5 İyul 2023 09:14
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin nə deməsindən asılı olmayaraq Qarabağ Azərbaycanın tərkib hissəsi, suveren ərazisidir. Eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən Qarabağda qalmış qanunsuz bütün silahlı birləşmələr çıxarılmalıdır. Çox təəssüf ki, erməni tərəfi bu günə qədər həmin öhdəliyi icra edib, öz silahlı dəstələrini buradan çıxarmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu gün rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalır:

“Təəccüblüsü isə odur ki, burada təhlükəsizliyə birbaşa cavabdeh olan sülhməramlılar prosesə nəzarət edə bilmir. Qanunsuz silahlıların bölgədən çıxarılması, onların tərksilah edilməsi ilə bağlı heç bir addım atılmır. Onlar sadəcə olaraq prosesin fiksasiyası ilə məşğul olur”.

Komitə sədrinə görə, bütün bunların fonunda erməni tərəfi təxribatlardan əl çəkmir:

“Fakt isə odur ki, burada qanunsuz silahlı birləşmələr olduğu müddətdə, bu cür təxribatların olması qaçılmazdır. Ona görə də, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, buradakı qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt antiterror əməliyyatları apara bilər. Əslində bu müzakirə mövzusu deyil. Ərazi Azərbaycana məxsusdur və burada qayda-qanun yaratmaq dövlətimizin başlıca vəzifəsidir”.

Ziyafət Əsgərova görə, əgər bir dövlətin qanuni ərazisində terrorçu varsa onun kökü kəsilməlidir:

“Bu birmənalıdır. Sözsüz ki, antiterror əməliyyatlarının nə vaxt olacağını Ordunun Ali Baş Komandanı bilir. Amma istənilən vaxt antiterror əməliyyatları aparıla bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər