərinin gözü qarşısında, təhlükəsizlik xidmətinin nəzarəti altında böyük bir qalmaqal baş verir və buna sakit yanaşırlar. Amma indiyə qədər Ermənistan bu hadisəyə görə, Azərbaycandan üzr istəməyib. Eyni zamanda həmin cinayətkar cəzalandırılmayıb. Hətta onun Ermənistan hakimiyyətinin üzvü olan adamlarla ilə sıx əlaqəsinin olduğu görünür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, bütün bunlar onu göstərir ki, bu gün Ermənistan beynəlxalq hüquq-normalarına qarşı hörmətsizlik nümayiş etdirir:
"Bu ölkə üçün müqəddəs heç bir şey yoxdur. O yenə də siyasi təxribatlarla məşğul olur. Belə olduğu halda vəziyyətin ilk növbədə onun üçün necə ağırlaşacağını heç kəs təsəvvürünə gətirə bilmir. Əgər erməni tərəfi hesab edirsə ki, təxribatlarla vəziyyəti təmkinlikdən çıxaracaq, Azərbaycanı səhv hərəkətlər etməyə məcbur edəcək, sözsüz ki, bu mümkün olan bir məsələ deyil. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixi addımı atıb və nöqtəni qoyub. Torpaqlarımız işğaldan azad olunub. Biz Azərbaycan-Ermənistan sərhədinə çıxmışıq. Ona görə də Azərbaycan öz süveren hüquqlarına hörmətlə yanaşılmasını tələb edir. Burada başqa bir şey ola bilməz”.
Deputat bildirib ki, ölkə başçısının rus sülhməramlılarının müvəqqəti nəzarəti altında yaşayan erməni sakinlərlə bağlı mövqeyi daha da dəqiq oldu:
“Həmin insanlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da köçüb başqa yerə getməlidir. Bu təkcə Azərbaycan üçün xas olan bir prinsip deyil. Bütün dünya ölkələri özünün süverenliyinə bu cür yanaşır. Azərbaycan ərazisində ikinci bir dövlət yaradıla bilməz. Vaxtilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi əlimizdən alınıb. İndiki Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Onlar Azərbaycan tarixinə aid nə varsa silməyə, dəyişdirməyə cəhd edib. Məhz bu baxımdan ölkəmiz bu gününü və sabahını Azərbaycan adına hörmətlə yanaşmağı tələb edir və bu prinsip üzərində dayanılıb. Ermənistanın 30 il ərzində dağıtdığını Azərbaycan qısa bir müddətdə bərpa edir. Şəhərlərimiz, kəndlərimiz, infrastruktur, müqəddəs yerlər dağıdılıb. Ancaq Azərbaycan bu gün qurur-yaradır, yol, kommunikasiya xətti çəkir, aeroportlar tikir, insanlar üçün müasir standartlara cavab verən yaşayış məntəqələri inşa edilir. Bu il artıq yeni yaşayış məskənlərinə qayıdış olacaq. Gələn il isə bu temp daha da sürətlənəcək”.
Aydın Mirzəzadəyə görə, Azərbaycanın yaratmış olduğu yeni reallıq budur:
“Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş daxili-xarici siyasətinin nəticəsində əldə edilən uğurlardır. Ölkə başçısının regionlarımızın birinə səfər edərkən orada xeyli obyekt və infrastrukturun açılışından sonra söylədiyi fikirlər hər bir azərbaycanlının ürəyindən xəbər verir. Bir daha sübut olunur ki, Azərbaycan öz taleyinin, bu gününün və sabahının sahibidir və heç nə bizə ölkəmizi qorumağa, daha güclü etməyə maneə ola bilməz. Prezident İlham Əliyevin apardığı siyasət ilk növbədə bu prinsipin, siyasətin həyata keçməsinə yönəlib”.