Kuzey Kıbrıs Türk Cümhuriyyətinin deputatı Sıla Usar İncirli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sizi Bakıda görməkdən məmnun olduq. Ölkəmizə gəlişiniz nə ilə bağlıdır?
- Bakıda 5-ci Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirildi. Bakıya konqresdə iştirak məqsədilə gəlmişəm. Bu, paytaxtınıza ilk səfərimdir. Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi ilk dəfə 2019-ci ildə Ankarada keçirilib. Daha sonra konqres Antalya, Özbəkistan və Bakıda baş tutub.
Beş ildir ki, konqresdə Kuzey Kıbrıs Türk Cümhuriyyətini mən təmsil edirəm. Ümid edirəm ki, konqres növbəti il Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilər. Dağınıq skleroz nevroloji xəstəlikdir.
Azərbaycanda bu xəstəliyə yüz min nəfərdən 20-sində rast gəlinir. Bu xəstəlik daha çox qadınlar arasında yayılıb. Bütün dünyada belədir. Mərkəzi sinir sistemi xəstəliyidir. Kuzey Kıbrıs Türk Cümhuriyyətində bu xəstəliyin yayılması baxımından bir az şanssızıq. Bizim ölkədə yüz min nəfərdən 108 nəfər bu xəstəlikdən əziyyət çəkir.
- Bu, nə ilə əlaqədardır? İqlim, qida, yaxud başqa faktorların təsiri varmı?
- Bu xəstəliyin geniş yayılmasına bir çox amillər təsir göstərir. Əvvələr bu xəstəliyi daha çox coğrafi amillərlə (iqlim) bağlayırdılar. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir. Təbii ki, xəstəliyin geniş yayılmasında irsi meyillik, xarici mühit amilləri, viruslar, ekoloji və coğrafi faktorlar, D vitamini əskikliyi, tütün istifadəsi rol oynayır.
Yeniyetməlik dövründə aşırı ağır çəkili olmaq və D vitamini əskikliyi bu xəstəliyə zəmin hazırlayır. Dağınıq skleroz xəstəliyinin bütün dünyada coğrafi amillərlə bağlı geniş yayılması faktoru var. Amma Kuzey Kıbrıs Türk Cümhuriyyətində bu xəstəliyə İtaliyanın Siciliya və Sardiniya adaları kimi daha çox rast gəlinir. Türkiyə və Azərbaycan orta risk qrupuna aiddir.
Son 30 ildə bu xəstəliyin müalicəsi üçün çox önəmli irəliləyiş əldə olunub, yeni dərmanlar hazırlanıb. Bu dərmanlar sayəsində artıq xəstələri müalicə edə bilirik. Məsələn, 1980-1990-cı illərdə bu xəstəlikdə ölüm riski yüksək idi, yaşam müddəti qısa idi. O vaxtlar dağınıq skleroz xəstələrini müalicə edə bilmirdik. Amma artıq bu xəstəliyi müalicə edə bilirik.
Sevindirici haldır ki, Türkiyədə dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə edilən dərmanlar Kuzey Kıbrıs Türk Cümhuriyyətində də istifadə edilir. Hələ ki, bu dərmanların hamısı digər türk dövlətlərinə gətirilməyib. Bu toplantılar da xəstəliyin müalicəsinə istiqamətlənmiş elmi bir araşdırma və fəaliyyətdir. Bu, hərtərəfli bir konqresdir və Bakıda olmaqdan məmnunam.
- Bu kimi layihələrdə Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında işbirliyi davam edə bilərmi?
- Əslində bizim istəyimiz bu istiqamətdədir. Bildiyiniz kimi eyni zamanda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin millət vəkiliyəm, nevroloqam. Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələr arzu etdiyimiz səviyyədə deyil. Ölkələrimiz arasında daha daha əlaqələrin olmasını istəyirik. Çünki bizim həm mədəni əlaqələrimiz, oxşar dil üstünlüyümüz və tarixdən gələn bağımız var. Bu mənada bu əlaqələrimizin yetərli olmadığını düşünürük.
Kuzey Kıbrıs Türk Cümhuriyyətində 1500-1600 nəfər Azərbaycan vətəndaşı var. Biz bu əlaqələrin daha yaxşı olmasını istəyirik. Konqresdə Türkiyə, Azərbaycan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi türkdilli dövlətlər iştirak edir. Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında sənət, sosial və mədəni əlaqələr, iqtisadi və turizm sahəsində daha yaxın işbirliyinin qurulmasını istəyirik.
Xalqlarımız arasında bu qədər ortaq cəhətlərimiz var, bu, bizim üçün çox böyük bir üstünlükdür. Bizim qardaşlıq bağımız var. Bu nöqteyi-nəzərdən daha yaxın əlaqələrin qurulması arzusundayıq. Təbii ki, bir siyasətçi olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin beynəlxalq əlaqələrinə görə çətinliklərinin fərqindəyəm. Amma Azərbaycanın da bu çətinliklərin öhdəsindən gəlmək üçün səy göstərdiyini bilirik.
Bu yaxınlarda Azərbaycandan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə gəlmişdi. Siyasi əlaqələrimiz formalaşıb, bu münasibətlər daha geniş miqyasda olmalıdır.
- Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə genişləndirə bilərik?
- Bir çox özəllikləri olan ölkələrik. Azərbaycan dünyanın başqa bir ölkəsinə bənzəmir. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdi və yenidən inşa edilməyə başladı. Diliniz, adət-ənənə və başqa əlamətlərlə digər ölkələrdən fərqlənən xüsusiyyətləriniz çoxdur. Bu xüsusiyyətlərin tanıdılmasında ölkələrimiz arasında əlaqələrin daha yaxın olmasının önəmli olduğunu düşünürəm.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti Avropaya daha yaxın bir ölkədir. Bəlkə də Azərbaycanın Kuzey Kıbrıs Türk Cümhuriyyəti vasitəsiylə Avropaya bir yolu ola bilər. Biz ölkəmizin beynəlxalq aləmdə tanınmasının çətinliyini yaşayırıq. Bir məsələni danışım, konqresin açılış mərasimində hər bir ölkənin tanıtım çarxı təqdim edildi.
Azərbaycanın marşları, Ulu Öndər Heydər Əliyevə həsr edilən mahnıların ifa edilməsi, Azərbaycanın orjinal rəqsləri və sair möhtəşəm idi. Bununla yanaşı digər türk dövlətlərinin, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın, eləcə dəTacikistanın tanıtım filmlərində atların nümayişi çox gözəl idi.
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də tanıtım filmi təqdim edildi. Bununla bağlı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer ilə məsləhətləşmişdik. Mən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Turizm Nazirliyindən tanıtım filmi xahiş etdim. Bizim tanıtım filmimiz çox fərqli idi. Çünki Ağdəniz var, ilin 300 günü yay fəslidir, dəniz, qum və s.
- Sıla xanım, tanıtım çarxından söz düşmüşkən hansısa Azərbaycan filmini izləmisinizmi?
- Öncə onu deyim ki, Bəxtiyar Vahabzadəni tanıyıram, onun şeirlərini bilirəm. Heç vaxt Azərbaycan filmlərini izləməmişəm, amma tövsiyə etdiyiniz filmlərinizi izləyə bilərəm.
- Zaman-zaman türk dövlətləri arasında ortaq türk dili və əlifbası məsələsi müzakirə edilir. Bu istiqamətdə sizin fikirləriniz necədir?
- Dilimiz eynidir. Bir-birimizi o qədər asan başa düşürük ki... Əslində siz türk dilinin ən saf variantında danışırsınız. Bizim bəzən istifadə etmədiyimiz sözlər olur, onları eşidəndə deyirik ki, niyə bu sözü istifadə etmirik. Nə qədər bir araya gəlib çox ünsiyyətdə olarıqsa, bir o qədər ortaq dilimiz olan türkcənin daha da zənginləşəcəyinə inanıram.
Bir-birimizin dilində işlənən kəlimələrlə birlikdə çox zəngin bir türk dili ortaya çıxacaq. Dil çox önəmlidir. Belə ki, türk dilində danışan insan sayı çoxalarsa, ölkələrimiz bir o qədər güclənər.
- Bəs ölkələrimiz arasında əməkdaşlıq daha çox hansı istiqamətdə inkişaf edib?
- Konqresə görə Bakıya gəldim və azərbaycanlı həmkarlarımla təcrübə və elmi fəaliyyətlərimizi bölüşürük. İnanıram ki, bu toplantılar sayəsində xəstələrimizə düzgün diaqnoz qoyuruq və daha yaxşı müalicə edirik. Tibb sahəsində də işbirliklərimizi çoxaltmalıyıq. Kuzey Kıbrıs Türk Cümhuriyyətində də çoxlu sayda təhsil ocaqlarımız, universitetlərimiz var. Universitetlərimizdə təhsil alan azərbaycanlı tələbələrin sayı yetərli deyil. Halbuki dil problemimiz yoxdur, bu, böyük bir üstünlükdür.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti təhsil ala biləcəyiniz təhlükəsiz bir ölkədir. Universitetlərimizdə təhsil yüksək səviyyədədir. Düşünürəm ki, təhsil sahəsində də iki ölkə arasında işbirliyini genişləndirmək lazımdır. Kuzey Kıbrıs Türk Cümhuriyyətindən Azərbaycana, Azərbaycandan isə ölkəmizə tələbələr getməlidirlər. İki ölkə arasında təhsillə bağlı əməkdaşlıq, tələbə mübadiləsi olmalıdır. Bu sahədə Türkiyə ilə əlaqələrinizin olduğunu bilirəm, amma Kuzey Kıbrısla da formalaşarsa, yaxşı olar.
Bütün sahələrdə əməkdaşlığa ehtiyacımız var. İş adamlarının işbirliyi qurulmalı, turizm sahəsində də əlaqələrin formalaşmalıdır.
- Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv kimi qəbul edilməsini necə qiymətləndirirsiniz?
- Bəli, ölkəmiz 2023-cü il aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv kimi qəbul edilib. Bu, çox önəmli bir məsələdir. Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun rəhbərliyi iləTÜRKPA toplandı. Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova və heyəti də qatılmışdı.
Beləliklə, Azərbaycan nümayəndə heyətini orada tanımaq fürsəti əldə etdim. Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türk Dövlətləri Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul edildi. Biz də buna çox məmnun olduq. Türk Dövlətləri Parlament Assambleyasına müşahidəçi üzv olmaqla yanaşı ölkələrimiz arasında iqtisadi, sosial, mədəni əlaqələrimizin də çoxalmalıdır.
- Siyasətçi Naci Talat Usarın qızısınız. Siyasət sahəsi çox çətindir. Maraqlıdır ki, atanızın yaşadığı çətinliklərə rəğmən siyasətə gəlməyinizin səbəbi nədir?
- Bu sualın cavabını tam olaraq mən də deyə bilmirəm. Amma təxminlərimi dilə gətirmək istəyirəm. Atam cavan yaşda həyatını itirib. Qısa ömür sürsə də Kıbrıs türk siyasətinə çox böyük təsiri olub. Kıbrıslı türklərin azad, bərabər hüquqlu, demokratik və rahat şəkildə yaşamaqları üçün çox böyük mübarizə aparıb. Bizi də böyüdərkən bu xüsusiyyətlərə duyarlı şəkildə böyüdüb. Onu təlqin edirdi ki, sadəcə özünüzü deyil, başqa uşaqların və gəncləri hüquqları üçün də mübarizə aparmalısınız.
Ölkəmizin demokratiyasında hələ də bir qisim əskikliklər var. Bütövlükdə cəmiyyəti düşünməyimizin vacib olduğunu aşılayıb. Atam rəhmətə gedəndə 18 yaşım vardı. Amma onun bizə miras qoyduğu siyasi şüurla böyüdüm. Uşaqlıq illərimdən insanlara yardım etməyi çox sevdiyim üçün həkim olmaq istədim. Türkiyənin Hacettepe Universitetinin tibb fakültəsindən məzun oldum. İbn Sina Xəstəxanasında Nevrologiya şöbəsində ixtisasımı tamamladım. Sonra Kıbrısa qayıtdım və ən böyük dövlət xəstəxanamızda, Burhan Nalbantoğlu Dövlət Xəstəxanasında nevroloq kimi çalışmağa başladım.
Həkimlərin hüquqları uğurunda mübarizə aparmışam. Kipr Türk Təbiblər Birliyinin İdarə Heyətinin üzvü, Kipr Türk Həkimlər Birliyinin İdarə Heyətinin üzvü, baş katibi və rəhbəri vəzifəsində çalışmışam. Həkimlərin maaşlarının artırılması üçün mübarizə aparmışam. Sonra bir anda özümü Milli Məclisdə gördüm. 2018-ci ildən bu günə qədər parlamentdəyəm.
Həqiqətən də siyasət sahəsi çox çətindir, amma iş görmək lazımdır. Bizdən sonra gələn nəsillərə daha yaxşı ölkə qoymaq üçün çətinlikləri aradan qaldırmaq məcburiyyətindəyik. Çox çalışmalıyıq. Məmləkətimiz həqiqətən iş, xidmət gözləyir.
- Atanız mərhum Rauf Denktaşın dövründə müxalif siyasətçi olub. Maraqlıdır, Rauf Denktaşın ailəsi ilə əlaqəniz varmı?
- Hörmətli, mərhum Rauf Denktaş ilə bağlı maraqlı bir xatirəm var. Atam Rauf Denktaşın siyasi görüşünə müxalif idi. Amma Kıbrısda siyasət sahəsində bir-birinə hörmət etmək çox vacibdir. Fərqli cəbhələrdə olsaq belə doğrunu tapmaq və insanlara xidmət etmək üçün xoş münasibəti qoruyuruq.
Liseydə sınaq imtahanına daxil olub mükafat qazanmışdım. Bizi mükafatı almaq üçün Rauf Denktaş ilə görüşə apardılar. Rauf bəy kimin qızı olduğumu soruşdu və atamın adını eşidəndə gülümsədi. Mənimlə zarafat etmişdi. Rauf Denktaşın oğlu Sərdar Denktaşla parlamentdə təmsil olunmuşuq. Ailəsini də tanıyıram. Dediyim kimi Kıbrısda insanlar fərqli siyasi görüşdə olsalar da bir-birinə hörmət edirlər.
- Kuzey Kıbrıs Türk Cümhuriyyətində qadın hüquqları ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Bu, çox həssas bir mövzudur. Qadınlar siyasətdə, akademiyada, iş dünyasında daha çox təmsil olunmalıdırlar. Çünki toplumun yarısı kişilər, yarısı qadınlardır. Amma təmsilçiliyə gəlincə, məsələ elə olmur. Kuzey Kıbrsı Türk Cümhuriyyətində məclisimizdə 50 millət vəkili var, onlardan on biri qadındır. Altı millət vəkili isə Cümhuriyyət Türk Partiyasındandır. Cümhuriyyət Türk Partiyasının 18 millət vəkili var, onlardan 6-sı qadındır. Bu rəqəm yaxşıdır, amma daha da çox olmasını istəyirik. Təbii ki, qadınlar ayrıseçkililiyə, şiddətə məruz qalırlar. Dünyanın hər yerində olduğu kimi Kıbrızda da qadın cinayətləri var.
Biz ayrıseçkililiyi şiddətlə qınayırıq. Cinsiyyətə görə ayrıseçkilik edilməməlidir. Bununla bağlı qanunlar tənzimlənməlidir. Eləcə də zehniyyət də dəyişməlidir. Çünki zehniyyət problemimiz də var. Bunun üçün də çalışdıq.
- Pandemiya bitsə də insanlar bir çox problemlər yaşayır, yaddaş pozğunluğu, təngnəfəslikdən əziyyət çəkir. Bunu COVID-19 və yaxud vaksinlə əlaqələndirirlər. Həkim kimi necə düşünürsünüz, bunun tibbi əsası varmı?
- COVID-19 çox ciddi bir xəstəlikdir. Təəssüf ki, bizim yaşadığımız dövrə təsadüf etdi. Dünyanın hər yerində insanlar sevdiklərini itirdilər, mənim dayım da koronadan vəfat etdi. O zaman hələ vaksin hazırlanmamışdı.
Təbii ki, COVID-19-dan qorunmağın ən əsası vaksindir. Vaksin çox tez kəşf edildi. Çünki dünya bütün qaynaqlarını vaksinin kəşfinə sərf etdi. Koronadan qorunmağın yolu vaksin oldu və çox insanın həyatı vaksin sayəsində xilas oldu. Mənim həkim kimi inancım vaksinin həyat qurtardığı istiqamətindədir. Vaksinin kiçik əks-təsirləri oldu. Mən yuxarıda qeyd etdiyiniz problemlərin vaksinlə deyil, koronavirusla bağlı olduğunu düşünürəm. COVID-19 bədənin hər yerinə təsir edən xəstəlikdir. Koronaya yoluxan insanlarda yaddaş pozğunluğu çoxalır. Mən nevroloqam və beyində də bəzi dəyişikliklər yaradır.
Məsələn, altsheymer xəstəliyindən və parkinsondan əziyyət çəkən şəxs virusa yoluxanda səhhəti daha da pisləşir. COVID-19-dan sonra böyrək problemi, yaddaş pozğunluğu, yuxusuzluq, baş ağrısı və təngnəfəslik kimi problemlər yaranır. Virusa yoluxma sayı azalsa da tam bitməyib. Virusun təsiri əfsuslar olsun ki, uzun müddət davam edir.
Foto: Elnur Muxtar