6 İyul 2023 09:05
2 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

1988-ci ilə qədər Azərbaycanın himayəsi altında Qarabağda ermənilər çox yaxşı şəraitdə yaşayıblar. O dövr üçün Bakı, Gəncə və Sumqayıtdan sonra Xankəndi Azərbaycanın ən abad, inkişaf etmiş gözəl şəhərlərindən biri idi. Həmin vaxtlarda Azərbaycanın əksər rayonlarında kanalizasiya xətti olmasa da, Xankəndidə bu sistem qurulmuşdu. Erməni, rus dilində məktəblər fəaliyyət göstərirdi. Texnikumlar və peşə məktəbləri var idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, o dövr Xankəndidə Azərbaycan, rus erməni dilində pedaqoji inistitutun filialı fəaliyyət göstərirdi:

“Eyni zamanda bir sıra zəruri istehsal sahələri mövcud idi. Qarabağ ipək kombinatı da burada fəaliyyət göstərirdi. Həmin vaxtlarda Xankəndidə yaşayan azərbaycanlılar da təsdiqləyər ki, orada təminat yüksək səviyyədə olub. Xankəndi ətrafında ən böyük kəndlərdə 70-ci illərin ortalarına qədər orta məktəb yox idi. Eyni zamanda o zamanlar Bakıdan İrəvana gedən magistral qaz xətti Xocalının yanından keçməsinə baxmayaraq bura təbii qaz verilmirdi. Amma ən ucqar ermənilər yaşayan dağ kəndlərinə təbii qaz xətti çəkilmişdi. Onların orada ermənicə radioları, qəzetləri belə var idi”.

Millət vəkili hesab edir ki, elə o dövrdə orada hüququ pozulanlar azərbaycanlılar olub:

“Çünki ermənilər orada ən yüksək şəraitdə yaşayırdılar. O dövrün yaşlı erməniləri səmimi olsalar bu faktları dilə gətirib danışarlar. İndiki ağır şəraitləri ilə o dövrdəki yaşayışlarını müqayisə edib nəticə çıxararlar”.

Elman Məmmədova görə ermənilərin hüquqları Azərbaycanda heç vaxt pozulmayıb:

“Əksinə olaraq azərbaycanlıların Xankəndi və ətraflarda hüquqları pozulurdu. Hətta Bakıda ali təhsil almağa gələn tələbələr o vaxt ermənilərin evlərində kirayədə qalırdılar. Maraqlısı isə odur ki, Bakıda ermənilərin hüquqları necə pozulurmuş ki, onlar burada mal-mülk sahibi idilər... Ona görə də, ermənilərin Bakıda və Azərbaycanda hüquqları heç vaxt pozulmayıb. İndi də Azərbaycan Prezidenti tərəfindən Qarabağda yaşayan ermənilərə dinc şəraitdə yaşayacaqları şəiaitdə digər ölkə vətəndaşları ilə bərabər hüquqlar təklif edilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər