27 Aprel 2023 17:10
2 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin ermənilərlə bağlı çəkdiyi filmə görə müxtəlif fikirlər səsləndirilir. Ola bilsin İsa Qəmbərin maddi təminatı ermənilərə xoş münasibətindən asılıdır. Çünki İlkin Qəmbər saxta soyqırımı ilə bağlı danışsa, onu Türk dünyasına qarşı alət adlandırsa, bu qırğınlarda Rusiyanın, İngiltərənin, ABŞ-ın rolu və günahının olduğunu desə, onun üçün heç də yaxşı olmaz. Əgər desə ki, əsas günah satqın erməni siyasətçilərində, daşnaklarda olub, bu vaxt da ona Kanadada yaxşı baxmazlar.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Türk əsilli, azərbaycanlı birinin guya cəsarətli, obyektiv mövqedə durmasına görə Kanadada ona "afərin" deyiblər?..:

Əslində bu, Qərbin yanaşmasına görə obyektiv mövqedir. Çünki Qərbin düşüncəsi odur ki, onlar nə ediblərsə, düz ediblər, özünü müdafiə üçün isə kimsə nəsə edibsə, qələt edib. Onlar məhz bu cür düşünürlər. Qərb özünü qüsursuz hesab edir. Onlar milli münaqişələri qızışdıranda deyirlər ki, yaxşı etmişik. Amma Azərbaycan cəsarətlə özünü müdafiə edəndə deyirlər ki, düz etmirsiniz. Ona görə də, Qərb proseslərə ancaq eqoistcəsinə yanaşır”.

Politoloqa görə, İsa Qəmbərin ailəsinin əslində vətənpərvərlik, tarixi mövzulardan uzaq olması şübhələri daha da güclənir:

“Çünki İsa Qəmbərin Azərbaycan Xalq Hərəkatında gördüyü bütün işlər son nəticədə xalqımıza ağır faciələr yaşatdı. Hətta o, Zori Balayan haqqında yazdığı məqalənin də bütün faktoloji bünövrəsini tarixçi alim Fəridə Məmmədovanın kitabından oğurlamışdı. Buna istinad da verməmişdi. Çünki Fəridə Məmmədovanın sanballı məqaləsində sadalanan faktları əldə etmək İsa Qəmbərin hünərindən kənar idi. Sonradan bununla bağlı bir qalmaqal da yarandı. İsa Qəmbər daha sonra akademik Ziya Bünyadovun yanında söz verdi ki, o indən belə bu məqalənin müəllifliyinə iddia etməyəcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, İsa Qəmbərin oğlu İlkin Qəmbərin bu cür mövqeyi onun savadsızlığından qaynaqlanır:

“Böyük erməni krallığı deyilən ideyanın mahiyyətini o uşaq başa düşməyib deyə buna inanıb. Çünki onun da çəkdiyi filmdə yayılan xəritənin mahiyyəti əslində heç nədən ibarətdir. Təxminən XVI-XVII əsrlərdə erməni zadəganları rus çarına bir məktub və xəritə göndəriblər. Həmin xəritədə də göstəriblər ki, burada nəzərdə tutulmuş ərazilərdə erməni krallığının yaradılmasına dəstək versəniz sizinlə birləşib türklərə qarşı mübarizə apara bilərik”.

Partiya sədrinə görə, İ.Qəmbərin oğlu kimi tarixi dərindən bilməyənlər saxta mövzularda aldanırlar:

“Amma İ.Qəmbərin oğlunun öz ağlı və düşüncəsi ilə belə bir mövzuda film çəkməyinə də inanmaq olmaz. Sadəcə o yaşadığı yerdə bu mövzuda belə bir qrant alıb və film çəkib. O, naşı olaraq təxribata uyub və erməni dəyirmanına su töküb. Bu, Azərbaycana və Türkiyəyə qarşı çox böyük bir xəyanətdir”.


Müəllif: Tapdıq Qurbanlı