22 İyun 2023 16:25
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyev həm SSRİ dövründə, daha sonra isə müstəqillik dövründə siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin inkişafına və tərəqqisinə xüsusi önəm verib. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, həmin illər Azərbaycan mədəniyyətinin intibah dövrü hesab olunur. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdı. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu öndər dəfələrlə vurğulayıb ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.

O qeyd edib ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşıb:

"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də ümummilli lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. 6 mart 1997-ci ildə ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun ev muzeyində çıxışı zamanı qeyd etmişdir ki “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.” Məhz ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik, filosof şairi H.Cavidin 100 illik yubileyləri keçirilib. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir. Dahi Azərbaycan şairi “M.Füzulinin anadan olmasının 500 illik yubileyi haqqıında” Azərbaycan Prezidentinin sərəncamı 16 mart 1994-cü ildə imzalanıb. Həmin illərdə Azərbaycan bir neçə il idi ki, müstəqil olmuşdu və hələ atəşkəs əldə olunmamışdı. Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində belə çətin və mürəkkəb bir şəraitdə Azərbaycanın mədəni həyatı üçün olduqca mühüm olan bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Ümummilli lider Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında vurğulayıb ki, “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Bu amil ümummilli lider Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik şəxiyyət olduğunun bir daha əyani göstəricisidir”.

Tamam Cəfərova hesab edir ki, müstəqilliyin qazanılmasından ötən dövr ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin və onun görkəmli nümayəndələrinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülüb:

“Prezident İlham Əliyev tərəfindən elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursu uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynayır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır", - deyən möhtərəm Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. 2019-cu ilin “Nəsimi ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyada təbliğ olunması istiqamətində atdığı mühüm addımlardan sadəcə biridir. Ulu öndərin ən böyük arzusunu gerçəkləşdirərək, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev işğaldan azad olunan tarixi torpaqlarımızda mədəniyyətin yenidən dirçəldilməsi, Qarabağın şəninin özünə qaytarılması istiqmətində mühüm addımlar atılıb. Bu istiqamətdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm işlər görür. Mədəniyyət abidələrimizin bərpa olunması, eləcə də “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin yenidən doğma Şuşada keçirilməsinə başlanması Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Heydər Əliyev ənənələrinə sadiqliyin də əyani göstəricisidir”.


Müəllif: Tapdıq Qurbanlı