18 May 2023 09:29
3 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fransa Ermənistana “Mistral” raketləri və zirehli texnikalar verməyə hazırlaşması barədə məlumat yayılıb. Sizcə, Vaşinqton və Brüsseldəki son danışıqlarda müsbət gəlişmənin əldə edilməsindən sonra Fransa niyə bu prosesi pozmağa çalışır? Fransanın bölgədə nə kimi maraqları var?

- Yəqin ki, bu, Fransanın öz işi deyil, bunu Rusiya gündəmə gətirir. Bu, Rusiya və Fransanın gizli razılaşması əsasında ola bilər, ayrı cür mümkün deyil. Guya Avropa Birliyinin aparıcı sükanı Fransanın əlindədir, Şarl Mişel də fransalıdır. Amma məsələ budur ki, Şarl Mişellə Makron arasında problem var. Mişel hansısa müsbət iş görən kimi, Makron bunu pozmağa çalışır. Şəxsi ixtilaflarını artıq dövlət səviyyəsinə çıxarıblar.

Biz Fransaya qadağa qoya bilmərik ki, Ermənistana silah satmasın. Amma həmin silahlar Azərbaycana qarşı istifadə olunsa, buna cavab verilməlidir. Azərbaycan indidən bu məsələni ortaya qoymalıdır. Yaxşı olardı ki, Fransa mallarının Azərbaycana idxalına boykot elan edilsin. Belə olmaz. Hər dəfə iş yoluna qoyulan kimi, Fransa həyasızlıq edir. Bakının mərkəzindəki ən bahalı mağazalar Fransa malları ilə doludur. Bütün parfümeriya fransızların əllərindədir. İndi kim bizneslə məşğul olur-olsun, amma biz beş-üç nəfərə görə Azərbaycanın milli maraqlarını sata bilmərik. Ona görə də boykot məsələsi gündəmə gəlməlidir.

Azərbaycan mətbuatı öz işini görür. İndi Xarici İşlər Nazirliyi ilə yanaşı, parlament də bir müraciət etməlidir. Parlamentin bu yöndəki işini də təqdir etmək lazımdır, yaxşı işləyir. Yəni bütün istiqamətlərdə Fransaya qarşı hücuma keçməliyik, informasiya müharibəsi aparmalıyıq. Silahı göndərdikdən və bunlar Azərbaycana qarşı işlədildikdən sonra gec ola bilər. İndidən qabaqlayıcı tədbirlər görməliyik.

- Fransanın bu pozucu fəaliyyətləri kontekstində Avropa Birliyinin Ermənistandakı mülki missiyasını hərbiləşdirməyə cəhd etməsi ehtimalı nə qədərdir? Artıq Ermənistan mətbuatı bu məsələni də gündəmə gətirib.

- Həmin missiyanın rəhbəri alman ola belə, bu ideyanın müəllifi Fransadır, bunu reallaşdıran da odur. Maraqlıdır ki, ora gələnlərin maliyyəsini kim verir? Bunu araşdırmaq lazımdır. Əgər bunu Avropa Birliyi və ya Almaniya verirsə bir məsələdir, yox, Fransa verirsə, tamam başqa məsələdir. Heç biri vermirsə, erməni diasporu maliyyələşdirirsə, bu, artıq cinayətdir. Rəsmi missiyanı qeyri-dövlət strukturu maliyyələşdirirsə, bu, korrupsiya faktorudur. Onların bu qədər gündəlik xərclərini kim ödəyir? Məsələyə bu formada baxılmalıdır.

Fransanın bütün cəbhələrdə Azərbaycana qarşı hücuma keçməsi onu göstərir ki, Ermənistanı dəstəkləməklə ölkəmizin ərazi bütövlüyünə qəsd edirlər. Məsələni beynəlxalq hüquq müstəvisinə keçirməliyik ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməkdə məqsədi nədir. Fransa ilə bağlı təbliğatı gücləndirməliyik. Təkcə türk dövlətlərini yox, İslam dünyasını da bura cəlb etmək lazımdır. Çünki Fransa indiyədək bütün qətliamları və soyqırımları müsəlman dövlətlərində törədib. Bunu yaddan çıxarmaq olmaz.

- Proses yerindən tərpənmişkən, ABŞ hansı mövqeyi tutacaq? Bu baxımdan Amerikadan Fransa və digərlərinin pozucu fəaliyyətlərinə qarşı adekvat addım gözləməliyikmi?

- ABŞ-ın Fransa ilə pərdəarxası oyun oynamadığına bizim heç bir zəmanətimiz yoxdur. Çünki Vaşinqtondan sonra Brüssel görüşünün gündəmə gəlməsini və ya onun ikinci sıraya keçirilməsi cəhdini ABŞ bağışlamayacaq. Bəlkə də ABŞ-ın Fransa ilə razılaşması bu müstəvidədir ki, onun əliylə həm Avropa Birliyinə arxadan zərbə vurur, həm də bununla öz Qafqaz siyasətini həyata keçirməyə çalışır. Zənnimcə, onlar bir qapıya oynayırlar, amma Amerika “görünməz oyunçu” statusundadır.

Amerika bir şey etməyəcək, ola bilsin, hansısa bir söz desin, bir bəyanat versin, amma Vaşinqtonun əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına nail olmaqdır. Çünki bilirlər ki, sülh sazişi bağlansa və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan kimi, Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdır. Rusiya da bunu istəmir. Onların toqquşması da məsələlərin tam həllinə mane olur.

Biz bunlara fikir verməməliyik, Azərbaycan gecikməməlidir. İndi mayın 28-dək (Türkiyə seçkilərinədək) gözləmə mövqeyi tutmalıyıq, bundan başqa, görək, Moskva bizə nə təklif edəcək. Bunlardan sonra Azərbaycan öz addımını atmalıdır. Gözləmək olmaz, bu, bizim üçün çox təhlükəlidir.

- Bəs ABŞ sülh müqaviləsinin imzalanmasına nail olacaqmı? Dövlət katibi Entoni Blinken ötən günlərdə “Finişə çatırıq” mesajı da vermişdi.

- Vaşinqtondakı dörd günlük müzakirələrdən sonra Dmitri Peskov elan etdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq həyata keçirilməlidir. Yəni bu o deməkdir ki, Vaşinqtonu və orada ola biləcək anlaşmaları qəbul etmirlər. ABŞ-la Rusiya arasındakı siyasi münaqişə birmənalı şəkildə sülhə mane olur.

Fransa və İran əlavə, pərdəarxası oyunçulardır. Biri Rusiyanın oyunçusudur, digəri də ABŞ-ın. Hazırda Azərbaycan Türkiyədəki seçkilərə görə fəal diplomatiya həyata keçirə bilmir. Daha doğrusu, bu dəqiqə hücum yox, müdafiə diplomatiyası aparırıq. Amma ayın axırında bu da qurtaracaq.

ABŞ-a gəldikdə, ona bel bağlaya bilmirəm. ABŞ-ın tarixinə baxın: o, verdiyi sözə əməl etməyən bir dövlətdir.

- Türkiyədə seçkilərin yekun nəticələri bəlli olduqdan sonra bu Azərbaycan ətrafında gedən proseslərə necə göstərəcək?

- Ərdoğan mayın 28-də seçildikdən sonra Azərbaycanın əl-qolu daha da açılacaq. İndi bu seçkilərə görə fəallığımızı azaltmaq məcburiyyətindəyik.

Hesab edirəm ki, Ərdoğanın birinci səfəri də Azərbaycana olacaq.

Yəqin ki, iyunda olmasa da, sentyabra qədər Azərbaycan öz bayrağını ya Xocavəndə, ya da Xocalıya sancacaq. Hələlik Xankəndi deyə bilmirəm, bu da zamanla həll olunacaq, amma yaxın gələcəkdə ən azı bu ikisindən biri olacaq – ya Xocalı, ya da Xocavənd.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər