28 İyun 2023 14:12
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşintonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüş baş tutdu. Bu, Amerikanın təşəbbüsü olan bir prosesdir. Üç gün bu müstəvidə danışıqlar aparılacaq. İndiki halda ABŞ vəziyyətdən çox yaxşı istifadə etdi. Rusiyanın başının öz daxili problemlərinə qarışdığı ərəfədə fürsəti əldən vermədi.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, indiki halda Rusiya da öz növbəsində ABŞ-a iqtisadi-siyasi zərər vurmaq istəyir:

“Breksit xətti ilə artıq dollar gündəmdən çıxarılıb, onun yerinə Çin yuanı gətirilir. Yəni, dünyaya yeni bir hegemon hazırlanır. Bu da sözsüz ki, Çin olacaq. Bununla bağlı Braziliya və Hindistanla razılaşıblar. Səudiyyə Ərəbistanının neft dollarından imtina etməsi və yuanla satışa keçməsi ilə bağlı razılaşması yekunda ABŞ-ın reaksiyasına səbəb olub. Rusiya əslində bu planla ABŞ-ı ikinci cərgəyə çəkmək istəyir”.

Politoloq hesab edir ki, ABŞ bu məsələlərin əvəzini çıxmaq üçün Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına çalışır:

“Vaşinqtonun yanaşması çox ciddi görünür. Əgər Amerika ilin sonuna kimi sülhü təmin edə bilməsə, onun siyasi imici aşağı düşəcək. Rusiya beləliklə, yenidən zaman qazanmış olacaq. Ona görə də, Vaşinqtondakı üç günlük danışıqlarda sülh sazişinin imzalanması məsələsi həll olunacaq. Sadəcə olaraq Qarabağda yaşayan ermənilər üçün təminat istənilir. Azərbaycan tərəfi isə ölkə Konstitusiyasına uyğun təminat verir”.

Cümşüd Nuriyevə görə, ilin sonuna kimi sülh imzalanmasa, bu, Ermənistan üçün böyük çətinliklər yaradacaq:

“III Qarabağ müharibəsi olmasa da güclü antiterror əməliyyatı olacaq. ABŞ da sözsüz ki, bunu bilir. Bu baxımdan Vaşinqtonda sülh müstəvisində müsbət irəliləyişin olacağı gözləntisi çoxdur. Bu olmasa Amerika dünya siyasətindəki yerini Çinə verməyə məcbur qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı