Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borel ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.
Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilə aparılması baxımından əhəmiyyətini vurğulayıblar. Nazir iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb. Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.
Görüşdə Azərbaycan ilə Aİ arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.