8 İyul 2023 21:06
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın dünya ölkələri ilə əlaqələri uğurla inkişaf edir. Bir çox dövlətlər Cənubi Qafqazın lideri olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Belə dövlətlərdən biri də Albaniyadır. Azərbaycan ilə Albaniya arasında münasibətlər son illər dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Albaniya Prezidenti Bayram Beqayın ölkəmizə rəsmi səfəri də bu faktı təsdiqləyir”.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə iki ölkə arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Albaniya Prezidenti isə deyib ki, son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib.

Millət vəkilinin sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə qeyd edib: “Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi”.

Sevinc Fətəliyeva qeyd edib ki, iki ölkə arasında enerji sahəsində fəal əməkdaşlıq davam edir. Prezident Bayram Beqayın dediyi kimi, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır: “TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək”.

“Ümumiyyətlə, hər iki ölkə arasında digər sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Albaniya Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri isə əlaqələrimizin inkişafına təkan verəcək”,-deyə deputat vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı