Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan görüşlə bağlı müsbət açıqlamalar var. Bununla bağlı görüşün təşkilatçısı, Avropa İttifaqının Prezidenti Şarl Mişel məlumat verib. Necə düşünürsünüz, tərəflər arasında 6-cı dəfə baş tutmuş bu görüş prosesi sülhə nə dərəcədə yaxınlaşdıra bilər?
- Avropa İttifaqının siyasi məsələlər üçün əsas danışıqlar meydanı olması adi bir yanaşmadır. Çünki siyasi məsələlərin həllində bu təşkilatın potensialı yoxdur. Bu məsələdə Vaşinqton formatında keçən müzakirələri daha əlverişli hesab etmək olar. Dövlət başçılarının görüşləri adətən daha yaxşı şəkildə hazırlanmalıdır ki, onlar artıq həll olunmamış məsələləri həll etsin. Vaşinqtonda adətən xarici işlər nazirlərinin görüşləri baş tutur və onlar dövlət başçılarının gələcəkdə ehtimal olunan görüşünü hazırlayır. Bu istiqamətdə müzakirələr aparılırr. Nəhayət uzun müddətli danışıqlar və hazırlıqdan sonra bu cür məsələlərin həlli mümkün olur. Ona görə də, Brüssel formatı daha çox onların öncədən müəyyən etdiyi mövqeyə uyğun olan mövzuların müzakirəsi ilə yadda qalır.
- Sizcə, Brüsseldə tərəflər daha çox hansı istiqamətlərdə müzakirə aparır?
- Burada daha çox kommunikasiyaların bərpası məsələləri müzakirə olunur. Avropa İttifaqının maliyyə imkanları bunu təşviq edir. Azərbaycandan Naxçıvana gedən dəhlizin, yəni Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin bərpası və yenidən qurulmasına başlıca zəmin olar bilər. Eyni zamanda burada Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və digər məsələlərin həllinə onların ambissiyaları imkan verməz.
- 1991-ci ilin Almatı Bəyanatına istinadən sərhədlərin dəqiqləşməsi ilə bağlı razılığın olduğu açıqlandı. Bu məsələdə hansı prinsiplər əsas götürülüb?
- Burada söhbət sərhəd xəttindən deyil, prinsiplərdən gedir. Ermənistanın müxtəlif dövrlərdə sərhədlərlə bağlı səsləndirdiyi fikirlər problemlər yaratmışdı. Çünki 1991-ci ilin razılaşmasını əsas götürmək mümkün olmamışdı. Amma Almatı sənədlərinə istinad buradakı prinsipləri təşviq edir. Bu da tərəflərə keçmiş sovet dövründə olan sərhədlər daxilində məsələni həll etməyə imkan yaradır. Amma Ermənistanın bu məsələdə mövqeyi elə də real deyil. Yəni, Paşinyan vaxtilə Münxen konfransında “əfsanəvi” Tiqrandan, Partiya çarı vaxtında Ermənistanın xəyalı sərhədlərindən danışırdı. Görünən o idi ki, erməni tərəfi qeyri-dəqiq məfhumları prosesə qatmaqla uydurma sərhədlər iddiası ilə çıxş edirdi. Ona görə də, Almatı sənədləri onların istəklərini aşağı endirmiş olur. Bu da o deməkdir ki, sovet dövründə iki ölkə arasında olan sərhəd əsas götürülə bilər.
- Erməni tərəfinin Almatı razılaşmasına sona kimi istinad edəcəyini necə proqnoz etmək olar?
- Bunu qəbul ediblər. Hətta Gürcüstan və Türkiyə ilə bu sərhədləri qəbul ediblər. Amma Azərbaycanla problem həll edilməyib. Çünki ondan qabaq bəyanatlar veriblər. Bu da Azərbaycan ərazisinə iddia, Qarabağı özlərinə ilhaq etməklə bağlı idi. Ona görə də, Paşinyan 1975-ci ilin xəritələrini gündəmə gətirib. Sözsüz ki, Azərbaycan keçmiş sovet dövrünün hansı ilinin xəritələri üzərində iş aparılması ilə bağlı konkret mövqeyini açıqlamayıb. Eyni zamanda 1975-ci ilin xəritələri də Azərbaycan tərəfindən qəbul edilməyib. Məhz Şarl Mişelin açıqlaması Almatı razılaşmasında olan prinsiplərə istinad edir. Burada digər ölkələr keçmiş sovetlərin xəritələri ilə sərhədlərini müəyyən edib. Amma bu, Ermənistana aid deyil. Bu gün də Ermənistan Konstitusiyası 1991-ci sənədlərinə istinaddan imtina edir.
- Son dövrlər Azərbaycanla Rusiya arasındakı gərginlik qarşılıqlı olaraq bəyanatlarla müşahidə edilir. İndiki mərhələdə bu gərginliyə səbəb nə oldu və bu, hansı səviyyəyə qədər inkişaf edəcək?
- Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı sonuncu və yumşaq desək, qəribə bəyanatı “Kreml qüllələri”nin hakimiyyət uğrunda mübarizəyə Putindən sonrakı dövrdə başladığına daha bir sübut ola bilər. Bu qondarma bəyanatda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və prezident Vladimir Putinin bununla bağlı bəyanatlarının açıq-aşkar təhrif xətti var. Əslində, bu hal Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır. Baş verənlər bu məntiqi nəticəyə gəlməyi nəzərdə tutur ki, ya Putin özü mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik “kazuistiya”nın tərkib hissəsi kimi xarici və daxili oyunçulara iqtidar tacını qoyanın necə olacağı barədə mesaj verməyə çalışır.
Görünən isə odur ki, o, Türkiyə-Azərbaycan tandeminə qarşı çıxış edəcək. Amma Lavrov da başa düşür ki, Ərdoğan-Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də, Lavrovun “kabinetində” uydurulmuş, utancaq, sakit və məntiqsiz mətn onun “Putinin Priqojindən sonrakı Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutlarından biri hesab edilir. Çünki burada Patruşev-Salivan xətti üzrə təmaslar diqqətdən yayınmır. İndi az qala rəsmi olaraq Putinin ehtimal varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyunlarına başlamağa məcbur edən qıcıqlandırıcı amil oldu. Bu baxımdan da məsləhət odur ki, yaxşı, popkorn yığın və özünüz üçün “fürsət pəncərəsi”ni gözləyin. Görünən odur ki, rus sülhməramıları 10 Noyabr Bəyanatında müəyyən edilmiş vaxtdan əvvəl ərazilərimizi tərk etməli olacaq.