Türkiyə Prezidenti Ərdoğan həmişə ölçülü-biçili danışan bir adamdır. NATO Sammitində Onun Qarabağda olan sülhməramlılarla bağlı səsləndirdiyi fikir olduqca önəmlidir. Eyini zamanda Ərdoğanın Ermənistanla Azərbaycan arasında sülh müstəvisində konkret vaxtdan bəhs etməsi qarşı tərəfdə böyük qorxuya səbəb olub. Sülh sazişinin imzalanması ilə bağlı Ərdoğanın tələbi olduqca ciddidir. Bu mənada Azərbaycanın maraqlarının qorunması naminə Türkiyə Prezidentinin ortaya qoyduğu mövqe qürurvericidir.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, Ərdoğanın bu məsələni gündəmə gətirməsi bütün tərəflərə açıq mesajdır:
“Bu, sözsüz ki, xüsusi olaraq Rusiyaya edilən xəbərdarlıqdır. Rus sülhməramlılarının Qarabağdan çıxması ilə bağlı Ərdoğanın səsləndirmiş olduğu mövqe indiki halda gündəmi tamam dəyişmiş oldu”.
Politoloq İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin İranla münasibətlərə təsirinə də toxunub:
“Sözsüz Azərbaycan-İsrail məsələsinin İranla olan münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu, İranın öz narahatlığı ilə bağlıdır. Bu da bizim üçün önəm kəsb etmir. Çünki hər bir dövlət özünün milli maraqlarına uyğun hərəkət edir. Azərbaycan başqa dövlətlərə öz davranışları ilə bağlı qadağa qoymursa, kimsə də bunu bizim ölkəmizə qarşı edə bilməz. Ona görə də, İranın bu məsələni gündəmə gətirməsi orada dövlətin olmadığını göstərir”.
Cümşüd Nuriyev hesab edir ki, bu gün dünyada ən güclü müdafiə silahları İsrailə məxsusdur:
“Azərbaycan da bu istiqamətdə İsraillə sıx əməkdaşlıq edir. Sözsüz ki, İsrailin müdafiə nazirinin Bakıya səfəri də qarşılıqlı olaraq razılaşdırılmış bir prosesdir. Bu gün İrandan fərqli olaraq Rusiya ilə Azərbaycan arasında bir soyuqluq yaşanır. Amma bu ölkə rəsmilərinin açıqlamasına baxmayaraq onların burada addım atmaq imkanları yoxdur. Rusiya sadəcə olaraq Ukraynadakı uğursuzluğunu Azərbaycanla qapatmaq istəyir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarava isə hələ nə Rusiya, nə də Putindir. Onun erməni meyilliliyini hamı bilir. Sergey Lavrov erməni kökənli olduğu üçün Zaxarova da eyni istiqamətdə gedir”.