3 May 2023 09:23
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Həftə boyu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da davam edəcək danışıqlarından gözləntiniz necədir?

- Bu, Vaşinqtonun ikinci cəhdidir. Birinci vasitəçiliyi 2001-ci ilin aprelində olmuşdu. O zaman Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryanla Florida ştatının Ki-Uest şəhərində dörd gün müzakirə aparmışdı. Vasitəçi də ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauell idi. Amma bu dörd günlük müzakirələrdən nəticə çıxmadı. Çünki o zaman Robert Köçəryan özünü Birinci Qarabağ Müharibəsinin “qərhəman”ı sayırdı, Qarabağla bağlı heç bir addım atmaq istəmirdi və nəticə olmadı. İndi durum dəyişib və bunun üstündən 22 il keçib.

Deyərdim ki, ABŞ-ın indiki dövlət katibi Entoni Blinken Paueldən daha fəaldır. Blinken tez-tez Bakı və İrəvana zənglər edir. Apreldə Amerikadan Bakı və İrəvana rekord sayda rəsmilər gəldi və Rusiyanı da qabaqladılar. Hiss olunur ki, Vaşinqton mətbəxində nəsə hazırlanır və bu görüşü təşkil etdilər. Fikir mübadiləsi bir neçə gün çəkəcək. Bu da Amerikanın texnologiyasıdır. Biz indiyədək Brüssel və Moskvadakı görüşlərin bir neçə saat çəkməsinə, sonra dağılışmalarına öyrəşmişik. Amma Vaşinqton məsələyə detallı yanaşır, buna görə də müzakirələr bir neçə gün çəkəcək.

Vaxtilə Yuqoslaviyada müharibəyə son qoyulanda da belə olmuşdu, tərəflər günlərdə Deytonda bunkerdə danışıqlar apardılar. Sonda bir nəticə ortaya çıxdı və həmin vaxt imzalanan saziş bu gün də pis-yaxşı işləyir. İndi də amerikalılar yol xəritəsi hazırlamaq istəyirlər və nəticəyə ümidlidirlər. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qoyduqdan sonra Ermənistanın sülh sazişini imzalamaqdan başqa heç bir alternativi qalmır.

Biz sülh sazişi olmadan da yaşaya bilərik. Əsas məsələ Qarabağla bağlıdır, bunun da böyük hissəsini həll etmişik, kiçik hissəsini də həll edəcəyik. Yəni sülh Ermənistana daha çox lazımdır. Paşinyan onsuz da elan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bütün bunlar varkən, sülh sazişini imzalamağı yubatmaq olmaz. Vaşinqtonda ən azı bu məsələlər şifahi həll olunsa, yaxşı olardı. Bununla Rusiyanın inhisarı da azalacaq.

Vaşinqtonun bizim üçün bir faydası da budur ki. Moskvadan fərqli olaraq, Qarabağ məsələsinə toxunmur. Moskva deyir ki, “status”u sonra müzakirə edək. Amma biz deyirik ki, sonra da müzakirə etməyəcəyik. Amma Vaşinqton üçün əsas Azərbaycan və Ermənistan arasında sülhün, sabitliyin və əməkdaşlığın əldə olunmasıdır. Bu da həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir.

- Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması məsələsinin də Vaşinqton masasında olduğu deyilir. Bəs bu yöndə hansı irəliləyiş ola bilər?

- Bu məsələ bitib. Azərbaycanın müstəqilliyini qazanmasından – 1991-ci ildən bəri ilk dəfə regional və beynəlxalq situasiya ölkəmiz üçün uğurlu gedişata şərait yaradır. Bu durum İkinci Qarabağ Müharibəsindən sonra formalaşıb. Heç kim bizə mane olmur. Rusiyanın da başı Ukraynaya qarışıb, üstəgəl, Azərbaycanla münasibətləri korlamaq istəmir. Amerika bizə mane olmur. Fransa ermənipərəst açıqlamalar versələr də, o da bizə maneə yaratmır. Azərbaycan sərhəddə keçid məntəqəsi qurdu, bir az çığır-bağır oldu, amma sonda qəbul etdilər. Artıq ermənilər bu keçiddən Azərbaycanın qurduğu qanuni rejim daxilində istifadə edirlər. Bir azdan ermənilər də bu haqda danışmayacaqlar.

Bir sözlə, bütün situasiya bizim lehimizədir. İnşallah iki il ərzində bütün Qarabağa nəzarəti bərpa edəcəyik. Kim qanunlarımızla yaşamaq istəyəcəksə, qalacaq, istməyəcəksə, gedəcək. Heç bir “status” olmayacaq, beləliklə, 200 illik bir məsələyə nöqtə qoyacağıq. Regional və beynəlxalq geosiyasi durum da bunun üçün uyğundur. Ermənistanda da bunu çox gözəl anlayırlar, buna görə də Qarabağ məsələsinə qarışmaq istəmirlər.

İndi ABŞ-ın İran məsələsinə görə Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək ehtiyacı var. İndi Azərbaycan-İran münasibətləri də gərgindir və bu, Azərbaycanın da maraqlarına uyğundur. Yəni bizim üçün təhlükəli gedişat gözləmirəm.

- Sülh sazişinin imzalanmasını istəyən ABŞ-ın hədəfi nədir? Eyni zamanda, Vaşinqtonun mövqeyinin Azərbaycanın xeyrinə dəyişməsi nə ilə əlaqəlidir?

- Ümumiyyətlə, keçmişdə də Amerikanın mövqeyi Azərbaycanın əleyhinə deyildi. Açıq deyək ki, müharibədən əvvəl mövqelərimiz zəif idi. O zaman bizə Qarabağla bağlı dünyada ən yüksək muxtariyyət təklif edilirdi. Ermənilərlə yanaşı, amerikalılar da bizdən müstəqilliyə yaxın status istəyirdilər. Əlbəttə, bunlar maraqlarımıza uyğun deyildi. Amma amerikalılar bu məsələdə bizə təzyiq etmirdi. Elə ki müharibədə qələbə qazandıq, status və digər məsələləri arxivə atdıq. Bildirdik ki, digər vətəndaşlarımıza hansı hüquqlar verilibsə, erməni əsilli vətəndaşlarımız üçün də belə olacaq. Amerika da əksində israr etmədi. Müharibədən sonra Amerikadan bununla bağlı bizə heç bir təklif gəlməyib, heç qarışmırlar. Digərləri də müdaxilə etmirlər.

Baxmayaraq ki, Rusiya “statusu sonraya saxlayaq” deyib, amma qarşıdurmadan çəkinir. Müharibədən sonra neçə strateji yüksəkliyə nəzarəti bərpa etmişik, Rusiya buna qarışmaqdan çəkindi. Ötən ilin dekabrında Xankəndi-Laçın yolunda aksiyaya başladıq, Rusiya yenə heç nə edə bilmədi. Sərhəd-keçid məntəqəsi yaradanda da belə oldu.

Artıq separatçıların özləri də Rusiyadan üz döndərməyə başlayıblar. Rusiya və erməniləri birləşdirən bir məsələ var, bu da Vaşinqtonu ciddi narahat edir. ABŞ-ın şübhəsi budur ki, bəzi ölkələr beynəlxalq sanksiyalardan yayınması üçün Rusiyaya yardım edirlər. Bura Çin və Qazaxıstan kimi ölkələr daxildir, eləcə də Ermənistanın adı çəkilir. Ermənistan Rusiya üçün gərəkli olan məhsulları Qərbdən alıb, Moskvaya ötürür. Rusiya da bunun əvəzində Ermənistan banklarına pul köçürür. Vaşinqtonun Ermənistanla bağlı belə narahatlıqları var.

Vaşinqtondakı ilk üçtərəfli görüşdən əvvəl ikitərəfli təmaslar oldu. Blinken Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrılıqda da görüşdü. Yəqin ki, Blinken Vaşinqtonun bu narahatlığını Mirzoyanın diqqətinə çatdırıb. Qərb mətbuatı da yazmışdı ki, Ermənistanla bağlı müəyyən şübhələr var. Şübhə də bundan ibarətdir ki, Ukraynada müharibə başlayandan bəri Ermənistandan Rusiyaya ixrac artıb. Ermənistan nə istehsal edir ki, Rusiyaya da satsın? Əsas şübhə budur ki, Ermənistan Rusiyanın istədiyi məhsulları alıb ötürür. Bu da Amerikada etiraz və narahatlıq yaradır. Amma bu, onların məsələsidir.

Dediyim kimi, bizə mane olacaq güclü amil yoxdur. Bizə lazım olan Qarabağda qayda-qanunun yaradılmasını tamamlamaqdır. Müharibədən sonra da tarix uğura imza atdıq, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi yaratdıq. Uzun illər bu istiqamətdə sərhədlər müəyyənləşməmişdi. Bu, tarixi uğurdur. Bu uğurdan sonra başqa addımlarımız da olacaq. Düşünürəm ki, Qarabağda növbəti addımımız Sərsəng su anbarının nəzarətə götürülməsi olmalıdır. Çünki orada ağır ekoloji durum yaranıb. Bunu da nəzarətə götürsək, erməni separatizminə daha bir ağır zərbə olacaq.

- ABŞ-da danışıqların davam etdiyi vaxtda Rusiya sülhmərmlılarının komandiri Aleksandr Lentsov separatçılarla görüşür, onlara vədlər verir. Rusiya həmişə olduğu kimi, bu bu dəfə də aranı qarışdıra bilərmi? Ermənistanın mümkün yeni təxribata gedərək danışıqlardan yayınması ehtimalı nə qədərdir?

- Lentsova qədər iki rus komandirini yola salmışıq: Rüstəm Muradov və Andrey Volkov. İkisi də müəyyən qədər erməni separatçıları ilə təxribatlarla məşğul idi. Amma onlar belə bizə qarşı çıxa bilmirdilər, çünki özbaşlarına deyildilər, Kremldən təlimat alırdılar. Kreml isə onlara təlimat vermişdi ki, Azərbaycanla birbaşa qarşıdurmaya getməyin. Muradovu da, Volkovu da yola saldıq. Lenstsov da bizə problem yarada bilməyəcək.

Yayılan məlumata görə, separatçılara deyib ki, guya sərhəd-keçid məntəqəsinə əncam çəkəcək. Sən kimsən ki, buna da əncam çəkəsən? Qatar gedib, geri dönüşü mümkün olmayan proses başlayıb. Sən yox, sənin rəhbərinin rəhbəri belə bu durumu dəyişdirmək iqtidarında deyil. Ona görə də, Lenstsovun belə açıqlamalarında narahat olmağa dəyməz. Düzdür, qeyri-etik hərəkət etdi, əvvəlcə separatçılarla görüşdü və İrəvana getdi, bundan sonra Bakıya gəlir. Əslində, birinci Bakıya gəlməliydi. Çünki sən Azərbaycan ərazisində xidmət edirsənsə, birinci zəhmət çəkib bura gəlməlisən. Yaxşı, anlamaq olar ki, orada xidmət edirsən, hansısa formada separatçılarla görüşməlisən, haradasa, bunu anlamaq olar. Bəs Ermənistana getməkdə məqsədin nədir? Ermənistanın Qarabağa nə dəxli var?!

Əslində, bu, həm qeyri-etik hərəkətdir, həm də təxribatdır. Lentsiz özbaşına deyil, əmrlər əsasında hərəkət edir. Heç bir komandir bizim həmlələrimizə mane ola bilməz. Bu da müvəqqəti xarakter daşıyır, Lenstsovu da Muradov və Volkov kimi yola salacağıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər